Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi, sağlam qidalanmanın təşviqi və istehlakçı hüquqlarının qorunması istiqamətində tədbirləri davam etdirir. Cəmiyyətimizin bugünkü inkişaf səviyyəsi, yeni tendensiyalar qida təhlükəsizliyi ilə bağlı ciddi dəyişiklikləri qaçılmaz edir. Bu işdə ən vacib məqamlardan biri də istehsalçıların və istehlakçıların maarifləndirilməsidir.
Qida təhlükəsizliyi və istehlakçı hüquqlarının qorunması ilə bağlı aktual və ətraflı məlumatları özündə əks etdirən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mətbu orqanı olan “Süfrə” elmi-kütləvi jurnalının növbəti – VII sayı çapdan çıxıb.
Qeyd edək ki, nəfis tərtibatda və yüksək keyfiyyətlə nəşr olunan “Süfrə” jurnalı geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Jurnalın təsis edilməsində əsas məqsəd təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə bağlı istehlakçıların maarifləndirilməsi, sağlam qidalanmanın təşviqi, həmçinin qida təhlükəsizliyi sisteminin səmərəliliyinin və şəffaflığının artırılması, onun beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə həyata keçirilən tədbirlər barədə məlumatların ictimaiyyətə çatdırılmasıdır.
“Süfrə” jurnalının VII sayı da bir-birindən maraqlı rubrikalarla oxucuların görüşünə gəlib. Belə ki, “Persona” rubrikasında əsərlərində milli-mədəni irsimizi, tariximizi, eləcə də Azərbaycan nemətlərini, qida və süfrə elementlərini uğurlu şəkildə əks etdirən Azərbaycan Rəssamlar İttifaqının üzvü Kəmalə Musa ilə müsahibəni oxuya bilərsiniz.
Azərbaycanda qoyun əti digər ölkələrlə müqayisədə daha çox istehlak olunur. “Qida akademiyası” rubrikasında dərc olunmuş məqalədə qoyun ətinin xarakterik xüsusiyyətləri barədə vacib məqamlar təqdim olunub. Bu rubrikada AQTİ mütəxəssislərinin yazdığı “Göylə gedən” qidalar” və “Yaşıl” qablaşdırma” başlıqlı məqalələrlə də tanış ola bilərsiniz.
“Həkim sözü” rubrikasında isə diyetoloq-həkim İlqar Şamilov müalicə və xəstəliklərin profilaktikasında pəhriz və diyetoloqun rolundan danışıb.
Uşaqların boyartımına fiziki fəaliyyət, sağlamlıq, ətraf mühit, düzgün və balanslı qidalanma və digər faktorlar təsir edir. Mütəxəssislərin fikrincə, uşağın daha çox oturaq həyat tərzi keçirməsi də (dərsdə, kompüter arxasında və s.) boyatmada geriləməyə səbəb ola bilir. Uşaqların orqanizmi 12-13 yaşa qədər aktiv şəkildə böyüyür və yetkin orqanizmlə müqayisədə daha çox vitamin tələb edir. Uşaqların boyartımı üçün zəruri olan vitamin və minerallarla zəngin qidalar barədə “Sağlamlıq məktəbi” rubrikasında tövsiyələr təqdim olunub.
Bitkiçilik məhsullarının ixracı zamanı operativliyin və şəffaflığın təmin edilməsi məqsədilə geniş imkanlar mövcuddur. Belə ki, fitosanitar sertifikatın alınması proseduru xeyli asanlaşıb. “Qida biznesi” rubrikasında fitosanitar sertifikatın əldə edilməsi üçün tələb olunan şərtlər barədə ətraflı məlumat öz əksini tapıb. Nazirlər Kabineti tərəfindən müəyyən edilən qaydalar və təsdiqlənən metodiki göstərişlər barədə “Pandemiya dövründə ictimai iaşə müəssisələrində zəruri qaydalar” başlıqlı məqalədə geniş bəhs edilib.
“Süfrə”nin VII sayından yüksək qidalılıq dəyərinə malik olan arı südünün, eləcə də keçibuynuzunun orqanizmə faydası barədə dolğun məlumatların yer aldığı məqalələri də oxuya bilərsiniz. Həmçinin qədim təamlardan biri olan halvanın, Ordubad qayğanağının hazırlanması barədə zəruri tövsiyələr də oxucularla bölüşülüb. “Kinomenyu” rubrikasında isə Azərbaycan kinosunun ilk rəngli filmi olan “Ad günü”ndən maraqlı süfrə səhnələri təqdim olunub.
Jurnalın bu sayında “Balığın təmizlənməsində ipucları”, “Dünyada tanınan yemək kanallarımız” kimi maraqlı məqalələr də dərc olunub.
Qeyd edək ki, “Süfrə” jurnalının VII sayını əldə etmək üçün (012) 565-12-72 (daxili nömrə – 553) telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.