Home Biznes və iqtisadiyyat xəbərləri Prezidentin Brüssel səfəri Azərbaycanın növbəti siyasi-diplomatik qələbəsi, Ermənistanın və “5-ci kolon”un fiaskosu...

Prezidentin Brüssel səfəri Azərbaycanın növbəti siyasi-diplomatik qələbəsi, Ermənistanın və “5-ci kolon”un fiaskosu ilə nəticələndi

345
0
SHARE

“Vətən müharibəsində qazanılmış Zəfərdən sonra Ermənistanın kapitulyasiya etməsi Azərbaycanın hərbi qələbəsi demək idi. Prosesin davamı olaraq, Azərbaycan Moskvada və Soçidə keçirilmiş görüşlərdən siyasi-diplomatik qələbə ilə ayrıldı ki, bununla da Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur edildi. Əlbəttə ki, bütün bunlar Brüssel qələbəsini də labüdləşdirirdi. Çünki heç kəsdə şübhə yox idi ki, Prezident İlham Əliyev Moskva və Soçidən sonra Brüsseldə də Azərbaycanın siyasi-diplomatik qələbəsini təmin edəcək, bir daha dünya rəsmi Bakının sülhsevər, əməkdaşlığa hazır mövqeyini görəcək. Belə də oldu və Prezidentin Brüssel səfəri Azərbaycanın növbəti siyasi-diplomatik qələbəsi, Ermənistanın və “5-ci kolon”un fiaskosu ilə nəticələndi”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair yaydığı bəyanatda əks olunmuş məqamlar da Azərbaycanın siyasi-diplomatik qələbəsinə şahidlik etdi: “Belə ki, Şarl Mişelin Ermənistan və Azərbaycan arasındakı münaqişə irsinin aradan qaldırılmasına çağırış etməsi Azərbaycanın “münaqişə artıq keçmişdə qalıb və gələcəyə baxmaq lazımdır” mövqeyini dəstəklədiyini isbatlayırdı. Eyni zamanda, Avropa İttifaqı Şurası Prezidentinin Cənubi Qafqazda sülhün təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış etməsi İttifaq tərəfindən Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə dəstəyi kimi qəbul edilməlidir. Digər tərəfdən, Şarl Mişelin bəyanatında 2020-ci il 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr görüşləri, bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırış etməsi də Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Bütün bunlarla yanaşı, Şarl Mişelin itkin düşmüş şəxslər,humanitar minatəmizləmə səyləri, rebilitasiya və rekonstruksiya fəaliyyəti, sərhədlərin demarkasiyası və delimitasiyası məsələsi, birgə iqtisadi əməkdaşlıq platformasının və regionda komunikasiya infrastrukturunun yaradılması, Zəngəzur dəhlizi boyunca dəmir yolunun çəkilişi kimi mühüm məsələlərə müsbət mövqe və dəstək ifadə etməsi bir daha Azərbaycanın haqlı mövqeyinin təsbit olunduğunu göstərirdi”.

Ramil Vəlibəyov vurğulayıb ki, Brüsseldə keçirilmiş görüşlərdə, birgə mətbuat konfranslarında və bəyanatlarda “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin işlədilməməsi, ATƏT-in Minsk Qrupunun isə ümumiyyətlə adının çəkilməməsi bir daha münaqişənin keçmişdə qaldığını, sülh danışıqlarının daha çox ikitərəfli formata yönəldiyini, xüsusilə də status məsələsinin artıq Azərbaycanın, Ermənistanın, Rusiyanın, hətta Avropanın belə gündəliyindən çıxarıldığını sübut edir.

Ramil Vəlibəyov əlavə edib ki, Prezident İlham Əliyevin Brüssel səfəri erməni lobbisinin himayəsində olan “5-ci kolon”un da fiaskosu ilə nəticələndi: “Özünə müxalifət deyən bir qrup marginalın Brüssel səfəri barədə məlumatların təsdiqlənməsindən sonra insanların sıx gediş-gəlişi olan ərazidə icazəsiz aksiyalar keçirməyə cəhd etməsi öncədən Azərbaycanın mövqeyinin zəiflədilməsinə hesablanmışdı. Onların sosial şəbəkələrdəki fəaliyyətinə və ölkəmizlə bağlı geosiyasi proseslərə nəzər saldıqda tam aydın olur ki, icazəsiz aksiyaya cəhd edən marginalların məqsədi heç şübhəsiz ölkəmizdə mövcud olan xalq-hakimiyyət birliyinə, ictimai-sosial, hətta siyasi həmrəyliyə xələl gətirmək idi. Digər tərəfdən, Azərbaycanın Qarabağ, Şərqi Zəngəzur, kommunikasiya, sərhədlərin müəyyənləşdirilməsi məsələlərinin həlli istiqamətində ardıcıl olaraq diplomatik uğurlar qazanması fonunda Brüssel danışıqlarının nəticələrinə kölgə salmağa, respublikamıza Qərbin anti-Azərbaycan dairələrinin, qruplarının, fondlarının təzyiq etməsi üçün bəhanələr yaratmağa çalışırdılar. Lakin bütün bu cəhdlər də boşa çıxdı və bütün siyasi oyunlara, təzyiqlərə baxmayaraq, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha bir siyasi-diplomatik qələbəyə imza atdı. Bu da əlbəttə ki, Azərbaycan mövqeyini daha da gücləndirir, qarşısına qoyduğu hədəfləri reallaşdırmağa əlavə imkanlar yaradır”.