Home Gündəm Bakıda Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqliliklər müzakirə edilib

Bakıda Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqliliklər müzakirə edilib

29
0
SHARE

Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfrans martın 9-da işini plenar iclasla davam etdirib.

TAN.AZ xəbər verir ki, “Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqliliklər, müsəlman ümmətində əsas insan hüquqları” mövzusuna həsr edilmiş plenar iclasa “Haider Global BVBA Brüssel” şirkətinin baş direktoru Səccad Kərim moderatorluq edib.

Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri Ayman Mazyek iclasda çıxışında rəhbərlik etdiyi qurumun əsas məqsədlərindən danışıb. Bildirib ki, Almaniya Müsəlmanları Mərkəzi Şurasının əsas hədəfi İslam əqidəsini ictimaiyyətə təhrif etmədən çatdırmaqdır. Əgər sülhün bərqərar olmasını istəyiriksə, dinlərarası dialoq vacibdir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin islamofobiyaya qarşı gördüyü işləri yüksək dəyərləndirən Ayman Mazyek qeyd edib ki, Azərbaycan bu sahədə çox vacib addımlar atır. “Prezident İlham Əliyevin forum iştirakçılarına müraciəti zamanı vurğuladığı fikirlər tamamilə doğrudur. İslamofobiya kimi hallar bəşəri dəyərləri alt-üst edir. Qərb ölkələrində milli azlıqlara qarşı edilənlər göz önündədir. Ayrı-seçkiliyin ən böyük təzahürlərindən biri ikili standartlardır. Məsələn, Avropada müqəddəs kitab “Qurani-Kərim”in yandırılması normal qarşılanır. Ancaq həmin ölkələrdə Tövrat, İncil yandırıla bilməz. İslamı terrorçu din kimi qələmə verənlər xristianların törətdiyi terror aktlarına səssiz qalırlar. Bütün bunlar tamamilə ikili standartlardır”, – deyə Mərkəz rəhbəri diqqətə çatdırıb.

İslamofobiyanı bəşəriyyətə qarşı atılan atəş kimi qiymətləndirən A.Mazyek vurğulayıb: “Bütün bu proseslər irqçilik fenomeni adı altında davam edir. Ancaq qanun qarşısında bərabərlik bölünməzdir. Biz keçmiş səhvlərdən nəticə çıxarmalı, İslamın siyasi alətə çevrilməsinin qarşısını almalıyıq”.

Sonra çıxış edən Uelsin “Trinity St David” Universitetinin elmi işçisi Mohammed Sadek Hamid deyib: “Biz islamofobiya ilə bağlı konkret olaraq nələrin baş verdiyinin fərqindəyik. Bunun həlli üçün məsələnin kökünü bilməliyik. Biz təxminən 20 il ərzində müxtəlif dinlərin vəhdətini görürük. Müsəlmanlara qarşı nifrət hissinin və ayrı-seçkiliyin necə vüsət aldığının şahidi oluruq. Avropada buna yer olmamalıdır”.

İslamofobiya probleminin nəticə etibarilə sistemli olaraq ayrı-seçkiliyə gətirib çıxardığını vurğulayan Mohammed Sadek Hamid bildirib ki, bu, insanların yaşayışına da böyük təsir göstərir. Bunun nəticəsi olaraq müsəlmanlara qarşı müxtəlif zorakılıq və nifrət halları baş verir. Hətta müsəlmanlara oxşamaq belə ağır nəticələrə gətirib çıxarır, nifrət zəminində cinayətlərin törədilməsinə səbəb olur. “Qeyd etməliyəm ki, belə halların məscidlərə qarşı da baş verdiyini bilirik. Müsəlmanlara fiziki hücumların, xüsusilə də qadınlara qarşı zorakılığın şahidi oluruq. Hətta müsəlmanların məzarlarında cəsədlərə qarşı törədilən əməllər çox xoşagəlməzdir. İslamofobiya hamı üçün problemdir”, – deyə o əlavə edib.

Elmi işçi diqqətə çatdırıb ki, Böyük Britaniyada da müsəlmanlara qarşı münasibət dəyişməlidir. Bəzi siyasi qərarlarda mühüm dəyişikliklər edilməlidir. Eyni zamanda, mediadakı fikirlər müsbət istiqamətdə dəyişə bilər. Bu problemə qarşı birlikdə uğurlu mübarizə aparıla bilər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov qeyd edib ki, Fransada dövlət müəssisələrində müsəlmanlara qarşı ayrı-seçkilik hallarına özəl sektordakından daha çox rast gəlinir.

Avropa ölkələrində islamofobiyanın güclənməsinin səbəblərindən bəhs edən Dövlət Komitəsi sədrinin müavini bildirib: “Bəzi Avropa ölkələrində islamofobiya cəmiyyətdən dövlətə deyil, dövlətdən cəmiyyətə yayılır. 2019-cu ildə Fransada islamofobiya hallarına dövlət müəssisələrində 369, özəl sektorda isə 197 dəfə təsadüf olunub”.

Avropada müsəlmanlar üçün ibadət evlərinin tikilməsi ilə bağlı problemlərdən söz açan G.İsmayılov deyib ki, əhalisinin təqribən 10 faizi müsəlman olan Fransada 2500 məscid var. Həmin 2500 məscidin mütləq əksəriyyəti bir otaqdan ibarətdir. Fransa nümunəsində müsəlman icmalarının İslam adətlərinə uyğun məscidlər tikməyə maddi imkanları yoxdur. Fransa dövləti isə digər ölkələrdəki müsəlmanlardan maddi dəstək alınmasını qəbul etmir. Bunu “Fransanın islamlaşdırılması” adlandırır. Fransada islamofobiya hallarının 80 faizi qadınlarla, onların geyimləri ilə bağlıdır.

O qeyd edib ki, Fransada müsəlmanlar öz CV-lərində müsəlman olmadıqlarını qeyd edəndə onların işə qəbul şansı 50 faizdən çox olur. Həmçinin bir çox Avropa ölkələrində müsəlmanlar öz əqidələrini CV-lərində göstərmirlər. Bir sıra Avropa ölkələrində müsəlman miqrantlar arasında da ayrı-seçkilik halları müşahidə olunur. Onlar daha çox işə qəbulda İtaliyadan, İspaniyadan olan miqrantlara üstünlük verirlər.

Avropa İnkişaf və Araşdırma Akademiyasının (EDARA) baş direktoru Brahim Laytouss müsəlmanların səlahiyyətlənməsinin və güclənməsinin çox vacib amil olduğunu deyib. Qeyd edib ki, Avropa müsəlmanları oranın vətəndaşlarıdır, orada 25 milyon müsəlman məskunlaşıb. Onlar vətəndaş kimi cəmiyyətin inkişafında iştirak etməlidirlər.

Onun sözlərinə görə, müsəlmanlar İslam diskursunu yeniləməli, alternativ təkliflər verməlidirlər. “Biz müsəlman və qeyri-müsəlman arasında fərq qoymuruq. Biz Avropanın bir hissəsiyik. Belçikada İslam din kimi 1974-cü ildən dövlət səviyyəsində təsdiqlənib. Bu ölkənin təhsil müəssisələrində 3 mindən çox müəllim din dərsi keçir”, – deyə Laytouss əlavə edib.

Avropa Parlamentinə keçirilən seçkilərdən söz açan baş direktor müsəlmanların bu prosesdə daha fəal iştirakının təmin edilməli olduğunu vurğulayıb. O deyib ki, Avropa Parlamentində müsəlmanlar, sadəcə, 11 faiz təşkil edir.

Pakistanda Siyasət Araşdırmaları və Təbliğat Mərkəzinin icraçı direktoru Əhsən Həmid diqqətə çatdırıb ki, Azərbaycanda milli azlıqların sülh içərisində yaşaması çox yaxşı nümunədir. Avropa ölkələri bu siyasəti mənimsəməli və tətbiq etməlidir.

İslamofobiyanın Avropada siyasi silaha çevrildiyinə diqqət çəkən Əhsən Həmid vurğulayıb ki, Qərb ölkələrində müsəlmanları təhdid kimi qələmə verirlər. “Müsəlman ölkələrindən Avropaya səyahət edənlərə viza verilməsi gecikdirilir, bəzən isə ümumiyyətlə verilmir. İslamofobiya partiyaların siyasətinə çevrilib. Qərb mediası isə ictimaiyyətdə qərəzli fikirlərin formalaşmasında çox böyük rol oynayır. Məscidlər bağlanır, müsəlmanlar üçün yeni ibadət yerlərinin açılması qadağan olunur. Ukraynalı qaçqınlarla Əfqanıstandan gələn köçkünlərə qarşı reaksiyalar eyni deyil. Fransada hicablı qadınlar iş yerlərindən qovulur, təhsildən uzaqlaşdırılır”, – deyə icraçı direktor bildirib.

Ə.Həmid əlavə edib ki, müsəlmanlar məruz qaldıqları ayrı-seçkilik halları ilə bağlı təcrübələrini bölüşməlidirlər. Ancaq maariflənmək yolu ilə islamofobiya hallarının qarşısını almaq mümkündür.

ABŞ-ın Yeni Orlean şəhərindəki Tulane Universitetinin siyasət üzrə professoru Raymond Casimer Taras isə ABŞ-da islamofobiya ilə bağlı məlumatlılığın çox aşağı səviyyədə olduğunu söyləyib.

İslamofobiyaya rəvac verən daxili amillərə mütləq nəzər yetirilməli olduğunu vurğulayan professor deyib ki, islamofob düşüncəyə şərait yaradan, bir növ ona səbəb olan halların kökündə yanlış siyasət dayanır. Fəlsəfi olaraq bu vəziyyət islamofobiyanın dərin laylara keçməsinə, irqçi hərəkatların formalaşmasına və yayılmasına imkan verir.

“Biz müstəmləkəçiliyə qarşı çıxış edirik. Neomüstəmləkəçiliyin necə geniş vüsət aldığını görürük. Bu məsələlərlə bağlı məlumatlılıq artırılmalıdır”, – deyə o diqqətə çatdırıb.

Zalsburq Universitetinin sosiologiya və insan coğrafiyası kafedrasının dosenti Volfqanq Aşauer qeyd edib ki, iqlim dəyişmələri, Qərbdə baş verən müharibələr bədbinliyə qapılmağa səbəb olan amillərdir. Bütün bu mənfi amillər mədəni və sosial qütbləşməyə səbəb olur. Çox zaman isə problemlərə, sosial tənəzzülə görə müsəlman miqrantları qınayırlar.

O bildirib ki, müsəlmanlara qarşı münasibət çox kasaddır. Qərbi Avropa ölkələrində müsəlmanlara isti münasibət var. Amma Avropa ölkələrinin 30 faizində bu rəftar mənfidir.

“Gənc nəslin müxtəlifliyə daha mədəni münasibəti hiss olunur. Gələcəkdə gənclər müxtəliflik üçün mübarizə aparan əsas qüvvə olacaqlar”, – deyə Volfqanq Aşauer əlavə edib.

Plenar sessiya müzakirələrlə davam edib.

Qeyd edək ki, beynəlxalq elmi konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə dəstəyi ilə keçirilir.

Konfransda dünyanın 32 ölkəsindən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarından 130-dan çox nümayəndə iştirak edir.