Energetika Nazirliyinin Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti ilə imzaladığı İcra Müqaviləsinə uyğun olaraq, 240 MVt gücündə külək elektrik stansiyasının inşa ediləcəyi ərazilərdə 6 ədəd külək ölçü-müşahidə stansiyası quraşdırılıb.
Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, stansiyaların 3-ü Xızıda, 3-ü isə Abşeron rayonu ərazisində quraşdırılıb. Hürdürlüyü 100 metr olan bu stansiyalar vasitəsilə 9-12 ay ərzində külək ölçmələri həyata keçiriləcək və nəticəyə əsasən turbinlərin optimal yerləşməsi müəyyən ediləcək.
Abşeron rayonunun Pirəkəşkül və Xızı rayonunun Sitalçay kəndlərinin dağlıq hissəsində hər biri 6 MVt gücdə olan 40 ədəd külək turbin qurğusunun tikilməsi nəzərdə tutulur. Külək Elektrik Stansiyasının Pirəkəşküldə olan hissəsində ümumi gücü 102 meqavat olmaqla 17 külək turbini, digər hissədə – Xızı rayonunun Sitalçay kəndinin yaxınlığında yerləşən dağlıq ərazidə isə ümumi gücü 138 MVt olan 23 ədəd külək turbininin quraşdırılması planlaşdırılır.
Külək Elektrik Stansiyası üçün müəyyənləşdirilmiş ərazilərdə topoqrafiya işləri və mühəndis-geoloji tədqiqatlar başa çatdırılıb. Ətraf mühitə və sosial təsirlərin qiymətləndirilməsi ilə bağlı tədqiqatlar isə davam etdirilir.