Amerika prezidenti Co Baydenin 1915 – ci ildə Şərqi Anadoluda baş vermiş hadisələrə ermənilərin soyqırımı kimi qiymət verməsinin heç bir tarixi, hüquqi, elmi, siyasi əsası yoxdur. Bu ifadənin işlədilməsi Baydenin seçki kampaniyasına dəstək verən erməni lobbisinə verdiyi vədin yerinə yetirilməsindən savayı heç bir siyasi əhəmiyyət daşımır. Əksinə, qoca prezidentin bir – birinin ardınca gah “qatil”, gah da ” qətliam, soyqırım” kimi qanlı ifadələr işlətməsi onsuz da dünyada ədalət baxımdan etibarını itirmiş ABŞ – ın azadlıq heykəlinin başından sülh göyərçinlərinin birdəfəlik perik düşməsinə səbəb ola bilər.
Bayden “soyqırım olmuşdur” deyərkən nəyə əsaslanır və bu ifadəni işlətməklə nəyə nail olmaq niyyətindədir? Bu ifadənin işlədilməsi Amerikanın gəlir və çıxarına nə dərəcədə uyğundur?
Bir mənalı fikir ancaq məntiqə söykənən qərarlar barədə söylənilə bilər, belə yel gətirən ifadələr barədə isə normal məntiqlə izah tapmaq mümkün olmur.
Baydenin tarixi həqiqətləri təhrif edən bu ifadəsi haqlı olaraq Türkiyə və Azərbaycan ictimaiyyəti tərəfindən qınanır, tənqid olunur. Dünən cənab prezident İlham Əliyevin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng etməsi, Baydenin bəyanatının qəbuledilməz olduğunu vurğulaması, onu tarixi səhv adlandırması qardaş Türkiyə dövləti və xalqı ilə bir olduğumuzu bildirməsi iki ölkənin qardaşlıq münasibətlərinin ifadəsi olmaqla yanaşı, ədalətə və tarixi həqiqətə xidmət edən addım kimi qiymətlidir.
Heç şübhəsiz ki, Baydenin əsassız və yersiz söylədiyi sözlərin hüquqi qüvvəsi yoxdur və qardaş Türkiyə bu ifadənin işlənib- işlənməməsindən asılı olmayaraq 1915 – ci il hadisələrinə görə heç bir siyasi, hüquqi, mənəvi və təzminat məsuliyyəti daşımır.
– Birinci dünya müharibəsi zamanı Şərqi Anadoluda milli zəmində qırğın olmuşdurmu? Bəli, olmuşdur, özü də təkcə Anadoluda deyil, Cənui Qafqazda və İran ərazisində də olmuşdur.
– Bu qırğınlarda təkcə ermənilərmi öldürülmüşdür? Xeyir, türklər, kürdlər, ləzgilər, talışlar, lazlar, avarlar və yəhudilər erməni çeteləri tərəfindən amansızcasına qətlə yetirilmişlər. Tarixə erməni- müsəlman davası kimi düşən bu qırğınlarda ən çox zərər çəkən isə Azərbaycan türkləri olmuşdur. İndi Ermənistan adlanan dövlətin ərazisində, tarixi torpaqlarında yaşayan 600 min nəfərdən çox azərbaycan türkü 1918- ci ildə son nəfərinə qədər deportasiya olunmuş, onlardan 50 min nəfəri isə ağılasığmaz işgəncələrə məruz qalaraq qətlə yetirilmişdir.
– Bu qətliamlar Osmanlı hökumətinin tapşırığı və iştirakı iləmi olmuşdur? Xeyir, əksinə, Osmanlı hökuməti gün- gündən artan, milli və dini zəmində qızışdırılan qətliamları və vətəndaş müharibəsini dayandırmaq üçün müharibə apardığı çar Rusiyası ilə sərhəddə yaşayan erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün məmləkətin cənub hissəsinə köçürülməsi barədə qərar vermiş və tədbirlər görmüşdür. Müharibə zamanı ölkənin bir bölgəsində yaşayan əhalini başqa bölgəyə köçürmək təcrübəsi dünya tarixində yeni deyil və yalnız Osmanlı hökuməti tərəfindən istifadə olunmamışdır. İkinci dünya müharibəsi zamanı ABŞ – da yaşayan yaponların Yaponiyaya yaxın okean sahillərindən ölkənin içərilərinə köçürülməsi, Stalin tərəfindən Krım və Ahıska türklərinin, çeçen- inquşların Orta Asiyaya köçürülməsi təqdir olunmasa da, başa düşüləndir.
Amma on milyonlarla hindu əhalini qətlə yetirərək olnların bəyaz sümükləri üzərində Ağ evini ucaldan dövlətin öz gözündə tiri görməyib başqasının gözündə tük axtarmaq siyasətinin nəyə xidmət etdiyini anlamaq olmur. Eyni zamanda, onu da anlamaq olmur ki, tarixin küllüyünü eşələyib 106 il bundan əvvəl baş vermiş hadisələrdə ölmüş ermənilərin cəsədləri üzərində ədalət şivəni quranlar Xocalının hələ də qanı qurumayan yarasını görmürlərmi? 50 ildir bərbad olmuş, xarabalığa çevrilmiş Əfqanıstanı görmürlərmi? Bir zamanlar çiçəklənən İraqın, Suriyanın, Liviyanın, Yəmənin niyə bu günə düşdüyünü özlərindən soruşmurlarmı? Əgər suları bulandırmaqla balıq tutmaq istəyirlərsə, bu başqa məsələdir. Amma xaç suyunda balıq olmur axı!!!
Cənab Bayden öz çıxışında “Bunu günahlandırmaq üçün deyil, yaşananların təkrarlanmamasını zəmanət altına almaq üçün edirik”- deyərkən , özlərinin qırmızı dərilərə divan tutulan qara tarixinə nəzər salsa idi daha məntiqli olardı. “Yaşananların təkrarlanmaması” da maraqlı ifadədir. Yaşananlar birinci dünya müharibəsinin bölgədə əks-sədaı idi. 50 milyon insanın qətlə yetirildiyi iki dünya müharibəsinin heç birini də türklər və müsəlmanlar başlamayıb, allah eləməsin 3- cü dünya müharibəsi olacaqsa bunun da səbəbkarının bizlər olmayacağı hər kəsə aydındır.
Baydenin işlətdiyi soyqırım ifadəsinin ermənilərə bir faydası olacaqmı? Xeyir, çünki bu Amerika prezidentlərinin ilk dəfə işlətdiyi bir kəlmə deyildir. Hələ 40 il bundan əvvəl , 1981- ci ildə prezident Reyqan 1915- ci il hadisələrinə dair bu ifadəni işlətmişdir. Ötən 40 ildə ermənilərin bir qazancı olubmu? Olmayıb.
Bundan sonrakı 40 ildə nə dəyişəcək? Yenə, heç nə. Ola bilsin ki, öz mazaxist xislətinin əsirinə çevrilmiş erməni toplumu bu kəlməni bir daha eşitmək üçün yenə 40 il illüziyalarla yaşasın, amma bu yanaşmanın erməni xalqının həyatına və gələcəyinə heç bir müsbət təsiri olmayacaq.
Bu söz deyiləndən sonra ABŞ- ın bir dövlət kimi qazancı nə olacaq? Heç nə. Əksinə, bölgədə Türkiyə kimi güclü və etibarlı tərəfdaşını itirmiş olacaq, hər halda Amerikanın bir müttəfiq kimi etibarsızlığı fikri daha çox xalqları və dövlətləri məşğul edəcəkdir.
Co Baydenin dediyi sözlər Türkiyə üzərində hər hansı hüquqi, siyasi, mənəvi öhdəlik yaradırmı? Xeyir. Nə hər hansı bir ölkənin prezidentinin dediyi sözün, nə də parlamentinin qəbul etdiyi qərarın Türkiyə kimi güclü, nüfuzlu, ədalətli dövlətin həyatına təsiri olmamış və olmayacaqdır.
Əksinə, Baydenin səsləndirdiyi məntiqdən və tarixi ədalətdən kənar ifadənin bölgəmizdə sülhün və birgəyaşayışın bərpasına mənfi təsiri ola bilər, ermənilərin yeni illüziyalara həvəsləndirə bilər.
İstənilən halda Baydenin açıqlaması tarixi həqiqətə söykənmir, ədalətə, sülhə, barışa xidmət etmir.
Mən deyə bilmərəm, cənab Bayden soyqırım ifadəsini düşünüb- daşınaraq işlədib, yoxsa bu ifadəni seçərkən dili büdrəyib. Hər halda, böyük bir dövlətin başçısı gərək heç büdrəməsin, nə yeriyəndə, nə də danışanda!