Home Gündəm Novruz bayramı-Qədim və milli ənənəmizin simvolu.

Novruz bayramı-Qədim və milli ənənəmizin simvolu.

113
0
SHARE
İlham Məmmədov

Azərbaycan xalqının qədim tarixi,zəngin mədəniyyəti, böyük adət-ənənələri və əsrlərdir qeyd edilən milli bayramları vardır. Novruz bayramı da məhz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən böyük mədəniyyət hadisəsidir. Novruzun tərkibi quruluşca mürəkkəb, məzmunca dərin və geniş əhatəlidir. Müasir dövrümüz üçün bu bir milli bayramdır. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, digər türk dövlətlərində və bir çox qonşu ölkələrdə Novruz Bahar bayramı kimi qeyd olunmaqdadır. “Novruz” – hərfi mənada yeni gün deməkdir. Amma, ifadə etdiyi mərasim semantikasına görə keçidin bitməsi və yeni nizamın başlanğıcıdır. Sovet dövrünün ilk onilliklərində Novruz bayramına müəyyən qadağalar qoyulmuşdu. Hökumət orqanları bu bayramın rəsmi səviyyədə keçirilməsinə icazə vermir, buna təşəbbüs göstərən vətənpərvər insanlar isə təqiblərlə üzləşirdi. Bununla belə, əsrlərdən qalmış ənənələrə sadiq qalaraq, hər bir azərbaycanlı ailəsində bu bayram ilin ən əziz günləri kimi qeyd olunurdu. Rəsmi tədbirlərdə, radio və televiziya verilişlərində Novruz bayramının adını dəyişdirib, gah “Bahar” bayramı, gah da yaz-tarla işlərinin başlanğıcı hesab etsələr də, xalq öz Novruzunu məhəbbətlə qarşılayıb ehtiramla keçirirdi. Novruz bayramının rəsmi səviyyədə qeyd edilməsi təşəbbüsləri əvvəllər də olmuşdu. Novruz bayramı üzərindəki qadağaların ortadan götürülməsi üçün bir sıra ziyalılarımız fədakarcasına çalışmışdılar. Lakin məhz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə bu məqsədin həyata keçməsi mümkün oldu. Bu bayram sadəcə mərasim kimi deyil, məhz milli mənəvi dəyərlərin əhəmiyyətli bir hissəsi olaraq yenidən öz mahiyyətinə qovuşdu. Novruza olan bütün qadağalar ortadan götürüldü. Məhz ulu öndərin diqqət və qayğısı sayəsində Novruz bayramı günlərində Bakı küçələrində insanlar kütləvi şənliklərə başladılar. Ümummilli Lider Heydər Əliyevin Novruz bayramı ərəfəsində söylədiyi kəlamlar bu gün həqiqətə çevrilib.Dahi şəxsiyyət deyirdi:- “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ali rəhbərliyi altında yenilməz Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində düşməni məhv etdi və doğma dədə-baba yurdumuza-Qarabağa Böyük Qayıdış başlandı. Postmüharibə dövründə cənab Prezident Şuşada və Suqovuşanda bayram tonqalları alovlandıraraq xalqımızı təbrik etmişdir. Bu bir da onu göstərdi ki, Dahi Heydər Əliyevin ideyalarının əbədi olaraq yaşaması öz əyani təsdiqini tapdı. Prezident İlham Əliyev 2004-cü ildən qeyd edirdi ki, biz Novruzu öz doğma torpaqlarımızda keçirəcəyik. Həqiqətən də bu möhtəşəm hadisədir. İftixar hissi ilə vurğulayırıq ki, Azərbaycan xalqı əbədi olaraq öz bayramını, adət-ənənələrini işğaldan azad olunan doğma ərazisində qeyd edəcəkdir. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin ali rəhbərliyi altında müstəqil Azərbaycan dövləti tarixinin ən böyük yüksəliş dövrünü yaşayır və xalqımız xoşbəxt gələcəyə doğru İnamla, İlhamla addımlayır!