İşğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işləri Azərbaycanda yeni iş yerlərinin açılmasına, iqtisadiyyatın əhəmiyyətli dərəcədə inkişafına səbəb olacaq.
Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat bildirib ki, erməni işğalı altında olduğu 30 ilə yaxın müddət ərzində həmin ərazilərdə nə varsa dağıdılıb, infrastruktur məhv edilib:
“Vətən müharibəsi başa çatdıqdan dərhal sonra müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərmizə ardıcıl səfərlər etdi və səfərlər çərçivəsində həmin ərazilərdə yenidənqurma işlərinin aparılması, infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı tapşırıqlar verdi, eyni zamanda təməlqoyma mərasimlərində iştirak etdi. Artıq işğaldan azad edilən torpaqlarımızda quruculuq işlərinə start verilib.
Bu, ilk növbədə Azərbaycanın güclü və qüdrətli bir dövlət olduğunu sübut edir və bu ərazilərin bərpa olunması gücümüzü daha da artıracaq, iqtsadiyyatımızı daha da inkişaf etdirəcək və eyni zamanda çoxlu sayda yeni iş yerlərinin açılmasına imkan yaradacaq. Yəni həm infrastruktur layihələrinin həyata keçirilməsi, həm dini, mədəni və tarixi abidələrin bərpası, həm də mənzillərin, evlərin, sosial obyektlərin tikilməsi prosesində əlbəttə ki, daha çox iş yerləri açılacaq və ondan sonrakı mərhələdə də həmin ərazilərdə turizmin inkişafı və yeni müəssisələrin yaradılması daimi iş yerlərinin yaradılmasına səbəb olacaq.
Bütün bu proseslər vətəndaşlarımızın işlə təminatı məsələsini xeyli yaxşılaşdırmaqla yanaşı ölkə iqtisadiyyatının inkişafına mühüm töhfə vermiş olacaq”.