Milli prioritetlər əsasında 2022-2026-cı illəri əhatə edən strategiya layihəsi uğurla həyata keçirildiyi təqdirdə, 2022-2026-cı illərdə ölkədə ÜDM-in orta illik artım tempinin 3,9 faiz, o cümlədən qeyri-neft sektorunda 5 faiz səviyyəsində formalaşması, adambaşına düşən nominal ÜDM-in həcminin hazırkı dövrlə müqayisədə 1,3 dəfə artırılması təmin olunacaq.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Milli Məclis” jurnalına müsahibəsində deyib.
Onun sözlərinə görə, bu hədəflər ölkə iqtisadiyyatının sürətli artımı üzrə göstəricilərinə uyğundur.
“Qeyd etməliyəm ki, növbəti ilin makroiqtisadi proqnozları və dövlət büdcəsinin parametrləri, faktiki olaraq, yeni strateji dövrün ilk ilinə uyğun qaydada tərtib edilib. 2022-ci ildə ÜDM-in 3,9 faiz, qeyri-neft məhsulları üzrə 4 faiz artımını proqnozlaşdırırıq. Həmçinin ayrı-ayrı sektorlarda iqtisadi artım gözləntilərimiz vardır. Kənd təsərrüfatında 4 faiz, qeyri-neft sənayesində 8,7 faiz, turizm sektorunda 48,2 faiz, nəqliyyatda 4,5 faiz, informasiya və rabitədə 9,5 faiz kimi bir artım göstəricilərindən söhbət gedir”, – nazir qeyd edib.