Home Manşet Şuşa dirçəlir: Çoxtərəfli turizm potensialı şəhərin şöhrətini daha da artıracaq

Şuşa dirçəlir: Çoxtərəfli turizm potensialı şəhərin şöhrətini daha da artıracaq

244
0
SHARE

1990-cı illərin əvvəlləri Dağlıq Qarabağın və ətraf rayonların işğalı Azərbaycanı təkcə ərazi baxımından deyil, həm də iqtisadi, sosial və mədəni itkilərlə üzləşdirdi. Buraya turizm sektorundakı maddi və mənəvi itkiləri də daxil etməkliyik. Çünki, Qarabağ Azərbaycanın tarixi –mədəni mərkəzlərindən biri olmaqla yanaşı, həm də gözəl təbiəti ilə seçilirdi. Hələ keçmiş sovetlər zamanında burada yaradılmış kurort zonaları, istirahət və əyləncə guşələrinə hər il dünyanın bir çox yerindən minlərlə turist axın edirdi. Qarabağın təmiz havası, müalicəvi əhəmiyyətli suları bu torpaqları daha da cəlbedici edirdi. Şuşadakı “Şuşa sanatoriyası”, istirahət evləri, məktəblilərin yay tətilində dincəlməsi üçün nəzərdə tutulan pioner düşərgələri və digər turizm məskənləri isə xüsusilə seçilirdi.

Azərbaycanın qeyri-adi təbiətə sahib, ən səfalı guşələrindən olan Şuşanın turizm imkanlarından danışarkən İsa bulağı, Turşsu, Səkili bulağı, Soyuqbulaq, Yüzbulaq, Qırxbulaq, Çarıqbulaq və digər nadir təbiət möcüzələrinin adını xüsusilə çəkməliyik.

Şuşanın turizm tarixinə qısa nəzər

Öncə Şuşanın turizm tarixinə qısa nəzər salmaq istərdik. Tarixi mənbələrə görə, Şuşa şəhərində turizm fəaliyyətinin rəsmi təşəkkülü 1935-1936-cı illərə təsadüf edir. Şuşada ilk istirahət evi 1936-cı ildə istifadəyə verilib. Oradakı pansionat isə 1964-cü ildə yaradılıb, 1970-ci ildən sanatoriyaya çevrilib. Sanatoriya mədə-bağırsaq xəstəliklərinin müalicəsi üzrə ixtisaslaşıb. Bütün keçmiş SSRİ-də məşhur olan Şuşa Turşsu turist bazası isə 1970-ci ildən fəaliyyətə başlayıb və tez bir zamanda SSRİ məkanında məşhurlaşıb.

1971-ci ildə fəaliyyətə başlamış Xankəndi Səyahətlər və Ekskursiyalar Bürosu (SEB) və 1972-ci ildə istifadəyə verilmiş Şuşa “Şəfa” Turist Bazası da bu obyektlər sırasındadır. Turizm və Ekskursiyalar Şurası Qarabağda turizm təyinatlı obyektlərin tikintisini, bütövlükdə bölgənin turizm potensialından istifadə olunması prosesini sonralar yüksələn xətlə davam etdirib. Ardıcıl olaraq 1984-cü ildə Şuşa Səyahətlər və Ekskursiyalar Bürosu, 1986-cı ildə Ağdam Səyahətlər və Ekskursiyalar Bürosu, 1988-ci ildə isə Ağdam “Şahbulaq” Turizm Bazası məhz bu şuranın balansında yaradılıb.

Şuranın rəsmi rəqəmlərinə görə, təkcə 1990-cı ildə Şuşa Turist Bazası 1.178.910 rubl, Şuşa SEB 106.357 rubl, Ağdam Turizm Bazası 1.904 rubl, Ağdam SEB 103.789 rubl həcmində turizm-ekskursiya xidməti göstərib.

Şuşada “Ev turizmi” hələ ötən əsrin ortalarından mövcud olub

Şuşada respublika və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə tabeli 17 pioner düşərgəsi, respublika üzrə 1 ixtisaslaşmış uşaq sanatoriyası yerləşirdi. Ən böyük şəhərlərdə belə bu sayda məktəb düşərgələri olmayıb. Şuşanın təkrarsız təbiəti, təmiz havası düşərgə layihələrinin buraya salınmasında əhəmiyyətli rol oynayıb.
21-ci əsrdə “Ev turizmi” anlayışı Azərbaycanın bölgələrində yeni-yeni təşəkkül tapsa da, Şuşada “Ev turizmi” hələ ötən əsrin ortalarından mövcud olub. Şuşa şəhəri, eləcə də rayonun Xəlfəli və Turşsu kəndlərində təxminən 2 min ailədən artıq rayon sakini mənzillərini turistlərə kirayəyə verirmiş…

Şuşa bütün SRRİ-nin əsas turizm mərkəzlərindən biri idi

Şuşanın infrastrukturu elə qurulmuşdu ki, gələn turist orada hərtərəfli istirahətini təmin edə bilirdi. Şəhərdə geniş yay kinoteatrı fəaliyyət göstərirdi. Təbii ki, Şuşaya həm də müalicə məqsədilə gəlirdilər. Şuşanın quru və saf havası ağciyər, astma, nəfəs borusu xəstəliklərindən əziyyət çəkənlər üçün əvəzsiz idi. O cümlədən, şəhərin mərkəzinə yaxın Turşsu müalicəvi suyu Şuşaya gələnlərin sevimli yeri idi.
Şuşanın əsas gəlir mənbəyi də turizm biznesi hesab olunurdu. Bu da bədxah erməniləri həmişə qıcıqlandırırdı. Çünki Dağlıq Qarabağda mənzərəli yerlər çox olsa da, Şuşa öz qədimliyi və təmiz havası ilə bütün SRRİ-nin əsas turizm mərkəzlərindən biri hesab olunurdu.

Təəssüf ki, 1990-cı illərin əvvəlləri bədxah qonşularımız olan ermənilərin Azərbaycana qarşı mənfur niyyəti və işğalçılıq siyasəti nəticəsində bütün bu imkanlar məhv edildi. 30 ilə yaxın işğal dövründə Şuşa başda olmaqla, Dağlıq Qarabağ və ətraf rayonlar talan edildi. Tarixi, mədəni abidələr, eləcə də təbii resurslar tamamilə yağmalandı.

Nəhayət, düz 28 ildən sonra ilahi-ədalət qalib gəldi – Azərbaycan Ordusu yağı düşməni “iti qovan kimi” Qarabağdan, eləcə də onun tacı olan Şuşadan qovdu. Artıq ölkəmizin ərazi bütövlüyü təmin olunub. Şuşa başda olmaqla, işğaldan azad olunan şəhər, rayon və kəndlərimizdə çox sürətlə tikinti-bərpa işləri aparılır.

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”

Bu sözlər Prezident İlham Əliyevin 8 noyabr 2020-ci il tarixdə Şuşanın azad edilməsi ilə bağlı Azərbaycan xalqına müjdəsidir. Bu müjdədən çox qısa bir müddət keçməsinə baxmayaraq, Şuşa, eləcə də işğaldan azad edilən bütün ərazilər gözümüzün önündə dirçəlir. Şuşa artıq Azərbaycanın mədəniyyət paytaxtıdır, tarixi “Xarıbülbül” festivalı və “Xarıbülbül” oteli yenidən “doğulub”. Şəhər tarixi simasını saxlamaqla ən müasir formada bərpa edilir. Burada müasir turizm infrastrukturu yaradılır. Xüsusən də modern memarlıq nümunəsi olacaq yeni məscidin təməlinin qoyulması Şuşanın yaxın gələcəkdəki heyrətamiz simasının işartılarıdır.

Şuşanın keçmiş şöhrətini bərpa edib, onu dəfələrlə yüksəltmək əsas məqsəddir

Dövlət Turizm Agentliyinin məlumatına görə, ilkin planlarda nəzərdə tutulur ki, Şuşa şəhərində mədəniyyət tədbirləri və festivallar keçirilsin. Turizm məhz bu istiqamətdə daha çox inkişaf etdiriləcək. Şuşa şəhərinin coğrafi yerləşməsi unikaldir. Şəhərin bütün azərbaycanlılar üçün simvolik mənası var. Bundan əlavə, Şuşa şəhərinin zəngin mədəni, tarixi irsi var ki, bu istiqamətdə də müvafiq turizm məhsulları, turizm marşrutlarının qurulması planlaşdırılır.

Onu da qeyd edək ki, Füzuli, Zəngilan və Laçın rayonlarında beynəlxalq hava limanlarının tikintisi Şərq-Qərb nəqliyyat dəhlizinin, həmçinin, yükdaşımaların və turizmin inkişafına da müsbət təsir göstərəcək.

Təbii ki, bütün bunlar Şuşa şəhərinin keçmiş şöhrətini nəinki bərpa edəcək, hətta dəfələrlə yüksəldəcək. Şuşa yenidən nəinki Azərbaycanın, bütün türk və islam dünyasının, Qafqaz coğrafiyasının, eləcə də dünyanın əsas turizm mərkəzlərindən biri olacaq.