Milli Məclisin deputatı Könül Nurullayeva təmsil etdiyi Nizami rayonunda yerləşən 214 saylı tam orta məktəbə və 220 saylı məktəb-liseyə baş çəkib, direktorları Fəttah Fettayev və Lətifə Əzizova ilə görüş keçirib.
Deputat qərargahından Tan.az-a verilən məlumata görə, belə ki, 214 saylı tam orta məktəbi ziyarəti çərçivəsində deputat Könül Nurullayeva direktor Fəttah Fettayev ilə birgə məktəbdə yaradılmış təhsil şəraitindən, tədris ocağının iştirak etdiyi pilot layihələrdən, eləcə də təhsilin idarəedilməsi və tərbiyəvi işlərin aparılması ilə bağlı görülən işlərdən bəhs ediblər.
Direktor bildirib ki, 1963-cü ildə yaradılan məktəbi bitirən gənclərin böyük əksəriyyəti ali məktəblərə qəbul imtahanlarında hər zaman yüksək bal toplayıb, eyni zamanda təhsil ocağı 2008-2009-cu tədris ilində ölkə üzrə “İlin ən yaxşı məktəbi” adına layiq görülüb.
Millət vəkili Könül Nurullayevanın 220 saylı məktəb-liseyi ziyarəti çərçivəsində isə direktor Lətifə Əzizova rəhbərlik etdiyi tədris ocağının rayonumuzda öz ənənələri və uğurları ilə tanınan ən qabaqcıl təhsil ocaqlarından biri olduğundan söz açıb. Vurğulanıb ki, məktəb-liseyin əsas vəzifəsi şagirdlərə elmin əsaslarını yüksək səviyyədə öyrətmək, milli mənəviyyatlı şəxsiyyətin yetişdirilməsinə xidmət etmək, eləcə də müstəqil Azərbaycanın inkişafı naminə fədakarlıqla çalışan ləyaqətli vətəndaş tərbiyə etməkdir.
K.Nurullayeva isə öz növbəsində 214 saylı tam orta məktəbin və 220 saylı məktəb-liseyin rəhbərliyinə, o cümlədən müəllim heyətinə məsuliyyətli fəaliyyətlərində bol-bol nailiyyətlər arzu edib.