22 və 23 may tarixlərində Macarıstanın paytaxtı Budapest şəhərində idman gimnastikası üzrə beynəlxalq turnir keçirilib.
Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, Bu yarışda ölkəmizi kişi idman gimnastikası üzrə yığma komandanın üzvləri Mənsum Səfərov, Anar Həsənov, Aydın Əlizadə, Ramin Dəmirov və Rəsul Əhmədzadə təmsil edib.
Bu yarışda gimnastlarımız komanda hesabına 10 medal yazdırıblar.
Medallardan təkcə 6-sı Aydının payına düşür. Çoxnövçülük yarışlarında gümüş medal qazanmış Aydın, bu gün keçirilmiş final mərhələsində halqalarla fəxri kürsünün 1-ci, dayaqlı tullanma, sərbəst hərəkətlər, turnikdə çıxışına görə 2-ci, paralel qollarda isə 3-cü pilləsinə yüksəlib.
Rəsul çoxnövçülük və sərbəst hərəkətlərdə bürünc medal, dəstəli at üzərində hərəkətlərə görə isə gümüş medal qazanıb. Onun komanda yoldaşı Ramin isə halqalar üzərində hərəkətlərdə 2-ci olub.