Home Gündəm Bakıda Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyi qeyd olunub

Bakıda Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyi qeyd olunub

133
0
SHARE

İyunun 16-da Bakıda Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

TAN.AZ xəbər verir ki, Belarusun Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət və hökumət rəsmiləri, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycanın və Belarusun Dövlət himnləri səsləndirilib.

Belarusun ölkəmizdəki səfiri Andrey Ravkov bildirib ki, Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Dünya səviyyəli dahi şəxsiyyət Heydər Əliyevin ölkələrimiz arasında diplomatik münasibətlərin, strateji əməkdaşlıq əlaqələrinin əsasının qoyulmasında böyük rolu olub. Azərbaycan-Belarus əlaqələri qarşılıqlı səmərəli əməkdaşlıq üzərində qurulub: “Biz həmişə Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir və onun dəstəyinə arxalanırıq. İnanırıq ki, əlaqələrimiz bundan sonra da inkişaf edəcək və dərinləşəcək”.

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov Azərbaycan-Belarus əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edib. Bildirib ki, 1993-cü ildə yenidən hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlət siyasətinin yeni prinsiplər əsasında qurulmasına nail oldu və təbii olaraq Belarusla münasibətlərdə də dönüş yarandı.

Vurğulanıb ki, Ulu Öndərin 100 illiyinin Minsk şəhərində də qeyd edilməsi Belarus xalqının və dövlətinin ehtiramını ifadə edir.

Belarus xalqını milli bayram və Azərbaycanla diplomatik əlaqələrin 30 illiyi münasibətilə təbrik edən Baş nazirin müavini bildirib ki, Ulu Öndərin əsasını qoyduğu bu siyasət hazırda Azərbaycan və Belarusun dövlət başçıları tərəfindən uğurla davam etdirilir. “Ölkələrimiz arasında siyasi dialoq mövcuddur. Təhlükəsizlik, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq edən Azərbaycan və Belarus siyasi və beynəlxalq arenada bir-birini dəstəkləyirlər”, – deyə Əli Əhmədov əlavə edib.

Əlaqələrimizin dərinləşməsində hökumətlərarası və humanitar komissiyaların rolunu qeyd edən Baş nazirin müavini iki ölkə arasında münasibətlərin regional müstəvidə də uğurla davam etdirildiyini diqqətə çatdırıb.

“Ölkələrimiz arasında qarşılıqlı etimada və dostluğa əsaslanan əlaqələrin inkişaf dinamikası davam edir. Münasibətlərimiz milli maraqlara uyğun gəlir. İnanırıq ki, əlaqələrimiz bundan sonra da inkişaf edəcək və dərinləşəcək”, – deyə Əli Əhmədov vurğulayıb.