Home Gündəm Deputat: Prezident İlham Əliyevin son açıqlamasında səsləndirdiyi fikirlər özündə çox vacib elementləri...

Deputat: Prezident İlham Əliyevin son açıqlamasında səsləndirdiyi fikirlər özündə çox vacib elementləri əhatə edir

209
0
SHARE

Prezident İlham Əliyevin İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər istər siyasi, istər sosial-iqtisadi baxımdan ölkənin tutduğu yol xəritəsinin, o cümlədən bir sıra həssas nüanslara münasibətdə qəti mövqeyimizin ifadəsi baxımdan çox vacib elementləri əhatə edir.

Bunu açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.

Deputat bildirib ki, dünyada əsas problem kimi getdikcə dərinləşən və iqtisadiyyatın qanunlarına görə Azərbaycanın da bu prosesdən kənarda qala bilməyəcəyi ərzaq qıtlığı təhlükəsi ilə bağlı ölkəmizin tutacağı sosial-iqtisadi yol və mövcud vəziyyətə ölkənin birinci şəxsi tərəfindən münasibət bildirilməsi əhalinin narahatlığının aradan qaldırılması baxımdan zamanında və yerində atılmış addım oldu. Prezident İlham Əliyevin də dediyi kimi, ölkəmizdə müşahidə olunan bahalaşma qlobal prosesin bir hissəsidir, yəni, qiymətinin qalxması Azərbaycana bir növ idxal olunub. Lakin Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin zamanında atdığı strateji addımlar, xüsusən Rusiya ilə münasibətlərin böyük siyasi ustalıqla, zərgər dəqiqliyi ilə qurulması nəticəsində əsas qlobal böhran olan ərzaq qıtlığı, daha dəqiq desək, taxıl qıtlığını Azərbaycan əhalisi hiss etməyəcək.

B.Məhərrəmov qeyd edib: “Yaşı 30-dan yuxarı olan hər kəs 1990-cı illərdə AXC-Müsavat cütlüyünün hakimiyyəti illərində əhalinin çörəklə necə sınağa çəkildiyini, çörək mağazaları qarşısında necə uzun növbələrin olduğunu yaxşı xatırlayır. Baxmayaraq ki, həmin illərdə qıtlıq lokal xarakter daşıyırdı və qlobal səviyyədə ərzaq qıtlığından söhbət getmirdi. İndi isə qlobal taxıl qıtlığı fonunda Azərbaycan məhz Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində bu problemlə üzləşməyəcək”.

Dövlətimizin başçısının müsahibədə söylədiyi “Biz ənənəvi olaraq taxılı da, gübrəni də Rusiyadan alırıq. Rusiyalı tərəfdaşlarımızla əldə edilmiş razılaşmalar nəticəsində Azərbaycana istədiyimiz qədər həm gübrə, həm taxıl ixrac edilir və ediləcək” sözlərini sitat gətirən deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin bu açıqlaması, həmçinin Rusiya-Azərbaycan münasibətlərinin və strateji tərəfdaşlığının əsl mahiyyətini başa düşməyən, bu əlaqələrin milli maraqlara zidd olduğunu iddia edərək spekulyasiya ilə məşğul olanlara, sözün əsl mənasında, tərs sillə oldu. Dövlətimizin başçısı bir daha göstərdi ki, onun bütün siyasi gedişlərinin hədəfində xalqın və dövlətin maraqları dayanır.

B.Məhərrəmov diqqətə çatdırıb ki, müsahibədə əhatə olunan ikinci vacib məsələ, “Qisas” əməliyyatı ətrafında müxtəlif lazımsız versiya və proqnozlara, habelə bəzi dairələrin manipulyasiya cəhdlərinə nöqtə qoyulması oldu. Azərbaycan Prezidenti əməliyyatı şəxsən dəyərləndirərək açıq şəkildə bəyan etdi: “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz”.

Deputatın sözlərinə görə, bundan əvvəl də Prezident İlham Əliyevin Ermənistana xəbərdarlıqları olmuşdu, lakin nəticə çıxarılmadığı üçün onlara real vəziyyəti 44 günlük savaşda, daha sonra Fərruxda və Buzduxda güc yolu ilə başa salmalı olduq. Bu mənada, dünən Basqaldan verilən ali mesajın əsl mahiyyəti də bundan ibarətdir ki, əgər Ermənistan yolunu azacaqsa, cəza tədbirləri davam edəcək. Prezident İlham Əliyevin də dediyi kimi, qısamüddətli əməliyyat göstərdi ki, gücümüz yerindədir, sadəcə, biz müharibə istəmirik.

Prezident İlham Əliyevin dəyərləndirməsində “Qisas”la bağlı ikinci mühüm məqam isə ondan ibarət oldu ki, dövlətimizin başçısı prosesi ölkənin daxili məsələsi kimi qiymətləndirərək cəza tədbirindən sonra müxtəlif bəyanat və digər təxribatlarla beynəlxalq aləmi çaşdırmaq istəyən qüvvələrin planlarını puç etdi və beynəlxalq hüququn “Dövlətlərin daxili işlərinə qarışmamaq” öhdəliyi çərçivəsində həmin tərəflərə beynəlxalq hüquq dərsi keçdi.

“Müsahibədə diqqət çəkən digər çox vacib məqam isə proseslərin gələcək inkişaf tendensiyasına baxış oldu. Sirr deyil ki, bölgədə yeni reallığın memarı Prezident İlham Əliyevdir və bu baxımdan, bölgənin gələcəyini, xüsusən yeni situasiyada erməni əsilli əhalinin taleyinə dair suallara ən dəqiq cavabı da məhz elə dövlətimizin başçısı verə bilərdi. Prezident İlham Əliyevin mövqeyi qısa, aydın və konkret oldu: “Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə”.

Bundan başqa, Prezident İlham Əliyev ictimaiyyət üçün çox ciddi bir məlumatı ilk dəfə olaraq açıqladı. Dedi ki, Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir, əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Dövlətimizin başçısı bunun səbəbini də açıqladı ki, Qarabağda yaşayan ermənilər Ermənistan hakimiyyətinin onların nə təhlükəsizlik, nə iqtisadi, nə maliyyə, nə başqa heç bir problemini həll etmək iqtidarında olmadığını açıq-aydın gördülər. Əksinə, həm də gördülər ki, Azərbaycan hakimiyyəti onlara öz vətəndaşları kimi yanaşır”, – deyə deputat bildirib.

Bəhruz Məhərrəmov onu da qeyd edib ki, dövlətimizin başçısının bu bəyanatı Qarabağda yaşayan ermənilərin hüquqlarının və təhlükəsizliyinin təmin olunmayacağına dair 30 illik mifləri də darmadağın etdi. Prezident İlham Əliyev bəyan etdi ki, əgər Qarabağda kimsə yenə də hansısa populizm naminə, yaxud da ki, kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir. Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Nə qədər onlar bunu tez dərk etsələr, o qədər də hamımız üçün yaxşı olar.