Home Gündəm Milli Məclis və Almaniya Bundestaqının sədrlərinin görüşü olub

Milli Məclis və Almaniya Bundestaqının sədrlərinin görüşü olub

95
0
SHARE

Milli Məclisin sədri Sahibə Qafarova Almaniya Federativ Respublikası Bundestaqının sədri Barbel Bas ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Bundestaqın sədri hazırda ölkəsinin enerji təchizatında yaranmış problemlərlə bağlı fikirlərini bölüşüb.

Barbel Bas bu çərçivədə Almaniyanın bərpa olunan enerjiyə göstərdiyi diqqət, bu sahədə çalışan şirkətlər, Bundestaqın bu mövzu ilə məşğul olan parlamentariləri haqqında danışıb. Barbel Bas Azərbaycanın da bərpa olunan enerji sahəsində müvafiq qurumları ilə əlaqələrin yaradılması barədə fikirlərini bölüşüb.

Milli Məclisin sədri deyib ki, Azərbaycan və Almaniya dost və tərəfdaş ölkələrdir. Azərbaycan bu ölkə ilə əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın inkişafında maraqlıdır. O, ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı səfərlərin, görüşlərin müstəsna rolunu vurğulayaraq, bu mənada xüsusilə diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 2023-cü ilin martında Almaniyaya işgüzar səfəri, Prezident Frank-Valter Ştaynmayer və kansler Olaf Şoltsla görüşləri əməkdaşlıq əlaqələrinin müzakirəsi baxımından böyük əhəmiyyət kəsb edib.

Görüşdə spiker Sahibə Qafarova Azərbaycanda əlverişli investisiya mühiti, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri, Azərbaycanın müasir nəqliyyat infrastrukturu və tranzit ölkə kimi mühüm rolu, bərpaolunan enerji üzrə icra olunan layihələr haqqında məlumat verib. Qeyd olunub ki, Almaniya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.

Humanitar sahədə də əlaqələrin önəminə diqqət çəkilərək, qeyd olunub ki, Azərbaycanla Almaniya arasında elm, təhsil, texnologiya, mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsi də əlaqələrin inkişafına müsbət təsir göstərəcək. Azərbaycanda mövcud olan tolerantlıq mühiti, müxtəlif etnik qrupların mehribanlıq, əmin-amanlıq şəraitində birgə yaşayışı bizim ən böyük xüsusiyyətlərimizdən biridir. Qeyd olunub ki, ölkəmizdə alman mühacirlərin tarixi irsi dövlət səviyyəsində qorunur. 2017-ci ildə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi dövlət başçısının sərəncamı ilə həm Azərbaycanda, həm də Almaniyada müxtəlif tədbirlər çərçivəsində qeyd olunmuşdur.

Milli Məclisin sədri Sahibə Qafarova qanunvericilik orqanları arasında əməkdaşlıq məsələlərinə də toxunaraq qeyd edib ki, ölkələrimiz arasındakı əməkdaşlığın inkişafında parlamentlərimizin də birgə işinin gücləndirilməsi vacibdir. Görüşdə hər iki tərəf dostluq qruplarının parlamentlərarası əlaqələrin inkişafında mühüm rolunu nəzərə alaraq, bu istiqamətdə təmasların və qarşılıqlı səfərlərin önəmini qeyd ediblər.

Spiker Sahibə Qafarova görüşdə regionda mövcud vəziyyət, Ermənistanın Azərbaycan torpaqlarını 30 illik işğalının doğurduğu nəticələr barədə geniş məlumat verib. O, deyib ki, Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad etdikdən sonra irimiqyaslı yenidənqurma və bərpa işlərinə başlayıb. Milli Məclisin sədri görülən işlərdə ən böyük maneənin Ermənistan tərəfindən işğal illərində və ondan sonrakı dövrdə Azərbaycan torpaqlarında basdırdığı 1 milyondan artıq minanın olduğunu vurğulayaraq, qeyd edib ki, son 3 ildə 340-dan çox azərbaycanlı mina partlayışının qurbanı olub. Azərbaycanın minalarla ən çox çirkləndirilmiş ölkələrdən biri olduğunu nəzərə alaraq, ölkəmizin minatəmizləmə səylərinə beynəlxalq dəstəyin əhəmiyyəti qeyd olunub.

Məhz Azərbaycanın regionda uzunmüddətli sülhün əldə olunması təşəbbüsü ilə çıxış etdiyini, Ermənistanla bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün beş əsas prinsipi təqdim etdiyini diqqətə çatdıran Sahibə Qafarovanın sözlərinə görə, Ermənistanın siyasi və hərbi təxribatları, son 3 ildə üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi, ərazilərimizdə yaradılmış qanunsuz separatçı rejimə davamlı dəstəyi Azərbaycanın Qarabağ bölgəsində antiterror tədbirlərinin keçirilməsini qaçılmaz edib. Bu tədbirlər mülki şəxslər arasında heç bir itki olmadan beynəlxalq hüquqa tam uyğun idi. Bu tədbirlər nəticəsində separatçı rejim özünü ləğv etdi və Azərbaycan öz suverenliyini bərpa etdi. Spiker xüsusilə vurğulayıb ki, heç bir ölkə öz ərazisində separatçı bir qurumun mövcudluğunu qəbul edə bilməz.

O, vurğulayıb ki, bu gün artıq Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur. Azərbaycan sülh sazişinin imzalanması üzrə danışıqları davam etdirməyə hazırdır. Azərbaycan xalqının sülhü dəstəkləməsinin və sülh istəməsinin bariz göstəricisidir ki, xalqımız 30 il problemin sülh danışıqları ilə həll olunmasını gözləyib.

Sahibə Qafarova bir daha diqqətə çatdırıb ki, Azərbaycan hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında sülhə hazırdır.

Bundestaqın sədri Almaniyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, regionda sülhün təmin olunmasının, sülh müqaviləsinin imzalanması üzrə danışıqların davam etdirilməsinin önəmini qeyd edib.

O, həmçinin hazırda beynəlxalq gündəmdə prioritet təşkil edən məsələlərlə bağlı Azərbaycan parlament rəhbərinin fikirləri ilə maraqlanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Görüşün sonunda spiker Sahibə Qafarova Almaniya Bundestaqının sədrinə “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitabı təqdim edərək, Ermənistanın 30 illik işğal zamanı şəhər və rayonlarımızda törətdiyi dağıntılar, vəhşiliklər barədə məlumat verib.

Sonra Azərbaycan parlament nümayəndə heyətinin üzvləri Almaniya Bundestaqının binası ilə tanış olublar.