Home Gündəm NATO-nun mənzil-qərargahında Silahlı Qüvvələr Günü və Ulu Öndərin yubileyi ilə bağlı tədbirlər...

NATO-nun mənzil-qərargahında Silahlı Qüvvələr Günü və Ulu Öndərin yubileyi ilə bağlı tədbirlər keçirilib

78
0
SHARE

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105 və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyləri münasibətilə ölkəmizin NATO yanında nümayəndəliyi tərəfindən Alyansın Brüssel şəhərində yerləşən mənzil-qərargahında rəsmi qəbul və fotosərgi təşkil olunub.

TAN.AZ xəbər verir ki, tədbirdə NATO Baş katibinin köməkçiləri, NATO-nun üzv və tərəfdaş ölkələrinin Alyans yanındakı səfirləri, hərbi nümayəndələri, diplomatik korpusun üzvləri, NATO-nun Beynəlxalq Qərargahının və Beynəlxalq Hərbi Qərargahının üzvləri, Alyansın Müttəfiq Qüvvələrinin Avropadakı Ali Baş Qərargahının (SHAPE), eləcə də NATO-nun Dəstək və Təchizat Agentliyinin yüksək vəzifəli rəsmiləri iştirak ediblər.

Azərbaycanın NATO yanındakı nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə və Silahlı Qüvvələrin Alyansın Hərbi Komitəsi yanında hərbi nümayəndəsi polkovnik Ağaverdi Quliyev Silahlı Qüvvələrimizin yaranması və inkişaf yolu, həmçinin NATO ilə tərəfdaşlıq münasibətlərindən danışıblar. Çıxışlar əsnasında Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğunda və Alyansla əməkdaşlığın inkişafında tarixi xidmətləri barədə qonaqlara məlumat verilib. Ulu Öndərin uzaqgörən siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycanın regionda ən güclü ordulardan birinə malik olduğu, 2020-ci il Vətən müharibəsi nəticəsində ordumuzun Zəfər qazanmasının və ərazi bütövlüyümüzün bərpasının bunu ən bariz şəkildə nümayiş etdirdiyi diqqətə çatdırılıb. Həmçinin ölkəmizin Alyansla çoxşaxəli tərəfdaşlığı, son olaraq Əfqanıstandakı əməliyyat da daxil olmaqla, NATO-nun iştirak etdiyi sülhməramlı əməliyyatlar çərçivəsində fəaliyyətləri və Avropanın enerji təhlükəsizliyinə töhfələri qeyd edilib.

NATO tərəfindən əsas natiq qismində Alyansın ali hərbi strukturu olan Hərbi Komitənin sədr müavini general-leytenant Lans Landrum çıxış edib. NATO rəsmisi Azərbaycanın Alyansın uzun illərdən bəri əməkdaşlıq etdiyi etibarlı tərəfdaş ölkə olduğunu bildirib. O, ölkəmizin həm siyasi dialoq, həm hərbi-praktiki tərəfdaşlıq və hərbi uyğunluğun gücləndirilməsi çərçivəsində NATO ilə münasibətlər baxımından öncül yerdə olduğunu qeyd edib.

General Landrum müttəfiq dövlətlərin Azərbaycanın Alyansın sülhməramlı əməliyyatlarına, xüsusilə Əfqanıstanda Kabil Beynəlxalq Hava Limanından kritik təxliyə fəaliyyətlərinə dəstəyini və töhfələrini yüksək qiymətləndirdiyini bildirib.

O, çıxışında Azərbaycanla NATO arasında bir sıra istiqamətlərdə, o cümlədən enerji təhlükəsizliyi üzrə dialoq məsələsində əməkdaşlıq imkanlarına da diqqət çəkib.