Home Cəmiyyət “Azərbaycan dilinin orfoqrafiya lüğəti” bu həftə çap üçün nəşriyyata təqdim ediləcək

“Azərbaycan dilinin orfoqrafiya lüğəti” bu həftə çap üçün nəşriyyata təqdim ediləcək

508
0
SHARE

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda hazırlanmış “Azərbaycan dilinin orfoqrafiya lüğəti” müəyyən düzəlişlər edildikdən sonra bu həftə ərzində çap üçün nəşriyyata təqdim ediləcək.

Bunu Trend-ə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

O, lüğətə edilən düzəlişlərin texniki və redaktə xarakterli olduğunu nəzərə çatdırıb.

M.Nağısoylu “Azərbaycan dilinin orfoqrafiya normaları” əsasında hazırlanan lüğətinin siqnal nüsxəsinin artıq çap edildiyini açıqlayaraq bildirib ki, lüğət 1000 ədəd tirajla çap edildikdən sonra ictimaiyyətə təqdim olunacaq.

Direktor lüğətin yeni nəşrinin hazır olma vaxtının nəşriyyatdan asılı olduğunu da söyləyib.

Qeyd edək ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti” 1929-cu ildən bu günədək Dilçilik İnstitutunda hazırlanaraq nəşr edilib. Orfoqrafiya lüğətinin yeni nəşri də Dilçilik İnstitutunun Lüğətçilik üzrə ixtisaslaşmış tanınmış dilçi alimləri və mütəxəssisləri tərəfindən hazırlanıb.

Azərbaycan dilinin son orfoqrafiya lüğəti 2013-cü ildə çap edilib.

2019-cu ildə Nazirlər Kabineti tərəfindən Azərbaycan dilinin yeni orfoqrafiya normaları təsdiqləndikdən sonra yeni lüğətin hazırlanması və çap edilməsi zərurəti yaranıb.

Yeni lüğətdə təxminən 106 min söz var.

Azərbaycan dilinin orfoqrafiya lüğətinin daha əvvəl sentyabr ayında kitab halında nəşr edilərək ictimaiyyətə təqdim olunacağı açıqlanmışdı.