Azərbaycan, Bakı. Qalib ölkə, möhtəşəm Zəfərin şəstlə elan edildiyi paytaxt. Bütün dünyanın diqqəti yenə Azərbaycana, onun baş şəhəri Bakıya yönəldi. Dünya bu dəfə 21-ci əsrin ən böyük qələbələrindən birinə, bəlkə də birincisinə şahidlik etdi. Dünya Azərbaycanın qüdrətini, gücünü, şanlı Zəfər tarixini heyranlıqla izlədi. Tariximizin ən möhtəşəm, ən qürurlu günlərini təkrar yaşadıq. Bitməz-tükənməz bu Qələbə sevinci, əsrlər boyu qürurla xatırlanacaq bu heyrətamiz anlar Azərbaycanın əbədi güc mənbəyi, istinadgahı olacaq.
Azadlıq meydanı. Müzəffər Ali Baş Komandan qalib ordusunun Qələbə paradını qəbul etdi. 44 günlük şanlı Vətən müharibəsinin Zəfər səlnaməsi, qəhrəman əsgər və zabitlərimizin nəriltisi, qüdrətli Azərbaycan Ordsunun əzəmətli ayaq səsləri, müasir texnikaların gurultusu dünyanın hər yerindən duyuldu, eşidildi.
Azadlıq meydanı tariximizin çox təzadlı, çox qanlı-qadalı səhifələrinə şahidlik edib. Ötən əsrin sonlarında milli azadlıq hərəkatı, erməni separatçılarının Topxana meşələrini qırmasına ümumxalq etirazı, qanlı 20 yanvar hadisələri, ard-arda yaşanan faciələr, torpaqlarımızın işğalı, dövlət çevrilişlərinə cəhdlər, xaos, anarxiya, özbaşınalıq.
Son illər isə bu meydan güclü və qüdrətli Azərbaycanın ən şanlı tarixini özündə canlandırıb. Sürətlə inkişaf edən ordumuzun gücünü nümayiş etdirən hərbi paradlar, dünya miqyaslı idman yarışları və daha nələr. Bu gün isə görüntü tamamilə başqadır, möhtəşəmdir, inanılmazdır. Bu gün Azadlıq meydanı tariximizin ən böyük, bəlkə də bundan sonra təkrarı olmayacaq ən möhtəşəm paradını qarşıladı. Bu gün Azadlıq meydanı həqiqətən də tam azad, bütöv, suveren Azərbaycanın baş meydanıdır. Artıq Azadlıq meydanının adı həqiqi mənada özünə qayıdıb, ərazi bütövlüyümüz kimi bu meydanın da mahiyyəti tamlaşıb. Qarabağın azadlığının rəmzi olan Qələbə paradı bu müqəddəs meydandan keçdi. Əlbəttə ki, bundan böyük fəxr, qürur ola bilməz.
Bu gün bütün Azərbaycan, bütün türk dünyası ərazi bütövlüyümüzün tamlaşmasını, tarixi ədalətin bərpasını, itirilmiş və sınmış qürurumuzun özümüzə qayıtmasını bayram edir. Döyüş meydanlarında düşmənə qan udduran, işğalçılara heç vaxt unudulmayacaq dərs verən, aslan kimi vuruşan əsgərlərimiz öz komandanının, xalqının qarşısında başı uca, alnıaçıq, üzüağdır. Çünki, Azərbaycan əsgəri ona verilən tapşırığın öhdəsindən mərdliklə və qəhrəmanlıqla gəlməyi bacarıb. Azərbaycan hərbçisi öz gücünü dünyaya necə lazımdırsa göstərə, sübut edə bilib. Sözsüz ki, belə bir ordunun qarşısında heç bir işğalçı, heç bir terrorçu duruş gətirə bilməzdi.
İşğaldan azad edilən şəhər və kəndlərimizə, Qarabağın ürəyi olan Şuşaya sancılan müqəddəs bayraq! Ali Baş Komandanın illər öncə söz verdiyi kimi, bu gün həmin o qələbə bayraqları Bakıya gətirildi, hərbi paradda vüqarla dalğalandı. Bu Qələbə bayrağı dünyanın ən uca bayrağıdır. Bu bayraq dünyanın dörd bir yanından görünür. Bu bayraqla bərabər Azərbaycan xalqının qüruru, mənəviyyatı göylərə ucalır. Çünki bu Qələbə bayrağıdır. Çünki, bu bayraq otuz il həsrətini çəkdiyi Qarabağ torpaqlarında ucalıb. Çünki, bu bayrağı Qalib Ali Baş Komandanın qəhrəman əsgərləri ucaldıb.
Sarsılmaz qardaşlıq, əbədi türk birliyi. Vətən müharibəsindəki qalibiyyətimizi şərtləndirən ən böyük amillərdən biridir bu. Uzun illər Azərbaycanın haqq səsinə səs verən, ədalət mübarizəsinə töhvələr verən qardaş Türkiyənin müharibə dövründəki əvəzsiz mənəvi dəstəyi tarix boyu unudulmayacaq. Bu möhkəm birlik çoxlarına nümunə, görkdür. Türk dünyasının iki ən nəhəng lideri yenə bir sırada, çiyin-çiyinə, fəxrlə dayandı. Qələbə paradını iki qardaş, iki lider birlikdə qarşıladı. Qardaş Azərbaycanın qələbəsi qardaş Türkiyənin qələbəsidir!
Və bir də, hər qarış torpağımız uğrunda canından keçən şəhidlərimizin müqəddəs ruhları. Qarşısında baş əydiyimiz, əbədi ehtiramla andığımız müqəddəs şəhid ruhları rahatdır, Azadlıq meydanının üzərində şadlıqla dolaşır. Şəhid ruhları Azərbaycanın qalibiyyətini ən uca məqamdan izləyir.
Azərbaycan yeni reallıqlar yaradır, yerləşdiyimiz bölgədə tam yeni və fərqli dövr başlayır. Azərbaycan Cənubi Qafqaza elə bir dayanıqlı sülh və təhlükəsizlik gətirir ki, bütün dünyanın taleyi bir çox hallarda bu amillərdən asılı olacaq. Son illərin saysız-hesabsız uğurlarının, güclü və qüdrətli Azərbaycan dövlətinin, dünyaya nümunə olan ordunun, döyüş meydanlarındakı inamlı zəfərlərin, bütün qələbələrimizin müəllifi İlham Əliyevdir. Onunla bütün Azərbaycan, bütün türk dünyası fəxr edir, qürur duyur!
Sahil Kərimli
Trend Beynəlxalq İnformasiya Agentliyinin Baş redaktor müavini