Azərbaycanda inşa edilmiş və ən böyük qurğu olan “Qarabağ” dayaq blokunun bu gün istifadəyə verilməsi olduqca mühüm və əlamətdar hadisədir.
Bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova Prezident İlham Əliyevin iştirakı ilə “Qarabağ” dayaq blokunun istifadəyə verilməsini şərh edərkən deyib.
O bildirib ki, Azərbaycanın bütün uğurlu enerji layihələrinin təməlində bilavasitə ümummilli lider Heydər Əliyevin şəxsi keyfiyyətləri və siyasi uzaqgörənliyi nəticəsində baş tutan “Əsrin müqaviləsi” dayanır:
“Bu, Azərbaycanın enerji siyasətinin əsas özəyini təşkil edir. Müqavilə imzalandığı dövrdə-1994-cü ildə Azərbaycan praktiki olaraq siyasi və iqtisadi blokada vəziyyətində idi. Bu çətin vəziyyətdə ümummilli lider Heydər Əliyev yeddi ölkədən on bir xarici neft şirkətini inandırmağa müvəffəq oldu ki, yenicə müstəqillik əldə etmiş gənc bir dövlətə sərmayə qoysunlar. Tarixdə ilk dəfə olaraq xarici şirkətlər Xəzərdəki neft və qaz yataqlarının işlənilməsində iştirak etməyə başladılar. “Əsrin müqaviləsi” Azərbaycanın dünyaya açıq ölkə olduğunu nümayiş etdirdi. Bu müddətdə Azərbaycanın yeni neft strategiyası və onun doktrinası uğurla başladı. Azərbaycan Heydər Əliyevin cəsarəti və müdrikliyi sayəsində dünyada özünü təsdiq edə bildi. Qeyd olunduğu kimi əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu enerji siyasəti bu gün də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənub Qaz Dəhlizi kimi böyük bir layihənin təşəbbüskarı məhz Azərbaycan Respublikası olmuşdur. Bu layihə Avropanın enerji xəritəsini yenidən cızmaqla qitənin enerji təhlükəsizliyində əhəmiyyətli rola malik olacaq. Hazırda sözügedən layihənin reallaşması istiqamətində son tamamlanma işləri başa çatmaqdadır və Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verməyə hazırdır. Cənub Qaz Dəhlizi bizim tarixi nailiyyətimizdir.
Azərbaycanda inşa edilmiş və ən böyük qurğu olan Qarabağ dayaq blokunun bu gün istifadəyə verilməsi də olduqca mühüm və əlamətdar hadisədir. Belə ki, sözügüdən layihə bir daha göstərir ki, xarici neft şirkətlərinin Azərbaycanın neft-qaz sənayesinə və potensialına marağı daha da artmaqdadır. Texnoloji baxımdan nəhəng və mürəkkəb konstruksiya olan Qarabağ dayaq blokunun istifadəyə verilməsi Azərbaycanın gücünü və qüdrətini göstərir. Qurğu Azərbaycan tərəfindən müasir beynəlxalq standartlara uyğun istehsal olunmaqla yanaşı, Xəzər dənizində ən böyük platformadır. Bu gün Azərbaycan artıq investisiya yatıran və ya sərmayə yatırılan ölkə deyil, həm də böyük investisiya layihələrinin mühüm komponentlərini həll etməyi bacaran şirkətlər yetişdirilmiş ölkədir. Belə ki, Azərbaycan şirkətləri beynəlxalq səviyyədə iş aparmaq potensialına malikdirlər. Bundan əlavə onu da qeyd etmək lazımdır ki, qurğu 100 milyonlarla dəyəri olan yeni texnoloji imkanlara yol açır. Əvvəllər xarici şirkətlərin qazandığı böyük pulları indi yerli şirkətlər qazanır. Eyni zamanda görülən işlərin maya dəyəri aşağı düşür ki bundan da ölkə böyük qazanc əldə edir. “Azəri-Çıraq-Günəşli” yatağının təcrübəsi göstərir ki, “Qarabağ” neft yatağı daha böyük potensiala malik ola bilər. Belə ki, “Qarabağ” neft yatağı daha böyük həcmdə təbii ehtiyatlara malikdir. Görülən işlərin nəticəsi olaraq tam əminliklə deyə bilərik ki, bu gün Azərbaycanda bütün neft-qaz layihələri uğurla icra edilir. Belə nəhəng enerji layihələrini reallaşdırmaqla ölkəmiz Avrasiyanın yeni enerji xəritəsini tərtib edir. Bundan əlavə, ən önəmli məsələ ondan ibarətdir ki, bu cür neft strategiyasının həyata keçirilməsi həm Azərbaycan dövlətinin beynəlxalq arenada nüfuzu baxımından, həm də xalqımızın rifahının yaxşılaşdırılması baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Cənab Prezident İlham Əliyevin yürütdüyü praqmatik və düşünülmüş siyasət nəticəsində bu gün vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıtdığımız kimi, biz doğma Qarabağ torpağımıza da qayıdacağıq.