Home Gündəm Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır

Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır

390
0
SHARE

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük vətən müharibəsində əldə etdiyi şanlı qələbədən sonra regionda yeni reallıqlar yarandı, Azərbaycanın qarşısında yeni üfüqlər açılmağa başladı.

Qarabağın düşmən tapdağından azad edilməsi xalqımızı tarixi torpaqlarına dahada yaxınlaşdırdı. Bildiyimiz kimi Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır. Orada qədim dövrlərdə heç vaxt ermənilər yaşamayıb. Qərbi Azərbaycan Oğuz yurdu olub. Ata-babalarımızın yaşadığı yer olub. Dövlət başçısı, cənab prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə Qərbi Azərbaycanın, İrəvanın, Zəngəzurun və Göyçənin tarixi Azərbaycan torpaqları olduğunu vurğulayıb. Təssüf ki, tarixi ədalətsizliklər üzündən biz bu torpaqları itirməli olmuşuq. Ancaq yeni reallıqlar bizə tarixi torpaqlarımıza qayıdacağımız günün uzaqda olmadığını deyir.

Ölkə rəhbərliyi tərəfindən keçən əsrin ortalarında və sonlarında Qərbi Azərbaycandan deportasiya olunan Azərbaycanlılara qarşı xüsusi diqqət və qayğı göstərilir. Onların təşkilatlanması istiqamətində də addımlar atılır. Prezident İlham Əliyev ötən gün Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə böyük qayıdışın anonsunu verdi. Dövlət başçısı Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışı ilə bağlı mühüm mesajlar səsləndirdi, tarixi həqiqətləri bir daha diqqətə çatdıraraq Qərbi Azərbaycan İcmasının qarşısında xüsusi tapşırıqlar qoydu:

“Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”.

Ali Baş Komandanın qeyd etdiyi kimi, məcburi köçkünlərimizin öz torpaqlarına qayıtmaları ilə bağlı ümummilli arzularımız necə reallığa çevrildisə, çox çəkmədən İrəvana, Göyçəyə, Zəngəzura qayıdış arzularımız da gerçək olacaq. Əlbəttə, bunu təmin edəcək qüdrətli liderimiz, müzəffər sərkərdəmiz və güclü ordumuz var. Lakin bu işdə hər bir Azərbaycan vətəndaşının üzərinə böyük məsuliyyət düşür. İlk növbədə Qərbi Azərbaycan həqiqətlərini, o torpaqların azərbaycanlılara məxsus olmasını, ermənilərin soydaşlarımıza qarşı törətdiyi cinayətləri və digər faktları dünya ictimaiyyətinin diqqətinə çatdırmalı, bu istiqamətdə aktiv iş aparmalıyıq.

Prezident İlham Əliyev eyni zamanda Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə də tanış olub. Əvvəllər Bakıda Şuşa Şəhər İcra Hakimiyyətinin və “Qarabağa dönüş” İctimai Birliyinin yerləşdiyi bina İcmanın istifadəsinə verildikdən sonra təmir edilib və zəruri avadanlıqlarla təchiz olunub. Ümumi sahəsi 1280 kvadratmetr olan dördmərtəbəli binada 23 iş otağı, iclas və konfrans zalları, habelə müxtəlif yardımçı otaqlar mövcuddur. Binada Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın fəaliyyətlərini, habelə Qərbi Azərbaycandan olan görkəmli ziyalılar barədə məlumatları əks etdirən fotostendlər, Qərbi Azərbaycan abidələrinə dair tablolar, 5 arxiv xəritəsi, Ulu Öndərin və Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı nitqlərini əks etdirən videomateriallar nümayiş olunur. Binada, həmçinin Qərbi Azərbaycandan olan elm adamlarının və ədiblərin bu yerlə bağlı elmi, bədii və publisistik əsərləri sərgilənir.

İlham Məmmədov,
Milli Məclisin deputatı