Home Manşet Zəngəzur dəhlizi Türkdilli Dövlətlər arasında əməkdaşlığın artmasına gətirib çıxaracaq

Zəngəzur dəhlizi Türkdilli Dövlətlər arasında əməkdaşlığın artmasına gətirib çıxaracaq

297
0
SHARE

Artıq 10 ildən çoxdur ki, Türk Şurası bütün keyfiyyəti, strukturunun mükəmməlliyi ilə fəaliyyət göstərir və gələcəyə böyük vədlər verir. Bu qurum sayəsində türkdilli dövlətlərin birliyi üçün mükəmməl bir model yaradılıb ki, bu platforma qarşıdakı dövrlərdə daha da inkişaf edə bilər. Amma yenə də əsas məsələ odur ki, müstəqil türk dövlətlərinin ayrı ayrılıqda inkişafı təmin olunsun və eyni zamanda türk dövlətlərinin qarşılıqlı əlaqələri o qədər geniş olsun ki, mədəniyyətdən başlamış bütün sahələrə qədər strateji əməkdaşlıq təmin edilsin. Yəni, türk dövlətləri hər bir məsələdə yekdil mövqe bildirməli, bütün məsələlərdə bir birilərini dəstəkləməlidir. Onların müstəqil dövlət kimi güclənmələri bütövlükdə türk dünyası birliyini gücləndirməlidir.

Videokonfrans vasitəsilə keçirilən növbəti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal Zirvə Görüşü və görüşdə müzakirə olunan məsələlər bu baxımdan böyük əhəmiyyət kəsb edir. Zirvə görüşündə dövlət başçılarının çıxışı, irəli sürülən təkliflər və gələcəkdə həmin təkliflərin reallaşması türk birliyini daha da gücləndirəcək. Bu əsasda türkdilli dövlətlərin birliyinin böyük gələcəyi var.

Martın 31-də keçirilmiş Zirvə görüşündə Prezident İlham Əliyev çıxışı zamanı Vətən müharibəsi nəticəsidə ərazi bütövlüyümüzün bərpa olunduğunu, ermənilərin 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə vandalizm aktları törətdiyini bildirib.  Ölkə başçısı həmçinin Zəngəzurla bağlı türkdilli dövlətlərə tarixi mesaj da ünvanladı. Cənab İlham Əliyev bəyan etdi ki, qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. 44 günlük Vətən Müharibəsində şanlı Zəfər qazanan Azərbaycan regionda yeni siyasi reallıqlar yaratmaqla Zəngəzur dəhlizinin açılması və bu istiqamətində işlərə start verib. Növbəti mərhələdə Zəngəzur dəhlizinin açılması, Naxçıvana dəmir yolu əlaqəsinin bərpası Şərq-Qərb, Şimal-Cənub dəhlizləri ilə bağlı yeni şərait yaradır. Zəngəzur dəhlizi nəhəng geosiyasi və iqtisadi layihə kimi mühüm əhəmiyyətə malikdir. Gələcəkdə region dövlətləri ilə yanaşı türkdilli ölkələr də marşrutdan yararlana biləcəklər. Bu isə olduqca vacib və strateji məsələdir. Bu baxımdan noyabrın 10-da imzalanmış məlum sənədə Prezident İlham Əliyevin tələbi ilə ilk baxışda Dağlıq Qarabağ münaqişəsinə aid olmayan, lakin ölkəmiz və region üçün çox vacib 9-cu maddənin salınması mühüm diplomatik qələbə sayılmalıdır. Həmin maddə Naxçıvanla birbaşa əlaqənin bərpasına imkan verir ki, bu da ilk növbədə muxtar respublikanın nəqliyyat blokadasından çıxması deməkdir.

Zirvə Görüşündə üzv dövlətlər Azərbaycan Respublikasının ərazilərinin hərbi işğaldan azad edilməsini təqdir edib və Ermənistan-Azərbaycan münaqişəsinin sona yetməsini alqışlayıblar. Beləliklə, Vətən müharibəsində qazandığımız tarixi qələbə ölkəmiz üçün yeni inkişaf perspektivləri açmaqla yanaşı, həm də onun dünyadakı siyasi çəkisini daha da artırdı. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal Zirvə Görüşü bir daha göstərdi ki, Azərbaycan yalnız bölgədə əsas oyunçu olmaqla kifayətlənmir, eyni zamanda türkdilli dövlətlər sırasında əsas ölkə statusunu da qazanıb. Əminliklə söyləmək olar ki, Bakının birləşdirici mövqeyi olmadan Türk Şurası ideyasını gerçəkləşdirmək və yarana biləcək hansısa təhlükələrə qarşı birgə mübarizə olduqca çətin olardı. Artıq Azərbaycan türk-islam dünyasını Avropa ilə birləşdirən ən əsas ölkəyə çevrilib. Bu baxımdan Zəngəzur dəhlizi türkdilli dövlətlər arasında iqtisadi əlaqələrin daha da güclənməsinə səbəb olacaq.  Zirvə toplantısının imkanlarından faydalanan Prezident İlham Əliyev bir daha nümayiş etdirdi ki, bölgənin ən mühüm ölkəsi olan Azərbaycanın arxasında çoxmilyonlu türk-islam ölkələri dayanır və bu birlik hər zaman dünyaya həmrəylik nümayiş etdirərək öz siyasi çəkisini qoruyub saxlayacaq.

 

Anar Məmmədov

Milli Məclisin deputatı