Home Gündəm Rusiya xarici işlər nazirinin müavini Ermənistanın hərbi-siyasi təxribatları barədə məlumatlandırılıb

Rusiya xarici işlər nazirinin müavini Ermənistanın hərbi-siyasi təxribatları barədə məlumatlandırılıb

65
0
SHARE

Avqustun 25-də Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Rusiyaya səfəri çərçivəsində Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə Azərbaycan və Rusiya arasında ikitərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən regionda mövcud vəziyyət müzakirə olunub.

Azərbaycan və Rusiyanın ikitərəfli, o cümlədən çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinə malik olduqları bildirilib.

Görüş zamanı iki ölkə arasında siyasi dialoqun, müxtəlif sahələr, o cümlədən iqtisadiyyat, ticarət, mədəniyyət, humanitar və sair sahələr üzrə əməkdaşlığın səviyyəsinin məmnunluq doğurduğu qeyd olunub. Bu xüsusda, əlaqələrin daha da genişlənməsi istiqamətində mövcud potensialdan istifadənin zəruriliyi vurğulanıb.

Nazir müavini Elnur Məmmədov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi və sülh gündəliyinin irəli aparılması istiqamətində görülən işlər, Ermənistan tərəfinin bu səylərə xələl gətirən, beynəlxalq hüquqa və 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olan hərbi-siyasi təxribatları barədə məlumatlandırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.