Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Almaniyanın “Deutsche Welle” qəzetində yayımlanmış müsahibədə Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının rəhbəri Markus Ritterin “Azərbaycanın yaz aylarında hücuma hazırlaşdığının Ermənistan tərəfindən iddia edildiyi”, “belə bir hücum olmayacağı təqdirdə, bunun Aİ missiyasının uğuru olacağı” barədə fikirlərini şərh edib.
TAN.AZ xəbər verir ki, A.Hacızadə bununla bağlı deyib: “Aİ missiyası rəhbərinin Ermənistan tərəfinin yalan və böhtan dolu iddialarını əsas tutaraq, guya Azərbaycanın hər hansı bir hücuma hazırlaşdığı barədə fikirlər səsləndirməsini, Aİ missiyasının əsas vəzifəsinin “Ermənistanı Azərbaycandan qorumaq” kimi təqdim etməsini qətiyyətlə qınayırıq.
Bu missiyanın Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xələl gətirmək məqsədilə sui-istifadə edilməsinə imkan verilməməsinin zəruriliyi tərəfimizdən dəfələrlə vurğulanıb.
Aİ missiyasının Ermənistanda yerləşməsinin müvafiq qaydada Azərbaycanın legitim maraqlarını nəzərə alması, habelə Aİ tərəfindən bu missiyanın fəaliyyətinin qarşılıqlı inam və etimadı sarsıtmayacaq şəkildə həyata keçirilməsi təmin edilməlidir.
Ermənistan tərəfinin Aİ missiyasının mövcudluğundan vəziyyəti daha da gərginləşdirmək və öz öhdəliklərindən boyun qaçırmaq məqsədilə sui-istifadə etməsinə imkan yaratmamalıdır.
Aİ missiyası yalan və böhtan dolu iddialara yer verməməli və mandatına uyğun fəaliyyət göstərməlidir”.