Home Gündəm Belçikalı parlamentari postmünaqişə dövründə regionda yaranan reallıqlar barədə məlumatlandırılıb

Belçikalı parlamentari postmünaqişə dövründə regionda yaranan reallıqlar barədə məlumatlandırılıb

71
0
SHARE

İyulun 3-də Milli Məclisdə olan Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının üzvü Mixael Frelix bir qrup deputatla görüşüb.

Azərbaycan parlamentinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Milli Məclisin Belçika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamal Cəfərov Azərbaycanın Avropa dövlətləri ilə, o cümlədən Belçika Krallığı ilə əlaqələrin inkişafında maraqlı olduğunu deyib. Kamal Cəfərov hər iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşərək parlamentlərdə fəaliyyət göstərən dostluq qruplarının qarşılıqlı əməkdaşlığın genişləndirilməsindəki rolundan danışıb.

Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbə qazanmaqla torpaqlarını Ermənistanın 30 illik işğalından azad etməsindən söz açan deputat bölgədə dayanıqlı sülhün bərqərar olması üçün atılan addımlar barədə məlumat verib. Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə malik olduğunu diqqətə çatdıran Kamal Cəfərov ölkəmizdə müxtəlif millətlərin və dinlərin nümayəndələrinin dinc, yanaşı yaşadıqlarını bildirib.

Belçika Federal Parlamentinin deputatı Mixael Frelix özünün yəhudi olduğunu və Azərbaycanda yəhudi deputatın da təmsil olunduğu parlament heyəti ilə görüşündən məmnunluq duyduğunu ifadə edib. Onun fikrincə, bu, bütün dinlərə yüksək səviyyədə hörmət olunan açıq və tolerant cəmiyyətin bariz nümunəsidir. Söhbətdə qonaq enerji, ticarət və multikulturalizm sahələri də daxil olmaqla, qarşılıqlı və ümumi maraqlara əsaslanan ikitərəfli əlaqələri gücləndirməyə çağırıb.

Görüşdə iştirak edən Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Anatoliy Rafailov və Nigar Arpadarai postmünaqişə dövründə regionda yaranan reallıqlardan, aparılan sülh danışıqlarından bəhs ediblər, Azərbaycanın tolerantlıq ənənələrindən danışıblar. Ermənistanın 30 illik işğalı dövründə dağıdılan mədəni irsimiz haqda söhbət açan deputatlar ölkəmizdə milli və dini tolerantlığın, multikultural dəyərlərin təşviqinin hər zaman nümunəvi xarakter daşıdığını diqqətə çatdırıblar. Onlar işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən danışıblar, həmçinin Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlarının reinteqrasiyası məsələsinə də toxunulub.

Söhbət zamanı ölkələrimiz arasında parlamentlər səviyyəsində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.