Home Manşet Vətən yüklü müqəddəs mübarizədə ön cəbhədə döyüşən hərbçilərə ifadə etdiyimiz dəstək cəmiyyətimizin...

Vətən yüklü müqəddəs mübarizədə ön cəbhədə döyüşən hərbçilərə ifadə etdiyimiz dəstək cəmiyyətimizin ümumi ruhunu nümayiş etdirir

335
0
SHARE

Bu günlər xalqımız öz möhtəşəm tarixini yaşayır və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında böyük zəfərlərə imza atırıq. Xəyallarımız həqiqətə çevrilir, milli qürurumuz yüksəlir, sevinc dolu emosiyalar bizi bir millət kimi daha da mökəmləndirir. Ümumi məqsəd uğrunda birləşmişik, həmişəkindən daha güclüyük və Prezidentin ətrafında bir yumruq kimi səfərbər olmuşuq. Vətən torpaqlarının bütövlüyü kimi müqəddəs amalımız var. Hər zamankından daha həmrəyik.

Bu məsuliyyətli tarixi dönəmdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xalqımızın iradəsinin sarsılmaz olması ilə bağlı Trend BİA-ya müsahibəsində bildirdiyi fikirlər cox önəmlidir. Düşmənin bütün əməllərinin, siyasi platformaya əsaslanan iyrənc təxribatlarının, informasiya məkanında məkrli avantüralarının, dinc vətəndaşlara vəhşicəsinə hücumlarının iradəmizi sındıra bilməyəcəyini qeyd edərək, Mehriban xanım Əliyeva bu ədalətli mübarizədə həmrəy olduğumuzu bir daha vurğulayıb.

Vətən yüklü müqəddəs mübarizədə ön cəbhədə döyüşən hərbçilərə ifadə etdiyimiz dəstək cəmiyyətimizin ümumi ruhunu nümayiş etdirir. Dövlətin və xalqın dəstəyi ordumuzun döyüş əzmini daha da möhkəmləndirir. Mehriban xanım Əliyevanın tapşırığı ilə, müharibədən əziyyət çəkmiş insanlara xüsusi qayğı göstərilir, həlak olanların ailəsinə lazımı kömək edilir, yaralıların müalicə olunması, normal həyata qayıtmaları üçün mümkün olan bütün addımlar atılır.

Gənclərimizin vətənpərvərlik ruhu yüksəkdir və onlar Vətən Müharibəsində sözün əsl mənasında hərb salnaməsi yaradırlar. Əminliklə söyləyə bilərik ki, Azərbaycan gəncliyi sağlam mənəvi dəyərlər əsasında tərbiyə olunur. Atalarımız, qardaşlarımız, oğullarımız şərəfli əsgər və zabit mundiri geyinib, Vətən torpaqlarının erməni işğalından azad olunması və sülhün bərqərar olması üçün döyüşür. Yaşadığımız bu həssas məqamda ədalətli mövqeyimizi müdafiə edən hərbçi ailələrinə Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən xüsusi qayğı göstərilir, bu əməllərin arxasında xalqımıza xas olan birlik, həmrəylik, mərhəmət və xeyirxahlıq kimi ali dəyərlər dayanır.

Hər gün aldığımız xoş xəbərlər bizi bir həqiqətə kökləyir: qələbə bizimdir! Qarabağ Azərbaycandır!

Sevil Mikayılova

Milli Məclisin deputatı