Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın təxribatının qarşısını almaq üçün əks-həmlə hücumu zamanı göstərdiyi qəhrəmanlıqlar, erməni işğalçılarına qarşı endirdiyi zərbələr Fransa Prezidenti Emmanuel Makronu çox narahat edir.
Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Rzayev deyib.
Onun sözlərinə görə, cəbhədə son günlər qazandığımız saysız-hesabsız uğurlar və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi ermənilərdən çox, Makronda narahatlıq yaradıb: “Makron bu hərəkəti ilə nəinki özünə, bütün bəşəriyyətə hörmətsizlik edir. Beynəlxalq hüquq normalarına zidd bəyanatlar verir, hansı ki bu bəyanatlar heç bir fakta söykənmir. Makron bu bəyanatları ilə birbaşa Ermənistana tərəf çıxdığını, işğalçılığı birbaşa müdafiə etdiyini, təcavüzkarın yanında olduğunu bəyan edir. O cənab Prezident İlham Əliyevə zəngində də layiqli cavabını aldı. Cənab Prezident bildirdi ki, danışıqların pozulması, eləcə də silahlı qarşıdurmanın yaranmasına görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür”.
T.Rzayev bildirib ki, Makron öz gülünc bəyanatları ilə tarixdən xəbərsiz olduğunu sübuta yetirir: “O, Azərbaycan xalqının tarixinə təmamilə yaddır. Fransa münaqişənin nizamlanması üçün yaradılan ATƏT-in Minsk qrupunun üzvüdür. Həmsədr ölkə müdaxiıə etməsə belə, prosesdə bitərəf olmalı, tərəf saxlamamalıdır. Amma Makron birbaşa işğalçını müdafiə edir. Azərbaycan torpaqlarının bu vaxta qədər işğalda qalmasının əsas səbəbkarlarından biri Fransa dövlətidir. Makron açıq etiraf edir ki, onlar həmişə Ermənistanın yanında olacaq. O hansı əsasla bunu deyir. Fransa BMT-nin Təhlükəsizlik Şurasının üzvüdür və münaqişənin həlli istiqamətində müzakirələrdə iştirak edir. Fransa BMT-nin münaqişə ilə bağlı qəbul etdiyi və bu günə qədər icra olunmayan 4 qətnaməni imzalayan tərəfdir. Bütün dünya qəbul edir ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Amma Makron bu gün bütün sülhsevər bəşəriyyətə hörmətsizlik edir, savadsız dövlət başçısı olduğunu sübut edir. Mən düşünürəm ki, cənab Prezident İlham Əliyev öz fikrində qətiyyətlidir, milli maraqları həmişə üstün tutub və tutmaqda da davam edir. Cənab Prezident bəyan etdi ki, Azərbaycan haqq yolundadır və hüququndan istifadə edib torpaqlarını işğaldan azad edir. Bütün xalq tələb edir ki, Fransa Minsk qrupunun tərkibindən çıxarılsın”.