Home Manşet Sədaqət Vəliyeva: Milli Prioritetlər proqramı Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini təşkil...

Sədaqət Vəliyeva: Milli Prioritetlər proqramı Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini təşkil edir

298
0
SHARE

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqramın təsdiq olunması dövlətin idarəolunmasında strateji planlaşmanın təcəssümüdür. Milli Prioritetlər proqramı dövlətin inkişafına və cəmiyyətin rifahına xidmət edən təşəbbüs olmaqla yanaşı, milli maraqlar və strateji planlamanın da vəhdətini təşkil edir. Risklərin azalmasına, sahələrin sürətli inkişafına, həmçinin istiqamətlər üzrə sahəvi prioritetlərin müəyyən olunmasına xidmət edən strateji idarəetmə metodu, eyni zamanda ölkəmizin gələcək inkişaf mənzərəsini də müəyyən edir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, bu gün Azərbaycan sosial-iqtisadi və mədəni təkamül yolunu inamla keçərək sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanınır: “Hazırda dövlətin davamlı inkişafını təmin etmək üçün Azərbaycanda bütün zəruri amillər mövcuddur. Eyni zamanda, ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb, cəmiyyətdə dövlətçilik ənənələri güclənib, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilib. Əlbəttə ki, Vətən Müharibəsində əldə olunan qələbə ilə Azərbaycanda mahiyyət etibarı ilə yeni inkişaf mərhələsi başlanıb. Heç şübhəsiz ki, qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu və statusunu daha da möhkəmləndirəcək. Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar isə 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Ona görə də, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqram Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini təşkil edir”.

Sədaqət Vəliyeva əlavə edib ki, növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafında müəyyən olunmuş beş milli prioritetinin qorunması və reallaşdırılmasına xidmət etmək Azərbaycanda yaşayan hər bir şəxsin vətəndaşlıq vəzifəsi olmalıdır: “Çünki sözügedən Milli Prioritetlər dövlətin, cəmiyyətin və fərdlərin inkişafına xidmət edəcək. Reallaşdırılacaq iqtisadi islahatlar vətəndaşların sosial rifahını təmin edəcək, həmçinin  inkişafdan hər bir vətəndaş bəhrələnəcək. Yüksək inkişaf üçün yalnız iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin sosial rifahı mühüm amil olduğundan iqtisadiyyat inkişaf etdikcə vətəndaşların sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsi təmin olunacaq. Milli Prioritetlər eyni zamanda Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir. Bütövlükdə, 2030-cu ilə qədər həyata keçiriləcək Milli Prioritetlər dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatı, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyəti formalaşdıracaq, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı yaranacaq, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış baş tutacaq və Azərbaycan təmiz ətraf mühit, “yaşıl artım” ölkəsinə çevriləcək”.