Home Gündəm Prezident “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanış olub

Prezident “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanış olub

406
0
SHARE

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanış olub.

TAN.AZ xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Dövlət başçısına kompleksdə yaradılan şərait barədə məlumat verilib.

Bildirilib ki, 20,5 hektar ərazini əhatə edən hərbi hissə kompleksinə qərargah binası, 5 binadan ibarət 146 mənzilli yaşayış kompleksi, yeməkxana, hamam, camaşırxana və tibb məntəqəsindən ibarət əsgər yataqxanası, şəxsi heyətin xidmətinin yüksək səviyyədə aparılması üçün lazımi şəraitlə təmin edilmiş iş otaqları daxildir. Bununla yanaşı, kompleksin ərazisində helikopter meydançası, hərbi texnikaların saxlanması üçün avtomobil parkı, avtomobil yuma və yanacaqdoldurma məntəqələri, silah, ərzaq və əşya-geyim anbarları, içməli su anbarı, qazanxana binası mövcuddur.

Qeyd edilib ki, kompleksin idman şəhərciyində hərbi qulluqçuların idmanla məşğul olmaları üçün zəruri avadanlıq quraşdırılıb və voleybol meydançası yaradılıb.

İstilik sistemi, daimi su və elektrik enerjisi ilə təmin edilən kompleksdə ehtiyat generatorlar quraşdırılıb. Ərazidə əsaslı tikinti-abadlıq işləri aparılıb, 23 min kvadratmetr sahə asfaltlanıb, geniş yaşıllıq salınıb, ağaclar əkilib.

Xidmətin yüksək səviyyədə aparılması, şəxsi heyətin döyüş qabiliyyətinin təkmilləşdirilməsi, peşəkar vərdişlərinin daha da inkişaf etdirilməsi üçün hərtərəfli şərait yaradılıb.

Dövlət başçısına, həmçinin “Qazax” Əlahiddə Sərhəd Diviziyasının xidməti istifadəsinə verilmiş silah arsenalı, döyüş texnikaları, yüksəkkeçidli nəqliyyat vasitələri, zirehli və avtomobil texnikası, tibb avtomobilləri nümayiş etdirilib.