Tarix diletantları sevmir. Bu, bəşəriyyətin illərcə, əsrlərcə təsdiqlədiyi əbədi bir aksiomadır. Diletantlar siyasətə qoşulanda, öz natamam iddialarını reallaşdırmağa cəhd göstərəndə daha gülünc və təhlükəli olurlar.
Ermənistanın baş naziri Nikol Vovayeviç Paşinyan da diletantdır. Ən azından idarəçilik, sivil politologiya, dövlət quruculuğu və beynəlxalq münasibətlər sistemi üzrə.
Burada Paşinyanın ali təhsili olmadığından söhbət getmir-baxmayaraq ki, normalda bu da əsas şərtlərdən biridir. Tarixdə ali təhsil almayan o qədər müdrik dövlət və hökumət başçıları olub ki… Elə biri ötən əsrin 80-ci illərində Polşaya rəhbərlik etmiş Lex Valensa. Adicə elektrik olan bir insan milyonlarla həmvətənlisini dəstəyi ilə hakimiyyətə gəldi və Polşanı bir çox diplomlu siyasətçilərdən yaxşı idarə etdi.
Bu gün bütün dünya Paşinyana populist, korrupsioner, küçə demokratiyasının fərsiz natiqi və qısa müddət ərzində antipatik daxili və xarici siyasəti, ağılsız qərarları , gülünc intellekti ilə gündəmə gələn sirli bir Don Kixot kimi baxır. Ən əsası – ermənilərin özləri bu uğursuz işbazdan yaxa qurtarmaq üçün gecə -gündüz yollar axtarırlar.
N.Paşinyan Qərbi, birinci növbədə, “filantrop” Corc Sorosu, daha sonra erməni elektoratını, erməni diasporunu, erməni iqtidarını, Ermənistanın əcnəbi dostlarını, hətta Rusiyanı öz sərsəm , heç bir əndazəyə sığmayan həyasızlığı və bacarıqsızlığı ilə çox çətin vəziyyətə qoyub.
Paşinyanın sonuncu “razılaşdırılmamış” addımı C.Sorosda çox böyük qıcıq doğurub. Erməni mediasının yazdığına görə , amerikalı milyarder Corc Soros Ermənistan baş naziri Nikol Paşinyana çox sərt, hətta alçaldıcı tonda mesaj göndərib. Okeanın otayındakı boss “məxməri” baş nazirin Belarus prezidenti Aleksandr Lukaşenkonu 9 avqust prezident seçkisində qələbə münasibətilə təbrikinə çox ciddi narazılığını ifadə edib.Həmin materialda açıq şəkildə yazılıb ki, Corc Soros Paşinyanın təbrik məsələsində səhv etdiyini detalları ilə onun diqqətinə çatdırılıb. Bu məktubun dövlətlərarası münasibətlər protokolu çərçivəsində bu cür təbriklərin vacibliyini qeyd edilsə də, milyarder onun bəhanəsini qəbul etməyib. Bildirilir ki, bu təbriklə Paşinyan növbəti dəfə Rusiya ilə Qərb arasında manevr etməyə çalışıb, lakin növbəti dəfə də hər tərəfli uğursuzluğa məruz qalıb.
Hadisələrə geniş spektrdən nəzər saldıqda, vəziyyət müəyyən qədər aydınlaşır. Kimdir C.Soros? Əlbəttə, o,maliyyəçi və “narıncı inqilabların” sponsoru olaraq, əslində , həmişə ABŞ-ın dövlət və siyasi dairələrini təmsil edib. Deməli, bu kontekstdə C.Sorosun narazılığına həm də ABŞ-nin narazılığı kimi baxmaq daha doğru olardı.
Onu da xatırlatmaq yerinə düşər ki, ABŞ rəsmi Yerevan üçün təkcə “ideya generatoru” rolunu oynamayıb, həm də Paşinyanın hakimiyyətə gəlməsi üçün Ermənistandakı səfirliy vasitəsi ilə media və QHT-lərə dəstək məqsədi ilə külli miqdarda vəsait xərcləyib. Rus və erməni mediasında bu, eləcə də digər məqsədlər üçün xərclənən vəsaitin miqdarı da dəfələrlə açıqlanıb.
Və təbii ki, Qərbdə ümid edirdilər ki, Paşinyan bu vəsaitlərin əvəzində inqilab öncəsi verdiyi vədlərin hamısını yerinə yetirəcək və Ermənistanı Rusiyanın orbitindən tədricən uzaqlaşdıracaq. Qərbin böyük gözləntisinə və təəccübünə rəğmən, bu baş vermədi. Əksinə, bir müddət Rusiyaya, daha dəqiq deyilsə, Putinə doğru meyllənməyə başladı. Amma bu yaltaqlığı ilə Putin kimi güclü siyasətçini də aldada bilmədi.
İndi Paşinyan, necə deyərlər, iki od arasında qalıb. Amerika sürəkli olaraq , dolayı yolla “investisiyasını” geri tələb edir, Putin isə Paşinyanın dəridən-qabıqdan çıxmasına baxmayaraq, onu daim aralı, gərgin vəziyyətdə saxlayır.
Nəhayət, 12 iyul Tovuz hadisələrini Paşinyanın qələmini sındıran vacib bir amil kimi qiymətləndirmək mümkündür. İndi Tovuz fitnəkarlığında kimin- Qərbinmi, yoxsa Moskvanınmı əlinin olub-olmaması barədə mülahizələrin ardı-arası kəsilmir. Fərqi yoxdur-bu cinayətkarlığın arxasında kim durursa-dursun, onun Ermənistanla birlikdə çox böyük fiaskoya uğradığı göz qarşısındadır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin qəti tədbirləri, şanlı ordumuzun cəsur həmlələri və qardaş Türkiyənin birmənalı dəstəyi nəticəsində xalqımızın düşmənlərinin Ermənistan üzərindən qurduqları məkrli niyyətlər darmadağın edilərək puça çıxarıldı.
Beləliklə, anti-Rusiya şüarları ilə iqtidara gələn Nikol Paşinyan baş nazir qismində fəaliyyəti ilə nə Qərbin sevimlisi ola bildi, nə də Kremlin etibarını qazandı. Odur ki, indi onun hər iki güc mərkəzinin çarpaz təzyiqi altında və hədəfdə olması təbiidir. Paşinyan ətrafında halqa daralır, ondan qəti bir seçim etmək tələb olunur.
Tovuzdakı biabırçı məğlubiyyətdən sonra artıq Qərb də, Rusiya da Paşinyanı işlənilmiş material, keçilmiş yol hesab edir. Bununla bağlı rus politoloqu Aleksey Fenekonun fikirləri ilə razılaşmamaq olmur:” Əslində bu, pis taktikadır, çünki tarazlaşdırma dönəmi keçib, indi sərt seçim vaxtıdır. Paşinyan tarazlığı davam etdirdiyini düşünməkdə ikən isə ölkədə ona qarşı çıxan gənclər böyüyür, rusiyapərəst elektorat üçün isə o, yada çevrilir. Soros Fondu, əlbəttə ki, elə bununla məşğuldur – Rusiya ilə əlaqələri tam qıracaq radikallar yetişdirmək. Bu da sizə İrəvanda hazırlanmaqda olan sadə fəlakət resepti…”
Fikirləri yekunlaşdıraraq bu nəticəyə gəlmək mümkündür ki, bu payız diletant, antixarizmatik, yalançı N. Paşinyanın hakimiyyət olimpində son payızı ola bilər. Cəmi iki il hakimiyyətdə duruş gətirməyi bacarmayan təsadüfi şəxsin tez bir şəkildə “taxt-taca” gətirilməsi bir daha onu təsdiq edir ki, Ermənistanın bir dövlət, bir toplum olaraq çox ciddi problemləri mövcuddür və onun buvəziyyətdən asanlıqla çıxacağı mümkün kimi görünmür…
Kamaləddin Qafarov,
Millət vəkili