Home Gündəm Milli Məclisin deputatlarının bir qrupu Cəmşid Naxçıvanski adına Hərbi Liseyi ziyarət edib

Milli Məclisin deputatlarının bir qrupu Cəmşid Naxçıvanski adına Hərbi Liseyi ziyarət edib

434
0
SHARE

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Milli Məclisin deputatlarının bir qrupu Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə yaradılan Cəmşid Naxçıvanski adına Hərbi Liseyi ziyarət edib.

TAN.AZ xəbər verir ki, böyük səmimiyyətlə qarşılanan deputatlara analoqu olmayan bu xüsusi təyinatlı təhsil müəssisəsinin yarandığı 50 il ərzində respublikamızda milli peşəkar hərbçi kadrların hazırlanması sahəsində müstəsna xidmətlər göstərdiyi, cəmiyyətdə hərbi peşənin nüfuzunun yüksəldilməsində və taleyini hərb sənətinə həsr edən gənclərin sayının davamlı artmasında əhəmiyyətli rol oynadığı barədə məlumat verilib. Bildirilib ki, Hərbi Liseyin yetirmələri müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin formalaşdırılması və möhkəmləndirilməsi işinə dəyərli töhfələr verib, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə həmişə ön cəbhədə yer alıb. Onlar böyük rəşadət nümayiş etdirərək “Vətən Müharibəsi Qəhrəmanı” və “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adlarına layiq görülüb, orden və medallarla təltif olunublar. Hərbi Liseyin məzunları Vətən qarşısında vəzifə borclarını bu gün də şərəflə yerinə yetirirlər. Hazırda Silahlı Qüvvələrimizdəki zabitlərin əksəriyyəti məhz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarıdır.

Milli Məclisin deputatları və hərbi qulluqçular Hərbi Liseydə fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini ziyarət edib, Ulu Öndərimizin abidəsi önünə qızılgül çələngi qoyub, güllər düzərək dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər. Heydər Əliyev Mərkəzinin geniş ekspozisiyasında nümayiş etdirilən hər bir foto, sənəd, xatirə əşyası böyük maraq oyadıb.

Qonaqlar Heydər Əliyev Mərkəzinin xatirə kitabına ürək sözlərini yazıb, liseyin müəllim-zabit və kursant heyətinə yeni-yeni uğurlar arzulayıblar. Deputatlar Azərbaycanın müstəqilliyi uğrunda fədakarlıqlar göstərən böyük sərkərdə Cəmşid Naxçıvanskinin abidə-kompleksini də ziyarət ediblər.

Abidə qarşısında deputatların diqqətinə çatdırılıb ki, adını və xidmətlərini həmişə minnətdarlıq hissi ilə xatırladığımız ulu öndər Heydər Əliyev 1970-ci ildən başlayaraq, Cəmşid Naxçıvanskinin adının əbədiləşdirilməsi üçün ardıcıl addımlar atıb. “Qırmızı terror”un qurbanı olan Cəmşid Naxçıvanskinin adını çəkmək, xatirəsinin əbədiləşdirilməsi üçün təşəbbüs irəli sürmək o dövrdə böyük risk tələb edirdi. Ancaq totalitar rejimin sərt qadağalarına baxmayaraq, Ulu Öndərimiz bu cəsarətli addımı atdı və Azərbaycanın keçmiş ittifaqdan ayrılması üçün gizli hərbi-siyasi təşkilatlarda fəaliyyət göstərən, Əlahiddə Azərbaycan Korpusunun sıralarında öz süvari alayı ilə birlikdə Gəncəyə doğru irəliləyən Şaumyanın azğınlaşmış qoşunlarının qarşısını Göyçay yaxınlığında alan, Bakının işğaldan azad edilməsində, Xankəndi və Şuşa şəhərində erməni-daşnak dəstələrinə qarşı döyüşlərdə mərdliklə vuruşan və ilk milli diviziyamızın komandiri Cəmşid Naxçıvanskinin adını əbədiləşdirdi. Bakıda yaşadığı binaya xatirə lövhəsi vuruldu, Naxçıvan şəhərində ev-muzeyi yaradıldı, Hərbi Liseyə onun adı verildi və doğum günləri təntənə ilə qeyd olundu.

Lisey kompleksi ilə tanışlıq zamanı deputatların nəzərinə çatdırılıb ki, Ulu Öndərimiz hələ neçə illər öncə demişdir: “Mən Cəmşid Naxçıvanski adına məktəbi yaradarkən həsrətində olduğum arzuma çatmışam, ona görə də özümü çox xoşbəxt hesab edirəm. Sizə səmimi deyirəm, Naxçıvanski adına hərbi lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona, bax, bu cür baxacağam”.

Xalqımızın haqlı olaraq “Heydər Əliyev Məktəbi” adlandırdığı bu təhsil ocağı bu gün də Ulu Öndərimizin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub.

Qeyd edilib ki, 11 hektar ərazini əhatə edən Hərbi Liseydə 2018-ci ilin fevralında Müzəffər Ali Baş Komandanımızın tapşırığı ilə tikinti, təmir və yenidənqurma işlərinə başlanılıb. Dövlətimizin başçısı 2019-cu il iyunun 26-da məktəbi ziyarət edərək görülən işləri yüksək qiymətləndirib.

Hərbi Liseyin ərazisində kursantların yaşayış və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə dördmərtəbəli yataqxana korpusu yaradılıb. Yeni tikilən binada konfrans zalı, ideoloji, məişət və digər otaqlar zəruri avadanlıqla təchiz edilib. Yataqxanada kursantların qalması, istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait var. Üçmərtəbəli yataqxana korpusu da əsaslı təmir olunub.

Tədris korpusunda kursantların bilik və hazırlıqlarının artırılması üçün hər cür şərait yaradılıb.

Yenidənqurma işləri zamanı liseyin təntənəli mərasimlər, sıra təlimləri, düzülüşlər, şəxsi heyətin sıra baxışı, döyüş və fiziki hazırlıq, eləcə də digər tədbirlərin keçirilməsi üçün sahəsi üç min kvadratmetr olan sıra meydanı salınıb, tribuna inşa edilib, 350 yerlik klub əsaslı təmir olunub. Bütün avadanlıqlarla təchiz olunan ikimərtəbəli yeməkxana binası da əsaslı təmir olunub. Burada eyni vaxtda 600 kursant nahar edə bilər. Ərazidə geniş yaşıllaşdırma işləri aparılıb, abadlıq tədbirləri görülüb. Qərargahın qarşısında Cəmşid Naxçıvanskinin büstü ucaldılıb, xatirə kompleksi yaradılıb.

Bələdçi vurğulayıb ki, liseyin ərazisində tibb məntəqəsi də inşa olunub. İkimərtəbəli 32 çarpayılıq tibb məntəqəsində şəxsi heyətə yüksək səviyyədə ixtisaslı tibbi yardım göstərilir.

Qapalı idman kompleksində kursantların fiziki hazırlığının daha da artırılması üçün bütün avadanlıq və qurğular yenilənib.

Deputatlar və qonaqlar Hərbi Liseyin ərazisi ilə tanış olduqdan sonra klubda gələcəyin zabitləri ilə görüşüblər.

Ulu öndər Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub.

Cəmşid Naxçıvanski adına Hərbi Lisey haqqında bir neçə kitabın və 25 ildir ki, kursantların böyük həvəslə ifa etdikləri “Naxçıvanskilər marşı”nın sözlərinin müəllifi (musiqisi Əməkdar İncəsənət xadimi Hikmət Mirməmmədlinindir) polkovnik Abdulla Qurbani qonaqları və şəxsi heyəti salamlayaraq hər bir deputat haqqında qısa məlumat verib və onları alqışlar altında səhnəyə dəvət edib.

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov əlamətdar gündə Ulu Öndərin xalqımıza bəxş etdiyi möhtəşəm abidələrdən olan Cəmşid Naxçıvanski adına Hərbi Liseyi ziyarətə gələn deputatlara Müdafiə Nazirliyinin rəhbərliyi adından minnətdarlıq edib və bu görüşün kursantların yaddaşından uzun müddət silinməyəcəyinə əminliyini bildirib.

Milli Məclisin deputatları Fatma Yıldırım, Anar Məmmədov, Afət Həsənova, Vüqar Bayramov, Mahir Abbaszadə, Arzu Nağıyev, Ramin Məmmədov, Əminə Ağayeva, Aqil Məmmədov çıxış edərək unudulmaz dahi rəhbərin ad günündə Hərbi Liseydə olmaqdan böyük qürur duyduqlarını və burada gələcək zabitlərin yetişdirilməsi üçün hər cür şəraitin yaradılmasının şahidi olmalarından məmnun qaldıqlarını vurğulayıblar.

Şəxsi heyətin böyük coşqu ilə ifa etdiyi “Naxçıvanskilər marşı” deputatların böyük marağına səbəb olub.

Qonaqlara Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaninin Hərbi Liseyin 50 illiyinə həsr etdiyi “Böyük gələcəyə baxış” adlı yubiley nəşri hədiyyə edilib.

Milli Məclisin deputatları “Heydər Əliyev Məktəbi”ndən – Cəmşid Naxçıvanski adına Hərbi Liseydən xoş təəssüratlarla ayrılıblar.