Home Manşet Sədaqət Vəliyeva: Dünyanın aparıcı dövlətlərinin liderlərinin ünvanladıqları məktublar Prezident İlham Əliyevin qlobal...

Sədaqət Vəliyeva: Dünyanın aparıcı dövlətlərinin liderlərinin ünvanladıqları məktublar Prezident İlham Əliyevin qlobal əhəmiyyətli fəaliyyətinə verilən yüksək qiymətdi

613
0
SHARE

“Artıq bir neçə gündür ki, dünyanın aparıcı ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri Azərbaycan Prezidenti İlham Əliyevə 28 May – Respublika günü münasibətilə təbrik məktubları göndərməkdədirlər. Məktub ünvanlayan liderlərin arasında ABŞ, Rusiya, Çin, İran, İtaliya, Hindistan, Almaniya prezidentlərinin, Birləşmiş Krallığın kraliçasının, Yaponiya imperatorunun və başqalarının da olması Azərbaycana olan beynəlxalq diqqətin göstəricisidir. Onu da unutmayaq ki, mühüm tarixi günlərdə dövlətlərarası təbrik məktublarının ünvanlanması diplomatik etiket olsa da, bu, həm də həmin ölkənin dünyadakı roluna, əhəmiyyətinə, siyasi-iqtisadi çəkisinə, eləcə də onun liderinə olan səmimi münasibətdir, maraqdır”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Azərbaycanın birbaşa təşəbbüsü və iştirakı ilə Cənub Qaz Dəhlizinin, Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması ilə Avrasiya geosiyasi məkanında nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsinə, qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsinə, “Dostluq” yatağının Türkmənistanla birgə işlənilməsi ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsi strategiyasına töhfələr verməsi, həmçinin COVİD-19 pandemiyası ilə qlobal  mübarizə prosesində aktiv iştirak etməsi ölkəmizin əhəmiyyətini daha da artırıb: “Məsələn, ABŞ Prezidenti Cozef Baydenin məktubunda dünya ölkələrinin təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində Azərbaycanla birgə səylərin qeyd olunması, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin məktubunda “Sizin ölkəniz dünya arenasında yüksək nüfuz qazanıb, beynəlxalq gündəlikdəki çoxsaylı mühüm məsələlərin həllində fəal rol oynayır” yazılması, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin məktubunda Azərbaycanın dünyada COVID-19 pandemiyasına qarşı mübarizədə fəallığının bildirilməsi, Çin Xalq Respublikasının Sədri Si Cinpinin məktubunda “Bir kəmər, bir yol” müştərək layihəsi üzrə əməkdaşlığın dərinləşməkdə davam etməsinin vurğulanması bir daha Azərbaycanın yalnız regionda deyil, ümumilikdə dünyada çəkisinin və rolunun artmasından xəbər verir”.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, Azərbaycan artıq bütün sahələrdə sürətli tərəqqiyə nail olmuş, öz milli maraqlarının müdafiəsində və tarixi ədalətin bərpa edilməsində uğur qazanmış dövlət kimi də diqqət mərkəzindədir: “Bu mənada, dünyanın aparıcı dövlətlərinin liderlərinin ünvanladıqları məktublar Prezident İlham Əliyevin qlobal əhəmiyyətli fəaliyyətinə verilən yüksək qiymətdir. Eyni zamanda, ölkəmizin dünyadakı nüfuzunun, beynəlxalq münasibətlərdəki önəmli rolunun, qlobal iqtisadi və humanitar layihələrdə liderliyinin, siyasi və iqtisadi potensialının göstəricisidir”.