Home Manşet Azərbaycanın ermənilərə qarşı humanist davranışı Avropa Məhkəməsi tərəfindən də təqdir olunur

Azərbaycanın ermənilərə qarşı humanist davranışı Avropa Məhkəməsi tərəfindən də təqdir olunur

615
0
SHARE

Məlum olduğu kimi ötən gün İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Ermənistanın hazırda Azərbaycanda saxlanılan 11 Ermənistan vətəndaşının dərhal sərbəst buraxılması tələbini rədd edib. Bu, bir daha Azərbaycan hökumətinin əsir götürülən və beynəlxalq qanunlarla təsbit olunmuş, ölkənin daxili qanunvericiliyini və beynəlxalq hüququ pozan, habelə ağır hərbi cinayətlər törətməkdə şübhəli bilinən şəxslərə qarşı ölkəmizdə təşəkkül tapmış humanizm ənənələrinə həssaslıqla yanaşdığını nümayiş etdirdi.  Nəzərə alsaq ki, Ermənistandan fərqli olaraq Azərbaycanda hərbi əsirlərə və qanunsuz şəkildə sərhədi pozub ərazimizə daxil olan erməni vətəndaşlarına qarşı humanist münasibət göstərilib, bu baxımdan Azərbaycan bir çox mülki ermənini və hərbçini öz ölkəsinə geri qaytarıb

Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun Ermənistanın işğalı altında olan torpaqlarımızın düşmən təcavüzündən azad edilməsi istiqamətində həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində düşmən böyük itkilər verib. Azərbaycan Ordusu tərəfindən əsir götürülən işğalçı ordunun əsgərlərinə dövlətimizin münasibəti bu gün də göz qabağındadır. Bütün əsirlərlə beynəlxalq tələblər səviyyəsində, humanistcəsinə davranılıb, yaralı erməni hərbçiləri ölkəmizin müasir xəstəxanalarında müalicə edilib, onlara insanlıq qayğısı göstərilib. Belə ki, Azərbaycanda saxlanılan bütün erməni hərbi əsirlər və mülki şəxslərlə 1949-cu il Cenevrə Konvensiyalarının tələblərinə uyğun olaraq rəftar edilib. Azərbaycanlılar ermənilərdən fərqli olaraq sülhsevər, humanist, bəşəri dəyərlərə önəm verən xalqdır. Vətən müharibəsi zamanı Azərbaycan tərəfi hərbi əsrlərə qarşı da humanist və qaydalara uyğun davranırdı. Heç müharibə bitməmiş elə Hadrut qəsəbəsində ermənilərin qoyub qaçdıqları yaşlı 2 şəxs Azərbaycan tərəfindən Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistana qaytarıldı. Amma Ermənistan nə Birinci, nə də İkinci Qarabağ müharibəsi dövründə azərbaycanlı əsirlərə qarşı bu cur humanist münasibətdə olmayıb.

Təkcə Xocalıda əsir götürdükləri minlərlə azərbaycanlının başına gətirdikləri tükürpədici işgəncələri xatırlamaq onların əsirlərlə insanlıqdan uzaq rəftarını göz önünə gətirməyə yetir. Və heç də uzaq tarixdə baş verməyən bu vandallıqlarla bağlı saysız faktlar, elə erməni vəhşiliklərinə məruz qalan minlərlə canlı şahid var.

Bununla müqayisədə Ermənistanın hazırda Azərbaycanda saxlanılan 11 vətəndaşının dərhal sərbəst buraxılması tələbi əsassızdır və İHAM-ın da qəbul etdiyi kimi cinayət təqibi başa çatana qədər bu şəxslərin həbsdə saxlanılması mütləqdir. Çünki Ermənistanın dərhal sərbəst buraxılmasını tələb etdiyi şəxslərdən ikisi – Lüdviq Mkrtçyan və Alyoşa Xosrovyan – Azərbaycan vətəndaşlarına işgəncə verməkdə təqsirləndirilərək hazırda məhkəmə istintaqına cəlb olunublar. Azərbaycan da öz hüquq və öhdəliklərinə uyğun olaraq, beynəlxalq və daxili hüququn müəyyən olunmuş prinsiplərinə riayət etməyə və bu təqibi başa çatdırmağa sadiqdir. Azərbaycan bu şəxslərin vəziyyəti ilə bağlı olan bütün tələbləri yerinə yetirib.

Bu gün regionda uzunmüddətli sülhün, əməkdaşlığın və təhlükəsizliyin təmin olunması üçün real şərait yaransa da, qarşı tərəfin buna hazır olmadığı ortadadır. Azərbaycan bu prosesə tam hazırdır. İndi növbə Ermənistanındır. Lakin Ermənistan faşizm və işğalçılıq niyyətindən əl çəkdiyini sübut etmək üçün, ilk növbədə, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və əsir götürülmüş vətəndaşlarımız haqqında məlumatları Azərbaycan tərəfinə təqdim etməlidir.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı