“Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifəsidir. Dinc sakinləri milli mənsubiyyətinə görə tamamilə məhv etmək ermənilər tərəfindən hərtərəfli planlaşdırılmış və məqsədi bəlli olan siyasət idi. Beynəlxalq hüquqa əsasən bu kimi vəhşiliklər, cinayətlər, insanlığa qarşı terror aktları soyqırımı kimi dəyərləndirilsə də, təəssüf ki, dünyanın bəzi dövlətləri hələ də ədaləti maraqların arxasında əritmək missiyasını yerinə yetirir. Amma reallıq budur ki, nə qədər tarixi inkar etməyə, ermənilərin zaman-zaman azərbaycanlılara və türklərə qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ört-basdır edilməsinə çalışılsa da həqiqətlərə nə zamansa ədələtin gözü ilə baxılacağı məlum idi. Çünki tarix faktlar əsasında yazılır və ermənilər də daim fakt qarşısında aciz olublar. Baxmayaraq ki, qaniçən ermənilər himayədarlarının dəstəyi ilə zaman-zaman qonşu dövlətlərə qarşı ərazi iddiaları irəli sürüblər, hətta buna müəyyən dövrlərdə nail olublar, amma son sözü deyən yenə də tarixi həqiqətlər, real faktlar olur. 44 günlük İkinci Qarabağ müharibəsi bütün bu reallıqların təqdimatı oldu. Dövlət başçısı İlham Əliyevin Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Sərəncamında da bu faktlar öz əksini tapır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Tarixi faktlar da bu reallığı təsdiqləyir ki, Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və işğal siyasətinin tərkib hissəsi idi. Buna görə də Xocalı soyqırımına hüquqi qiymət verilməli və faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar.”
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması istiqamətində Azərbaycan dövləti bütün zəruri addımları atır: “Bu sahədə məqsədyönlü işlər ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışandan sonra başlanıb. Ümummilli Liderin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib. 2003-cü ildən dövlət başçısı İlham Əliyevin Azərbaycan həqiqətlərinin təbliği istiqamətində atdığı addımlar geniş miqyas alıb. 44 günlük Vətən müharibəsində tarixi Qələbəmiz Azərbaycan dövlətinin qətiyyətinin, ordumuzun gücünün, qüdrətinin, xalqımızın yenilməzliyinin, məğrurluğunun təqdimatı olmaqla yanaşı, bu işdə diplomatik uğurlarımızın da roluna işıq saldı. Döyüş meydanında, informasiya cəbhəsində Zəfərimiz dünyaya ədalət, beynəlxalq hüquq, eyni zamanda, tarix dərsi oldu. 30 ildə tarixi inkar yolunu tutan, himayədarlarının dəstəyi ilə yeni-yeni ərazilər zəbt etmək xülyasına düşən ermənilər İkinci Qarabağ müharibəsində aldıqları dərsi heç zaman unuda bilməyəcəklər. Mənfur düşmənə və onlara dəstək verənlərə bir daha sübut olundu ki, onların problemə yalan üzərində, ədalətdən, beynəlxalq hüquqdan uzaq yanaşmaları yalnız müəyyən dövr üçün qəbul oluna bilər.”
“Xocalı soyqırımının dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun, Fondun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri böyükdür” söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, 2008-ci ildə Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da gücləndirdi: “Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində aparılan işlər sayəsində geniş beynəlxalq ictimaiyyətə çatdırıldı, milyonlarla insan erməni millətçilərinin əsl simasını gördü. Dünya əsl həqiqətləri eşitmək və baş verənləri görmək istəməsə də məcburən də olsa qəbul etdi ki, ermənilər öz sərsəm ideyalarını həyata keçirmək naminə heç nədən, hətta uşaqları belə qətlə yetirməkdən çəkinmirlər. Xocalı faciəsi bu vəhşiliyin əyani təzahürü oldu. Soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli tədbirlərin nəticəsidir ki, artıq İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, ABŞ-ın 24 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.”
Vüqar Rəhimzadə qeyd edib ki, bu gün işğaldan azad edilmiş ərazilərimizin hər daşı, qayası erməni vəhşiliklərinə şahidlik edir: “Ermənilərin hələ çox da uzaq olmayan bir zamanda, 44 günlük İkinci Qarabağ müharibəsinin gedişində Gəncədə, Bərdədə, Tərtərdə törətdikləri terror aktlarını xatırlamaq kifayətdir ki, onların nə qədər vəhşi bir məxluq olduğunu görək. Bu faciələr dünyanın guya hadisələrə ədalət və beynəlxalq hüquq prinsipləri çərçivəsində yanaşdığı bir zamanda yaşandı. Amma nəticə nə oldu? Yenə də dünya güclərinin seyrçi mövqedə dayanmaları, belə bir faciənin baş vermədiyi barədə görüntü yaratmağa çalışmaları. Bugünümüzün əsas çağırışları sırasında həqiqətlərimizin təbliği, beynəlxalq aləmdə Azərbaycanın zəngin tarixi barədə dolğun məlumatların verilməsidir. O tarix ki, uğurlu səhifələri ilə yanaşı, faciəli anları da vardır. Hər zaman tarixdən ibrət dərsi almalı, başımıza gətirilən faciələri unutmamalıyıq. Baxmayaraq ki, bu gün tarixi Zəfərimizin reallıqları fonunda regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün Ermənistana sülh sazişi imzalamaq təklif olunur, bu, keçmişi, mənfur düşmənin törətdiklərini unutdurmaq anlamına gəlməməlidir. Xocalı faciəsi qan yaddaşımızdır. Xocalı qurbanlarının xatirəsi daim qəlbimizdə yaşayacaq.”
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, rəşadətli Azərbaycan Ordusu dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ermənilərin bu əməllərini cavabsız qoymadı: “44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığımız Zəfər erməni vəhşilərinə axıtdıqları qanların, Xocalı soyqırımının cavabı oldu. Qələbəmiz nəinki regionu, bütövlükdə dünyanı erməni faşizmindən xilas etdi. Xalqımız tam əmindir ki, dövlətimizin uğurlu siyasəti, qətiyyəti sayəsində necə torpaqlarımızın işğaldan azad edilməsinə nail olduqsa, eləcə də illərlə azərbaycanlılara və türklərə qarşı törədilən soyqırımların günahkarları beynəlxalq hüquq çərçivəsində öz layiqli cəzalarını alacaqlar. Bununla yanaşı, Ermənistan dövləti də Xocalıya və Azərbaycan ərazisində törətdiyi digər qətliamlara görə cavab verməlidir. Eyni zamanda, Ermənistan cəmiyyəti də tarixlərində olan bu qara səhifəyə görə üzr istəməlidir”.