Home Manşet Hikmət Babaoğlu: Bu fikirlərin heç bir əsası yoxdur

Hikmət Babaoğlu: Bu fikirlərin heç bir əsası yoxdur

370
0
SHARE

Bu gün Azərbaycanın bir nömrəli gündəmi tarixi qələbəmiz, uzun illərdir gözlədiyimiz Qarabağa Böyük Qayıdış və inkişafımızın bundan sonra da davam etdirilməsidir. Bunlardan başqa hər hansı bir ekstroardinar məsələnin ictimai gündəmə daxil edilməsi cəhdləri ölkəmizdə süni gündəm yaratmaq istəyənlərin uğursuz manipulyasiyasıdır. Ona görə də son günlər Azərbaycanda referendumun, yaxud Milli Məclisə yenidən seçkilərin keçirilməsi ilə bağlı səsləndirilən fikirlərin heç bir əsası yoxdur. Ən önəmlisi isə bu tip məsələlər ictimai sifariş deyil. Ona görə ki, hazırda Azərbaycanda tarixi zəfərə imza atmış qüdrətli və güclü milli dövlət, onun institusional qurumları var. Hökumət olduqca səmərəli fəaliyyət göstərməklə COVID-19 pandemiyası şəraitinə baxmayaraq, iqtisadi-siyasi və sosial sahədə mümkün olan bütün işləri uğurla həyata keçirir. Hakimiyyətin başqa bir qolu olan ali qanunverici orqan – Azərbaycan Respublikasının Milli Məclisi yeni formalaşan konfiqurasiyası ilə istər qanunvericilik fəaliyyəti, istərsə də digər funksiyaları çərçivəsində mühüm işlər görür. Elə bu günlərdə Türkiyə-Azərbaycan-Pakistan parlamentləri arasında imzalanan Bakı Bəyannaməsi parlamentin beynəlxalq əlaqələri necə yüksək səviyyədə qurmağı bacarmasının bir göstəricisidir. Buna paralel olaraq 2020-2021-ci qanunvericilik ilində qanun yaradıcılığı istiqamətində parlamentin intensiv fəaliyyəti yalnız təqdir oluna bilər. Eyni zamanda, yeni tərkibdə Milli Məclis üzvlərinin seçicilərlə işləmək, onların problemlərinin həll edilməsi işində yeni təcrübə yaratması da xüsusi vurğulanmalı məsələlərdən biridir. İcra hakimiyyəti orqanları ilə koordinasiyalı fəaliyyət nəticəsində Milli Məclisə ünvanlanmış vətəndaş müraciətlərinin qısa müddətdə həll edilməsi istiqamətində atılan addımlar da ictimai diqqətin təqdir etdiyi hadisədir. Əgər ictimai münasibətləri layiqincə tənzimləyə bilən, demokratik siyasi sistemin hüquqi əsaslarını təşkil edən Konstitusiya və bu konstitusion tələblərdən irəli gələn əsaslarda formalaşmış yeni Milli Məclis varsa, o zaman nə hər hansı bir referenduma, nə də yeni parlament seçkilərinə heç bir ehtiyac yoxdur.
Hikmət Babaoğlu

Milli Məclisin deputatı