Cənab Prezident düzgün müəyyən etdiyi xarici siyasi kursla və Qarabağ məsələsində sərgilədiyi qətiyyətli mövqeyi ilə bu gün bir daha bütün dünyaya nümayiş etdirir ki, Azərbaycan özünü, mülki əhalini, beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü bərpa etməkdə tam haqlıdır. Buna qədər danışıqlar seçimini və predmetini əsas tutan ölkə başçımız ədalətə söykənən haqlı mövqeyimizi bütün yüksək kürsülərdən beynəlxalq aləmə eşitdirdi. Erməni provokasiyasına yol vermədi, haqlı mövqeyimizi dəstəkləyən ölkələrin və təşkilatların sayını artırdı, beynəlxalq aləmi tutarlı faktlarla, diplomatik incəliklə məlumatlandırdı, əksər çoxluqda obyektiv mövqe formalaşdırdı. Uzaqgörən siyasət yürüdən cənab Prezident dörd il bundan əvvəl Cəbrayıl rayonunun
Cocuq Mərcanlı kəndini yenidən qurmağa başladı, gözəl qəsəbə salındı. Cənab Prezidentin də qeyd etdiyi kimi Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzinə çevrildi. Bu bir daha göstərdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Beləliklə də, bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başladı. Bu müharibə Azərbaycanın böyük Vətən müharibəsidir. Dağlıq Qarabağ tarixi Azərbaycan torpaqlarıdır və Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuz bu qələbəni bizə yaşadır. Böyük qələbəyə doğru addım-addım irəliləyirik.
Eyni zamanda döyüş yalnız səngərlərdə deyil, həm də informasiya məkanında gedir. Belə ki, erməni xəbər maşını müxtəlif, əsassız saxta xəbərlər istehsal edərək dünya ictimaiyyətini aldatmağa çalışır. Bu gün erməni xəbər maşınının saxta olaraq uydurduğu Suriyadan Azərbaycana muzdluların gətirilməsi iddiasıdır ki, bu xəbər də yalandır. Suriyadan və Livandan olan terrorçuları Dağlıq Qarabağa yerləşdirməklə Cenevrə Konvensiyası da daxil olmaqla
beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistan özüdür. Azərbaycanın yaxşı təlim keçmiş ordusu və böyük səfərbərlik ehtiyatı var. Daha dəqiq desək, Ermənistanda olan 2
milyona qarşı 10 milyon əhalisi olan Azərbaycan insan resurslarına ehtiyac duymur. Bu, sadəcə növbəti feyk-nyusdur. Suriyadan heç bir muzdlu yoxdur. Bu barədə heç bir fakt, heç bir sübut da
yoxdur. Bunu erməni təbliğatı ortaya atıb və müxtəlif saytlarda, müxtəlif kütləvi informasiya vasitələrində dövr etdirirlər. Fransa prezidenti Makron da bu feyk xəbər əsasında Azərbaycan
Prezidenti ilə 2 dəfə telefon əlaqəsi yaratsa da, heç bir dəlil təqdim edə bilmədi. Bu səbəbdəndir ki, heç bir dəlil və sübut təqdim etmədən ölkəni ittiham etmək doğru deyil və bu gün bizə qarşı qəbuledilməz ittihamlar səsləndirən Fransadan bununla bağlı bir dəlil belə almamışıq. Azərbaycan torpağında əcnəbi döyüşçülər yoxdur. Azərbaycan alnıaçıq şəkildə döyüş zonasında
etdiyi əməliyyatları internetdə göstərir. Əgər qarşı tərəfin də belə tutarlı faktı varsa göstərsin. Axı yoxdur. Beləliklə, də bu ittihamların hamısı tamamilə əsassızdır. Bu gün Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır, düşmənə
sarsıdıcı zərbələr endirir, düşməni yerinə oturdur, canı-qanı bahasına düşməni torpaqlarımızdan qovur. Bu şərəfli missiya tarixdə öz yerini tapır. Bütün bu məğlubiyyətdən ağlı başına gəlməyən, qorxaq, cılız Ermənistan Gəncədə, Mingəçevirdə, Xızıda və digər bölgələrdə mülki əhalimizi hədəf alır. Bu hücumların biri belə cavabsız qalmır və Azərbaycan ordusu adekvat olaraq cavablarını verir.
Şəbnəm HƏSƏNOVA
Politoloq