Ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qərar qəbul edildi.
Martın 6-dan tətbiq olunmağa başlayan qərara əsasən bir sıra məhdudiyyətlər aradan qaldırıldı.
Yoluxma sayının azalması səbəbindən karantin rejiminin yumşaldılması universitetlərdə tədris ənənəvi formaya keçməsinə necə təsir edəcək?
Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərova Trend-in sualını cavablayarkən qeyd edib ki, Azərbaycan Texniki Universitetində (AzTU) tədris hibrid formada davam edir.
“Xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı tədrisin tam olaraq ənənəvi formaya keçidi Təhsil Nazirliyi və Nazirlər Kabinetinin müvafiq qərarı ilə mümkün ola bilər. Hələlik bununla bağlı rəsmi qərar yoxdur”, – deyə o əlavə edib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat katibi Cavid Hüseynov qeyd edib ki, dərslər hazırda hibrid formada davam edir.
“Tədrisin tam olaraq ənənəvi formaya keçməsi universitetlərin öz seçimləridir. Tələbə sayı çox olduğu üçün hazırda dəyişilməsi nəzərdə tutulmur”, -deyə o bildirib.
Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat xidmətinin rəhbəri Cavid Zeynallının verdiyi məlumata görə, universitetdə dərslər distant yox, ənənəvi formada davam edir.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) mətbuat katibi Nəcibə Mirzəyeva bildirib ki, karantin yumşaldılması ilə bağlı ənənəvi tədrisə keçid hazırda universitetlərdə müzakirə olunur.
“Lakin bizim universitetdə hələ bir qərar verilməyib. Təhsil Nazirliyi və Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq bir nəticə əldə olunacaq. Hazırda dərslər hibrid formada davam edir”, – deyə o qeyd edib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) mətbuat katibi Elnarə Məmmədovanın sözlərinə görə, hal-hazırda magistrlardə dərslər ənənvi formada aparılır. Bakalavrlarda isə mühazirələr onlayn, seminarlar isə ənənəvi qaydada keçirilir.