Home Cəmiyyət Sədaqət Vəliyeva: Ramiz Mehdiyevin bəyanatına adekvat ictimai rəyin formalaşması onun elmi-mənəvi kapitalını...

Sədaqət Vəliyeva: Ramiz Mehdiyevin bəyanatına adekvat ictimai rəyin formalaşması onun elmi-mənəvi kapitalını tamamilə məhv edir

277
0
SHARE

“Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin akademiyanın saytı vasitəsilə yaydığı bəyanat sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib. Heç şübhəsiz ki, uzun illər ərzində mühüm dövlət vəzifələrindən çalışmış, akademik elmi dərəcəsinə yiyələnmiş Ramiz Mehdiyevin bəyanatında uzun illərdir Azərbaycan dövlətçiliyinin məhvinə çalışan, dövlətin və xalqın milli maraqlarını hər fürsətdə satan radikal müxalifətin, xaricdəki “təhqir maşınları”nın fəaliyyətinə tezis olacaq ifadələr işlətməsi ciddi tənqidə məruz qalmaqdadır. Səbəb isə ondan ibarətdir ki, Ramiz Mehdiyev bəyanatında nə akademik dərəcəsinə, nə də uzun illər dövlətin rəhbərliyi vəzifəsində işləmiş birisinin təcrübəsinə uyğun olan ifadələr, sözlər işlədib”. Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, görəsən, Ramiz Mehdiyev Azərbaycan parlamentariləri, qanunverici orqanı haqqında təhqir yazmasının, hətta müxalifət barədə sosial şəbəkələrin bayağı ifadələrilə danışmasının hansı məqsəd güddüyünə aydınlıq gətirə bilərmi? Söz yox ki, Azərbaycan parlamentini təhqir etmək nəinki deputatların şəxsinə, hətta qanunverici orqanı səsləri ilə formalaşdırmış xalqın iradəsinə belə təhqirdir: “Bu gün parlamentdə akademiklər, professor seçicilərini təmsil edirlər. Xalq onlara etimad göstərib, həmin şəxslər də bu şərəfli missiyanı layiqincə yerinə yetirirlər. Onları təhqir etmək nə dərəcədə doğru addımdır? İkinci bir tərəfdən axı, Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışarkən uzun illər parlamentin təşkil olunması işində iştirak edib, seçki məntəqələrinin formalaşdırılmasından səslərin sayılmasına qədər bütün prosesləri izləyib, seçkiləri izləməyə gəlmiş beynəlxalq müşahidəçilərlə görüşüb, rəylərini öyrənib. Necə olur axı, bu gün Prezident Administrasiyasının rəhbəri vəzifəsində olmayan Ramiz Mehdiyev parlamenti və onun deputatlarını təhqir edir. Bu cür paradoksal münasibətin adı siyasi savadsızlıq deyilmi? Yaxud da ki, müxalifət haqqında deyilən sözlər xalqın və dövlətin milli maraqlarının, eləcə də dövlətçiliyin qorunması, möhkəmləndirilməsi prosesinə xidmət edən siyasi dialoq mühitinə zərbə vurmaq məqsədi daşımırmı? Sirr deyil ki, uzun illər idi ölkədə sivil siyasi dialoqun qurulması istiqamətində müxtəlif təşəbbüslər olurdu. Lakin hansısa səbəblərdən bu, alınmırdı. Bu gün də milli həmrəylikdən uzaq duran, xalqdan olmayan AXCP, Müsavat kimi partiyalar hansısa görünməz barmağın işarəsi ilə siyasi dialoq mühitini ləkələyirdilər. Amma birbaşa Prezident İlham Əliyevin göstərişi ilə yaradılmış Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi sivil siyasi dialoqun formalaşdırılmasına nail oldu. Hazırda Azərbaycanda böyük əksəriyyət siyasi qüvvələr, siyasi partiyalar milli maraqların müdafiəsindən çıxış edir, dövlətimizin müstəqilliyinin və dövlətçiliyimizin daha da möhkəmləndirilməsi işinə töhfə verirlər. Bəs, görəsən, bu cür sivil siyasi mühitin ləkələnməsi üçün ilk günlərdən bu prosesə qoşulmayan, sosial şəbəkələrdə “avtobus müxalifəti” ifadəsini işlədən Əli Kərimli, Arif Hacılı, İsa Qəmbər, Sevinc Osmanqızı, Qənimət Zahid, Cəmil Həsənli kimilərin işlətdiyi radikal müxalifətin məlum bayağıifadəsiniRamiz Mehdiyevin təkrarlamasıhansı məqsədlərə və kimlərə lazımdır?

Söz yoxki, Ramiz Mehdiyevin sözügedən ifadələri işlətməsi və ona adekvat ictimai rəyin formalaşması onun elmi-mənəvi kapitalını tamamilə məhv edir, adi sözlə desək, hörmətdən salır. Ona görə də, indiki məqamda ən düzgün yol lazımsız ifadələrdən ibarət bəyanatlardan əl çəkməkdir. Əks halda bu cür polemikanın fəsadları daha da ağır olacaq”.