Home Manşet Azərbaycan Prezidentinin tövsiyəsi ilə builki “Xaribülbül” festivalı Azərbaycan multikulturalizm ənənələrinin simvoluna çevrildi

Azərbaycan Prezidentinin tövsiyəsi ilə builki “Xaribülbül” festivalı Azərbaycan multikulturalizm ənənələrinin simvoluna çevrildi

289
0
SHARE

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada iki gün davam edən  “Xarıbülbül” musiqi festivalının keçirilməsi bizim üçün çox böyük tarixi-mənəvi və mədəni hadisədir. Nəzərə alsaq ki, Şuşa mədəniyyətimizin beşiyidir, orada həmişə ədəbi günlər, yaradıcılıq gecələri, çoxsaylı mədəni tədbirlər keçirilib. Bu baxımdan “Xarıbülbül” musiqi festivalının bərpa olunması çox böyük məna kəsb edir.  Bu festival sonuncu dəfə 1989-1990-cı illərdə keçirilmişdi. Ermənistanın Azərbaycana təcavüzündən sonra bu mədəniyyət tədbiri sadəcə fotolarda vəvideo kadrlarda qalmışdı. Lakin 30 ildən sonra Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli xadimlərin vətəni, eləcə də tarixi mədəniyyət mərkəzi və Qarabağın baş tacı olan Şuşa şəhəri işğaldan azad edildi. Prezident İlham Əliyev azadlığına qovuşan, 270 illik tarixi olan Şuşa şəhərini yenidən bərpa edir, dirçəldir, əvvəlki şöhrətinin qaytarılması üçün yeni dövr başladır.  Müzəffər Ali Baş Komandan İlham Əliyevin musiqi festivalının açılışında qeyd etdiyi kimi, xalqımız bu günü 30 il səbirsizliklə gözlədi,  heç vaxt torpaqlarımızın işğalı ilə barışmadı,  nəyin bahasına olursa-olsun  ərazilərimizin işğalçılardan azad ediləcəyinə tam əmin idi.

Azərbaycan Prezidentinin tövsiyəsi ilə builki “Xaribülbül” festivalı həm də Azərbaycan multikulturalizm ənənələrinin simvoluna çevrildi. Ramazan bayramına təsadüf edən bu festivalda Şuşada azanın verilməsi, bayram namazının qılınması, yeni məscidin təməlinin qoyulması Şuşa şəhərinin ruhunun, tarixi kimliyinin bərpası idi. Dövlət rəhbəri bir neçə vaxt bundan öncə bu şəhəri mədəniyyətimizin paytaxtı elan etməklə Şuşanın tarixi kimliyini bir daha özünə qaytardı. Bu qədim şəhərimizin dəyərini, qiymətini bütün dünyaya bir daha bəyan edərək mesaj verdi. Artıq dünya Azərbaycanın mədəniyyət paytaxtının öz sahiblərinə qaytarıldıqdan sonra necə möhtəşəm şəkildə dəyişildiyini görür. Azərbaycan bu torpaqlara yenidən həyat qaytarır, dağıdılmış şəhərlərə ruh və can verir.

Ulu Öndər Heydər Əliyev Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinə böyük qayğı göstərərək onun inkişafına çalışırdı. Ulu Öndər Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. 1970-ci illərin ikinci yarısında Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşanın inkişafı məqsədilə bir neçə xüsusi qərar qəbul edilmişdi. Ümummilli Lider Heydər Əliyev Şuşanın Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdi ki, Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur. Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim uca tutan Prezident İlham Əliyev də Vətən savaşı zamanı müsahibələrinin  birində “Şuşasız bizim işimiz yarımçıq olar” demişdi. Prezident İlham Əliyev bu vədini də yerinə yetirdi. Və xalqımızın tarixində, mədəniyyətində, qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini Şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində 28 ildən sonra yenidən öz doğmalarına qovuşdurdu.

Qarabağın incisi, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa ölkəmizin qədim tarixini özündə yaşadır. Bu şəhər milli mədəniyyətimizin mərkəzi, poeziyamızın və musiqimizin beşiyidir. Əbəs yerə Şuşanı Qarabağın döyünən qəlbi adlandırmırlar. Şuşanın bərpası, dirçəldilməsi, tarixi simasının qaytarılması Qarabağın döyünən ürəyinin, regionun mədəniyyət mərkəzinin yenidən dirçəldilməsi deməkdir. Bu həm də milli qürurumuzun, mənliyimizin, mədəniyyətimizin, incəsənətimizin, tariximizin bərpa edilməsi, yenidən yüksəliş mərhələsinə daxil olmasıdır. Bu mənada Şuşada Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalının keçirilməsi olduqca mühüm tarixi hadisədir.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı