Home Gündəm Türk dünyasında etibarlı əməkdaşlıq mühitinə töhfə

Türk dünyasında etibarlı əməkdaşlıq mühitinə töhfə

825
0
SHARE

Azərbaycan-Türkiyə-Türkmənistan dövlət başçılarının ilk dəfə keçirilən zirvə görüşü bütövlükdə
Türk dünyası çərçivəsində əməkdaşlığın yeni mərhələsi deməkdir. Keçirilən görüşlərdə etibarlı əməkdaşlığın obyektiv əsasları bir daha müəyyənləşdi. Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlərlə sıx bağlıdır. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. Strateji müttəfiqlik səviyyəsində olan siyasi əlaqələr isə getdikcə dərinləşir. Azərbaycan həm Türkiyə, həm də Türkmənistanla yüksək səviyyəli siyasi əlaqələr qurub.
İstər ötən il imzalanan Şuşa Bəyannaməsi, istərsə
də 2017-ci ildə Türkmənistanla imzalanan strateji tərəfdaşlıq haqqında Bəyannamə əlaqələrin dərinləşməsinə töhfə verir. Ölkələrimiz bütün beynəlxalq platformalarda da bir-birini dəstəkləyir. Bu dəstək bundan sonra da davam edəcək.
Tərəflər arasında iqtisadi əməkdaşlığın inkişaf dinamikası da dərinləşməkdədir.
Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılıb. Bu il Türkmənistanla ticarət dövriyyəsi isə 5 dəfə artıb. Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində də uğurlu nəticələr əldə edib.
Azərbaycan önəmli tranzit ölkəsi kimi həm də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır.
Təsadüfi deyil ki, Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi də artmaqdadır. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə nəticəsində formalaşan yeni reallıqlardan biri də Zəngəzur dəhlizidir ki, məhz bu dəhliz gələcək əməkdaşlıq üçün daha böyük perspektivlər açır.
Səfər çərçivəsində imzalanmış Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri isə yeni mərhələdə yeni inkişaf üçün baza rolunu oynayacaq. Bütövlükdə ilk dəfə keçirilən üçtərəfli zirvə görüşü ölkələr arasında geosiyasi və geoiqtisadi münasibətlər baxımından əhəmiyyət kəsb edir.

Könül Nurullayeva Millət vəkili