Home Gündəm Prezidentin BƏƏ səfəri siyasi və iqtisadi baxımdan yeni imkanlar açır

Prezidentin BƏƏ səfəri siyasi və iqtisadi baxımdan yeni imkanlar açır

1167
0
SHARE

Əbu-Dabi Dayanıqlılıq Həftəsi enerji ölkəsi kimi Azərbaycana marağın artdığını bir daha təsdiqlədi. Dövlət başçımızın da qeyd etdiyi kimi, bizim bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Burada ilk növbədə nəhəng potensialdan söhbət gedir. Digər tərəfdən, bu potensial hesabına ixracın şaxələndirilməsi da davam edəcək.


Enerji potensialına gəlincə, dövlət başçımız bir daha xatırlatdı ki, quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Bu səbəbdən kifayət qədər ixrac marşrutlarına ehtiyac var. “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma da gələcək üçün yaxşı imkanlar açır. “Masdar” ilə qurulan əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcək.


Ümumiyyətlə, alternativ enerji sektorunun inkişafı Azərbaycanda sahibkarlığın inkişafı, eyni zamanda məşğulluq səviyyəsinin yüksəlməsi baxımından əhəmiyyətlidir. Mütəxəssislər alternativ enerji sektorunu əmək tutumu yüksək olan bir sektor kimi və məşğulluğun artırılması baxımından əhəmiyyətli sahə hesab edirlər. Bu mənada, hər yeni əməkdaşlıq layihəsi ölkə iqtisadiyyatının inkişafı üçün təkan kimi qiymətləndirilməlidir.
Beləliklə, Prezident İlham Əliyevin dayanıqlı inkişafı sürətləndirmək və iqtisadi, sosial və ekoloji tərəqqiyə nail olmaq təşəbbüsünü özündə əks etdirən Dayanıqlılıq Həftəsində iştirakı

Azərbaycanın yaşıl enerji imkanlarını dəyərləndirilməsi baxımından olduqca vacibdir. Beynəlxalq proqnozlara görə, gələcəkdə alternativ enerjiyə tələbat daha da artacaq.
Belə ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) proqnozuna görə, növbəti 10 ildə bərpa olunan enerji sektoruna hər il orta hesabla 440 milyard dollar investisiya qoyuluşu nəzərdə tutulur.
Ümumilikdə, proqnozlarda da qeyd olunur ki, 2025-ci ildə elektrik enerjisi istehsalının artım gücünün 95%-i bərpa olunan enerji mənbələrinin payına düşəcək.
Görünən budur ki, Azərbaycanın bərpaolunan enerji potensialına dünyanın böyük şirkətləri tərəfindən böyük maraq var. Təbii ki, bu da müxtəlif səbəblərlə bağlıdır. Həm ölkəmizdə sabitlik, həm iqtisadi inkişafla bağlı dünyada çox müsbət fikirlər var. Ən əsası, siyasətin proqnozlaşdırılması və eyni zamanda, güclü sənaye potensialı, iqtisadi müstəqillik, enerji təhlükəsizliyinin təmin edilməsi və hazırlıqlı kadr potensialı cəlbediciliyi daha da artırır.

Deputat Könül Nurullayeva