«44 günlük Vətən müharibəsinin hər gününü tariximizə qələbə səhifəsi kimi yazan Azərbaycan Ordusu 2020-ci il oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan (keçmiş Madagiz) qəsəbəsini və Talış kəndini Ermənistan silahlı qüvvələrinin işğalından azad etdi. Artıq həmin vaxtdan bizi bir illik zaman məsafəsi ayırır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 3-də Bərdə və Tərtər rayonlarına səfəri çərçivçəsində Suqovuşan qəsəbəsində və Talış kəndində bayrağımızı ucaltdı. Bu mühüm hadisənin çox dərin rəmzi mənası və əhəmiyyəti vardır. 30 ilə yaxın dövrdə torpaqlarımızın işğaldan azad edilməsi, üçrəngli bayrağmızın bu ərazilərdə dalğanlanması arzusu ilə yaşayan xalqımız artıq bir ildir ki, bu reallığın sevincini yaşayır. Ölkə Prezidentinin işğaldan azad edilmiş torpaqlarımıza səfərləri zamanı bayrağımızın ucaldılması mərasiminin xüsusi qeyd olunması isə işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə bir daha bu ciddi mesajı çatdırır: Bayrağımız torpaqlarımızda daim dalğalanacaq, biz doğma Qarabağımızda əbədi yaşayacağıq.»
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, 2020-ci il oktyabrın 3-də Suqovuşan qəsəbəsinin və Talış kəndinin işğaldan azad olunması Azərbaycan Ordusunun gücünün, qüdrətinin əyani təcəssümü, əsgər və zabitlərimizin qəhrəmanlıq nümunəsidir: «Bu yerləri işğaldan azad etmək naminə ölümün gözünə dik baxmaq, müqəddəs məqsəd uğrunda savaşa atılmaq xalqımızın böyüklüyünü göstərir. Hər iki yaşayış məntəqəsində Dövlət bayrağının ucaldılması ilə şəhidlərimizin əziz xatirəsinə bir daha ehtiram ifadə olundu. Qələbəmiz isə birliyimizin, həmrəyliyimizin, «Dəmir yumruq» kimi birləşməyimizin təqdimatı oldu. Bu birlik, eyni zamanda, orduya dayaq oldu, Müzəffər Ali Baş Komandana arxa olaraq Zəfərimizi təmin etdi. Azərbaycan Ordusu düşmənin başını əzdi, dünyanın hərb tarixinə yeni parlaq səhifə yazdı. «Qarabağ Azərbaycandır və nida işarəsi» devizi Vətən müharibəsinin rəmzinə çevrildi.»
Suqovuşan qəsəbəsinin və Talış kəndinin strateji əhəmiyyətindən bəhs edən V.Rəhimzadə vurğulayıb ki, bu ərazilərdə düşmənin çox böyük canlı qüvvəsi və hərbi texnikası cəmləşmişdi: «Kəndlərin azad olunması bölgədəki strateji yollara nəzarətimizi təmin etdi və düşmənin canlı qüvvəsinin hərəkəti, manevrləri üçün çox böyük problemlər, məhdudiyyət yaradıldı. Vətən müharibəsinin son gününə qədər bu canlı qüvvə digər əməliyyatlarda iştirak edə bilmədi. Azərbaycan Ordusunun taktiki addımları və manevr imkanları düşünülmüş addımlar idi. Bir sözlə, sentyabrın 27-də müharibənin ilk günündə əldə edilmiş qələbələrdən sonra strateji əhəmiyyətli Suqovuşan qəsəbəsinin və Talış kəndinin azad edilməsi ordumuza, xalqımıza əlavə mənəvi güc verdi.»
«Ölkə Prezidentinin “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışında iştirakı da bir çox məqamların təqdimatıdır» söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, bu mühüm hadisə Suqovuşan su anbarına nəzarətin təmin edilməsi, Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonların su təminatı probleminin həlli deməkdir: «Əvvəlki illərdə Suqovuşan su anbarına nəzarət edən ermənilərin ekoloji terror törətmələri, bu məsələnin Avropa Şurası Parlament Assambleyasında müzakirəyə çıxarılması və məruzənin qəbul olunması da məlum olaylardandır. Torpaqlarımızın işğaldan azad edilməsi malik olduğumuz sərvətlərimizin, resurslarımızın qorunmasını və onlardan səmərəli istifadəni təmin edir. Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışı, Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlinin qoyulması da səfərin əhəmiyyətli hadisələrindən oldu. Bir daha bu reallığa işıq salındı ki, bölgələrin inkişafı, tərəqqisi infrastruktur layihələrinin uğurlu icrasından asılıdır. Ümumilikdə tarixi Zəfərimizdən sonra ilk addımlar bu ərazilərdə müasir yol infrastrukturunun yaradılması istiqamətində görülən işlərlə xarakterizə olunur. Bir daha tam əmin oluruq ki, atılan hər bir addım Azərbaycanın dayanıqlı inkişafına böyük töhfələr verəcək.»
V.Rəhimzadə 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin döyüş meydanında məğlubiyyətlərlə barışmayaraq baş nazir Nikol Paşinyanın tapşırığı ilə iki dəfə Gəncə şəhərini, daha sonra Bərdə və Tərtəri raket atəşinə tutmalarından bəhs edərək bildirib ki, cənab İlham Əliyevin səfər çərçivəsində Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin “Smerç” raketləri ilə hücumu nəticəsində Tərtər şəhərinin sakini Sahib İsmayılovun dağılmış evinə baxması və onun əvəzinə inşa edilən yeni evdə yaradılan şəraitlə tanış olması bir daha erməni vəhşiliklərinin təqdimatında mühüm rol oynadı. Belə ki, müharibə dövründə Ermənistan ordusunun dinc azərbaycanlı əhaliyə qarı törətdiyi cinayətlər, şəhər, qəsəbə və kəndlərin raketlərdən atəşə tutulması, dinc insanların hədəfə götürülməsi hərbi cinayətdir. Ermənistan beynəlxalq hüquqa zidd bu kimi əməllərinin cəzasını alacaq. 30 ilin işğalına 44 gündə son qoyub ədaləti bərpa, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edən Azərbaycan ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti nəticəsində Ermənistanın törətdiyi bu cinayətlərə görə cəzalandırılacağına nail olacaq.»
Müharibə vaxtı zərər çəkmiş vətəndaşların yaşayış və digər problemlərinin həlli ilə bağlı görülən işlərdən bəhs edən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər zaman hər bir Azərbaycan vətəndaşının yanındadır: «Onların problemləri, qayğıları dam dövlətin diqqət mərkəzindədir. Hər addımda özünə diqqət və qayğının şahidi olan ölkə əhalisinin Prezidentinə sevgisi böyükdür. Prezident İlham Əliyevə Zəfər qazandığmız gündən bugünədək ünvanlanan təşəkkür məktubalarında da bu inam və etimad öz əksini tapır. Torpaqlarımızın xilaskarı kimi adını tarixə yazan dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, bundan sonra qalib xalq və müzəffər ölkə kimi işğaldan azad etdiyimiz torpaqlarımızda əbədi yaşayacağıq.»