“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionlara hər bir səfəri əlamətdar hadisəyə çevrilir. Çünki bu, həmin regionun inkişafı, həmin ərazidə müəyyən problemlərin öyrənilməsi, müəyyən işlərin, tədbirlərin həyata keçirilməsi və həmin yerlərdə yeni obyektlərin istifadəyə verilməsi, təməlqoyma mərasimlərinin keçirilməsi deməkdir”. Bu sözləri tan.az-a verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədri vurğulayıb ki, Prezidentimizin Gəncəyə budəfəki səfəri də uğurlu oldu.
“Ölkə rəhbəri öz çıxışında bildirdi ki, mən 18 ildir ölkə prezidentiyəm və 18 dəfə Gəncədə olmuşam. Əlbəttə ki, bu qürurdoğurucu bir haldır, bu, ölkə rəhbərinin insanlarla ünsiyyətinin bir nümunəsidir, xalqla birliyinin ifadəsidir. Çünki, dünyada elə bir prezident tanımıram ki, o cənab İlham Əliyev kimi hər il dəfələrlə regionlara, kəndlərə səfərlər etsin və çoxsaylı təməlqoyma mərasimlərində, yeni obyektlərin açılışında iştirak etmiş olsun. Əlbəttə ki, bu həm xalqla birliyin, həm də işlərə nəzarət etmənin, insanların tələb və arzularının öyrənilməsi baxımından çox əhəmiyyətlidir və gələcək işlərin nizamlanması, istiqamətlənməsi üçün vacibdir.
Cənab Prezident Gəncədə olarkən bu dəfə də bir çox obyektlərin açılışında iştirak etdi. O, Gəncə Dövlət Dram Teatrının yeni binasının, 2 saylı Gəncə Regional Asan Xidmət binasının açılışında iştirak etdi, Gəncə Memorial Kompleksinin təməlqoyma mərasimində oldu, Gəncə İdman Sarayında tikinti işlərinin gedişi ilə maraqlandı, Gəncə Lokomativ Deposunun istismara verilməsində iştirak etdi. İctimaiyyət qarşısında çıxış edərkən cənab Prezident bir daha diqqəti ölkədə gedən dinc quruculuq işlərinə, eləcə də müharibə dövründə qazandığımız böyük qələbəyə cəlb etdi.
Gəncəyə səfər göstərdi ki, Azərbaycan Prezidenti, Azərbaycan xalqının rifahı, şəhər və kəndlərimizin abadlaşdırılması, yeni müasir tipli obyektlərin meydana gəlməsi və Azərbaycanın dünyada tanıdılması, şöhrətləndirilməsi, iqtisadi inkişafımızın təmin olunması üçün əldə olan bütün vasitələrdən istifadə edir. Əlbəttə ki, bu görüşlər Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanır və deyildiyi kimi, ilk növbədə xalqın rifah halının yüksəldilməsinə, onların həyat şəraitinin yaxşılaşdırılmasına, xalqla birliyin möhkəmlənməsinə hesablanıbdır”, deyə Tahir Rzayev bildirib.