Home Gündəm Jalə Əhmədova: “Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu günbəgün daha da artmaqdadır və...

Jalə Əhmədova: “Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu günbəgün daha da artmaqdadır və ölkəmizdə Almaniya şirkətləri ilə tərəfdaşlığın inkişafı üçün hər cür imkanlar mövcuddur”

156
0
SHARE

Prezident İlham Əliyevin cari ilin 13 mart tarixində Almaniyaya işgüzar səfəri çərçivəsində Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə Azərbaycanın iqtisadi uğurları və hökumətimizin əsas hədəfləri barədə geniş söhbət aparıldı.

Cənab Prezident diqqətə çatdırdı ki, Azərbaycanın inkişafı bizə öz resurslarımıza güvənmək imkanını verdi. Azərbaycan beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsini tamamlamaq üzrədir. Son iyirmi il əsasən enerji sektoru sayəsində sürətli iqtisadi artım illəri olmuşdur. İndi isə hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləməkdir. Çünki ÜDM-in tərkibinə gəldikdə, ÜDM-in əksər hissəsi qeyri-enerji sektorunun payına düşür, lakin biz hələ də əsasən neft və qaz ixrac edirik. Son 20 ildə iqtisadiyyatımız üç dəfədən çox artıb. Bu, dünya rekordu hesab oluna bilər. Eyni zamanda, birbaşa xarici borcun azalması strategiyasına əsaslanaraq, biz xarici borcumuzu azaltmışıq və 2023-cü il yanvarın 1-nə olan məlumata görə, bu, ÜDM-in 10 faizindən aşağı olub.

Cənab Prezident qeyd etdi ki, Azərbaycan Avropa üçün enerji sektorunda etibarlı tərəfdaşdır. Bir ildən az vaxt bundan əvvəl Azərbaycan Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən Avropa üçün enerji sektorunda etibarlı tərəfdaş adlandırılıb. Avropada yeni mənbələrdən təbii qaza olan tələbatın artması ilə əlaqədar, hazırda biz kəmər imkanlarımızı genişləndirməyi planlaşdırırıq.

Ölkə başçısı diqqətə çatdırdı ki, enerji satışından əldə etdiyimiz vəsaiti nəqliyyat infrastrukturuna yönəltmək üçün çox gərgin işlər görülüb. Rusiya-Ukrayna müharibəsi nəticəsində Azərbaycanın nəqliyyat infrastrukturuna tələbat artır. Əlavə maliyyə vəsaitləri ayrılır ki, dəniz limanımızın və dəmir yolu infrastrukturunun imkanlarının artırılması baş tutsun. Ümidvarıq ki, Almaniya şirkətləri bu sahədə bizim tərəfdaşlarımız olacaqlar.

Prezident İlham Əliyev görüşdə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri, “Böyük Qayıdış” adlanan dövlət proqramının həyata keçirilməsi, Qarabağ və Şərqi Zəngəzur bölgələrinin yaşıl enerji zonası elan edilməsi, bununla yanaşı, Naxçıvanı da yaşıl enerji zonasına çevirmək planları, Naxçıvanın böyük ixrac potensialı, Azərbaycandan Avropaya yaşıl enerjinin ötürülməsi üçün Qara dənizin dibi ilə kabelin çəkilməsi məqsədilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış saziş, BP-nin Qarabağın azad olunmuş Cəbrayıl şəhərində 240 meqavat gücündə günəş enerji stansiyasının tikintisində birbaşa xarici sərmayədar olması, Avropada artan tələbatı nəzərə alaraq, qaz hasilatının artırılması, Azərbaycanda bərpaolunan enerji sahəsində qiymətlər, tənzimləyici qaydalar və biznes mühiti, ölkəmizin enerji potensialı, rəqəmsal transformasiya, nəqliyyat infrastrukturunun və gömrük idarəçiliyinin inteqrasiyası üzərində aparılan işlər, Şimal-Cənub nəqliyyat dəhlizi, ərzaq təhlükəsizliyi, Azərbaycanda Regional İnkişaf Proqramları, milli inkişaf strategiyası, təhsil sahəsində əməkdaşlıq kimi mühüm məsələlər barədə Almaniyanın aparıcı şirkətlərinin rəhbərlərini məlumatlandırdı.

Cənab Prezident Almaniyaya səfəri çərçivəsində martın 14-də Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında da Almaniya-Azərbaycan, Avropa İttifaqı-Azərbaycan əlaqələri barədə mühüm məqamlara toxundu. Bildirildi ki, Almaniya biznesi tərəfindən Azərbaycana və Azərbaycan iqtisadiyyatına böyük diqqət ayrılır. Avropada yaşıl keçidə meyillər çox yüksəkdir və bu səbəbdən Azərbaycan uzunmüddətli kontraktlarda maraqlıdır.

Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts isə mətbuat konfransında bildirdi ki, Azərbaycanın Avropaya ixrac edəcəyi qazın miqdarı təbii ki, bizim gələcəyimiz üçün vacibdir və maraqlarımız eynidir.

Bütün bunlar onu göstərir ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu günbəgün daha da artmaqdadır və ölkəmizdə Almaniya şirkətləri ilə tərəfdaşlığın inkişafı üçün hər cür imkanlar mövcuddur.