Home Biznes və iqtisadiyyat xəbərləri AMEA-nın bəyanatı dövlət başçımızın siyasətinin uğurlarını kölgə altına salmağa xidmət edir

AMEA-nın bəyanatı dövlət başçımızın siyasətinin uğurlarını kölgə altına salmağa xidmət edir

965
0
SHARE

“Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət uğurlu nəticələr verir. Son illər dövlət başçısının həyata keçirdiyi genişmiqyaslı islahatlar isə müstəqil dövlətimizin daha da güclənməsində mühüm rol oynayır. Amma təəssüf ki, AMEA-nın mətbuat xidməti tərəfindən verilən bəyanat dövlət başçımızın siyasətinin uğurlarını kölgə altına salmağa xidmət edir”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, belə bir bəyanat, açıqlama qəbulolunmazdır. Onun sözlərinə görə, cənab Prezidentin həyata keçirdiyi islahatlar qanunvericilik sistemini də əhatə edib və 2020-ci ilin fevralında keçirilən parlament seçkiləri də bunu təsdiqləyir. Altıncı çağırış parlamentin uğurla fəaliyyət göstərdiyi, ölkəmizin yeni mərhələdə inkişafına xidmət edən qanunvericilik aktları qəbul etdiyi, eləcə də fəal beynəlxalq əlaqələrə malik olduğu bütün cəmiyyətimizə məlumdur. Həmçinin, millət vəkilləri seçicilərin problemləri ilə məşğul olur və həmin problemləri parlament tribunasından səsləndirərək müvafiq qurumların diqqətinə çatdırırlar. Bu işlərdə Yeni Azərbaycan Partiyasının təmsilçiləri daim fəallıq göstərir. Belə olan halda, AMEA-nın rəhbərliyi tərəfindən millət vəkillərinin ünvanına xoşagəlməz ifadələr işlətmək yolverilməzdir.
Fatma Yıldırım qeyd edib ki, kimlərinsə öz şəxsi ambisiyaları üçün parlamenti, millət vəkillərini hədəfə alması təəssüf doğurur: “AMEA siyasi platforma deyil və cılız siyasi məqsədlərə xidmət etməməlidir. AMEA elmin inkişafına töhfə verməlidir. Amma biz görürük ki, akademiyanın rəhbəri tənqidlərdən nəticə çıxarıb nöqsanları aradan qaldırmaq əvəzinə ölkəmizdə həyata keçirilən islahatları, inkişafı, parlamenti hədəfə alır. Bütün bunlar akademiyanın rəhbərinin köhnə təfəkkürlə yaşadığını, şəxsi intriqalar ardınca getdiyini göstərir. Həm parlamentin Elm və təhsil komitəsinin üzvü, həm elmlər namizədi, həm də alim ailəsində böyümüş şəxs kimi AMEA-dakı mühit məni də çox narahat edir. Mənim atam fizika – riyaziyyat elmləri doktoru,  professor olub və ömrünü Azərbaycan elminin inkişafına həsr edib. Əminəm ki, elm sahəsinin bugünkü vəziyyəti ömrünü Azərbaycan elminə həsr etmiş insanları da ciddi narahat edir. Yaşadığımız XXI əsr elm, texnologiyalar əsridir və beynəlxalq təcrübə də onu göstərir ki, belə qurumlar əsasən işlərini elmin inkişafına, bu sahədə yeni nailiyyətlərin əldə olunmasına yönəlik qururlar. Hesab edirəm ki, sürətlə inkişaf edən Azərbaycanın Milli Elmlər Akademiyası da cəmiyyətdə daha çox bu mövzularla gündəmə gəlməlidir.
Lakin təəssüflər olsun ki, bu gün AMEA rəhbərliyi bu elm məbədinin elmin inkişafına yönəltmək əvəzinə şəxsi məqsədləri üçün istifadə edir. Bu vəziyyət həm də, gənc nəsil üçün pis örnəkdir, çünki gənclərimizi bizim gələcəyimizdir və onlar bu xoşagəlməz halları müşahidə edərək, elmdən daha da uzaqlaşırlar. Fikrimcə, bütün bunların qarşısı alınmalı, AMEA-da sağlam elmi mühit yaradılmalıdır. Görünən odur ki, bu sahədə islahatlar qaçınılmazdır və bu artıq bir sosial tələbdir”.