Home Gündəm Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin geniş tərkibdə görüşü keçirilib

Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin geniş tərkibdə görüşü keçirilib

49
0
SHARE

Dekabrın 5-də Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin geniş tərkibdə görüşü keçirilib.

TAN.AZ xəbər verir ki, görüşdə Xəzəryanı dövlətlər arasında müxtəlif, o cümlədən iqtisadi, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, bağlantılar, ətraf mühitin mühafizəsi və s. sahələr üzrə sektoral əməkdaşlıq gündəliyi ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə çıxış dən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov belə görüşlərin keçirilməsinin Xəzər regionunda mövcud əməkdaşlıq gündəliyində duran aktual məsələlərin müzakirəsində mühüm rol oynadığını diqqətə çatdırıb.

Hazırkı beynəlxalq münasibətlər sistemində mövcud vəziyyətin beynəlxalq hüquq normaları, xüsusilə dövlətlərin ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmətin əhəmiyyətini bir daha təsdiqlədiyini qeyd edən nazir Xəzər regionu çərçivəsində də sözügedən prinsiplərin, habelə beynəlxalq hüquqda mövcud təcrübələrin rəhbər tutulmasının vacibliyini vurğulayıb.

Xəzər dənizindən sülh, dostluq və həmrəylik məqsədləri naminə birgə istifadə üçün Xəzəryanı dövlətlər arasında mövcud müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin, habelə “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın ən qısa zamanda qüvvəyə minməsinin əhəmiyyəti qeyd olunub.

Karbohidrogen ehtiyatları ilə zəngin olması ilə yanaşı, mühüm geostrateji mövqe tutan Xəzər dənizi hövzəsində yerləşən dövlətlər arasında bir sıra sahələr, o cümlədən iqtisadi, ticarət, investisiyalar, alternativ enerji və digər istiqamətlər üzrə geniş potensialın mövcud olduğu, bu potensialdan istifadənin öz növbəsində regionda nəqliyyat və kommunikasiyaların, infrastruktur və texnologiyaların inkişafına da töhfə verə biləcəyi diqqətə çatdırılıb. Bu istiqamətdə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun imkanlarından istifadənin, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına da töhfə verəcəyinə dair əminlik ifadə olunub.

Xəzəryanı ölkələrin qarşısında duran ən mühüm çağırışlardan birinin Xəzərin dayazlaşması və bunun nəticəsində yaranan ekoloji problemlərin olduğu, bu istiqamətdə Prezident İlham Əliyevin aidiyyəti üzrə ekspert qrupunun yaradılması təşəbbüsü ilə çıxış etdiyi, hazırda Bakıda ekspertlərin müvafiq görüşünün təşkili istiqamətində işlər aparıldığı bildirilib.

2022-ci ilin oktyabrında Bakıda Xəzərlə bağlı Çərçivə Konvensiyasının 6-cı Tərəflər Konfransının keçirilməsinin, Çərçivə Konvensiyasının həyata keçirilməsi ilə bağlı yaranan məsələlərin müzakirəsinin faydalı rol oynadığı qeyd edilib. Bu istiqamətdə, cari il dekabrın 18-19-da Bakıda Çərçivə Konvensiyası Katibliyinin fəaliyyətinin təşkili ilə bağlı xüsusi ekspert qrupunun ilk iclasının keçirilməsi barədə əldə edilmiş razılığın konstruktiv dialoqa imkan yaradacağına dair ümidvarlıq ifadə olunub.

Tədbirin sonunda müzakirə edilmiş məsələlərin yer aldığı bəyanat qəbul olunub.