Home Gündəm Böyük layihələrin icra olunması Böyük Qayıdışın başlanğıcıdır

Böyük layihələrin icra olunması Böyük Qayıdışın başlanğıcıdır

179
0
SHARE
İlham Məmmədov

Azərbaycan 44 günlük Vətən müharibəsində şanlı tarixi Qələbə qazandıqdan sonra, dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi işğaldan azad olunmuş əzəli torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir və böyük infrastruktur layihələr icra olunur. Təbii ki, bu proseslərin icra olunması ilk növbədə 30 ilə yaxın müddətdə öz dədə-baba torpaqlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş vətəndaşlarımızın öz yurdlarına tez bir zamanda Böyük Qayıdışını təmin etməkdir. Ölkə Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik daxili və xarici siyasəti ilə bugün Azərbaycan dünyanın qüdrətli dövlətləri siyahısında qərarlaşıb. İşğaldan azad olunan ərazilərin bərpası, dirçəldilməsi və yenidənqurulması məqsədilə dövlət başçısı tərəfindən xüsusi Dövlət Proqramları qəbul edilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli 2303 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı yaradılmışdır. Sərəncama əsasən, Əlaqələndirmə Qərargahının nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi, həmçinin analitik-təşkilati dəstək göstərilməsi üçün İdarələrarası Mərkəz formalaşdırılmışdır. Bu sahədə işin təşkili məqsədilə Əlaqələndirmə Qərargahının nəzdində müxtəlif dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət və işğaldan azad edilmiş ərazilərin bərpası, habelə yenidən qurulması üzrə məsələlərin operativ həlli məqsədilə işçi qruplar fəaliyyətə başlamışdır. Ümumiyətlə, işğaldan azad olunmuş ərazilərin bərpası Prezident İlham Əlyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapmışdır. Bu məsələnin növbəti illərdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri olaraq müəyyən edilməsi ölkə rəhbərliyinin məsələyə böyük əhəmiyyət verdiyini təsdiqləyir. Məlumdur ki, işğal müddətində-30 il ərzində erməni təcavüzkarları yaşayış və ictimai binaları, bütün infrastrukturu, maddi və mədəni abidələri dağıtmış, yeraltı sərvətlərimizi vəhşicəsinə talan etmişlər. Ona görə də, işğaldan azad olunmuş ərazilərdə normal həyatın qaytarılması və iqtisadi inkişafın bərpa olunması böyük maliyyə vəsaiti tələb edir. Əlbəttə, dövlət büdcəsindən vəsait ayrılmışdır, bununla belə, büdcədənkənar vəsaitlərin bu prosesə cəlb olunması böyük əhəmiyyət daşıyır və beynəlxalq maliyyə institutlarının, yerli və xarici investorların və kommersiya banklarının bərpa işlərinə cəlb olunması vacibdir. Zəngilanda “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələrinin icra edilməsi, azad olunmuş ərazilərdə bərpa işləri istiqamətində atılan ilk addımlardan biri və eyni zamanda, Böyük Qayıdışın başlanğıcı oldu.Hazırda işğaldan azad olunmuş ərazilərdə icra olunan infrastruktur layihələr dayanmadan genişlənir. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi:- Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq. Vətən müharibəsində şanlı Qələbəmizin əsas memarı olan Zəfər Sərkərdəmiz cənab İlham Əliyev işğaldan azad olunan ərazilərdə başlanan bərpa işlərini də şəxsi nəzarətində saxlayır. Prezident İlham Əliyev postmüharibə mərhələsində Onun iştirakı ilə keçirilən əksər tədbirlərdə Qarabağ bölgəsində başlanan və yaxud nəzərdə tutulan bərpa işlərinə diqqət çəkir, bu istiqamətdə müvafiq tapşırıqlar verir. Sevindirici hal ondan ibarətdir ki, biz möhtərəm Prezident cənab İlham Əliyevin ali rəhbərliyi ilə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu sarsılmaz gücümüzlə bütün dünyaya sübut etdik. Hər birimiz əmin olmalıyıq ki, hazırda doğma ərazilərimizdə həyata keçirilən böyük layihələr, sürətli şəkildə aparılan quruculuq işləri yaxın gələcəkdə vətəndaşlarımızın yurdumuza tam qayıdışını, bir sözlə firavan gələcəyimizi təmin edir.