Ermənistan tərəfindən səsləndirilən və Azərbaycanın suverenliyini hədəf alan bu tipli fikirlər, habelə bölgədə törədilən hərbi təxribatlar bu ölkənin “sülhün bərqərar olması üçün hər cür səy göstərən” tərəf olduğuna dair bəyanatlarının səmimiyyətdən uzaq olduğunu göstərir.
TAN.AZ xəbər verir ki, bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin iyunun 22-dəki iclasında səsləndirdiyi, Azərbaycanın Laçın yolunda guya Beynəlxalq Ədalət Məhkəməsinin qərarına zidd olaraq “qeyri-qanuni blokada” tətbiq etməsinə dair fikirlərinə şərhində yer alıb.
“Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni əsilli sakinləri ilə dialoqunda “beynəlxalq mexanizm”in tətbiq olunmasına və bu çərçivədə erməni əsilli sakinlərin “hüquqları və təhlükəsizliyi” məsələlərinin həll edilməsinə dair çağırışlarla bağlı bir daha vurğulayaq ki, erməni əsilli sakinlərlə dialoq, habelə Azərbaycan ərazisində Azərbaycan qanunları çərçivəsində yaşayan şəxslərin hüquq və azadlıqlarının təmin olunması məsələsi Azərbaycanın daxili işidir. Azərbaycan erməni sakinlərinin reinteqrasiyası istiqamətində müvafiq zəruri tədbirlər həyata keçirməkdə qərarlıdır, bu və digər məsələlərin müzakirəsi məqsədilə erməni sakinlərə ünvanlanmış dəvət hələ də qüvvədədir.
Ermənistanın qeyd edilən məsələdən ənənəvi təcavüz siyasətinin bir elementi kimi manipulyasiya məqsədilə istifadəsi və sülh prosesinə maneçilik törətməsi qəbuledilməzdir”, – deyə XİN-in şərhində vurğulanıb.