ABŞ ilə ölkəmiz arasındakı əlaqələrlə bağlı Azərbaycan tərəfinin mövqeyi açıq şəkildə ifadə olunub. İndiki mərhələdə “gərgin” sözünün əvəzinə daha yumşaq terminologiyadan istifadə edə bilərik. Bəli, oktyabr ayında bu, gərgin kimi ifadə oluna bilərdi. Amma gərginliyin yaranmasının səbəbi göz qabağındadır, bunun da təşəbbüskarı Azərbaycan olmayıb, Dövlət katibinin köməkçisinin Konqresdə çıxışından sonra olub. Orada Azərbaycana qarşı qərəzli ifadələr istifadə edilib. Azərbaycan tərəfi tamamilə adekvat olaraq məsələni cavablandırıb.
TAN.AZ xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
“Biz bundan sonra bir sıra müsbət inkişafın şahidi olduq. Bu müsbət inkişaf Dövlət katibinin təşəbbüsü əsasında Azərbaycan Prezidenti ilə telefon danışığı, Dövlət katibinin köməkçisinin Azərbaycana səfəri, səfər kontekstində Azərbaycan-Amerika münasibətləri barədə bir sıra müsbət mesajların verilməsi olub”, – deyə nazir qeyd edib.
Azərbaycanın ABŞ-la münasibətlərin inkişafında hər zaman maraqlı olduğunu söyləyən Ceyhun Bayramov bildirib: “Biz hesab edirik ki, ABŞ və Azərbaycan bir-biri üçün hər zaman yaxşı tərəfdaş olub. İstər enerji təhlükəsizliyi, nəqliyyat məsələləri ilə bağlı, istərsə də qlobal cinayətkarlığa, terrorizmə qarşı mübarizədə və digər istiqamətlərdə çoxsaylı layihələr həyata keçirmişik. Münasibətlərin inkişafında maraqlıyıq”.