Home Manşet Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva muğam sənətinin inkişafına böyük...

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva muğam sənətinin inkişafına böyük diqqət ayırır – Murad Hüseynov

319
0
SHARE

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva muğam sənətinin inkişafına böyük diqqət ayırır.

Bunu Trend-ə Beynəlxalq Muğam Mərkəzinin direktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, xalq artisti Murad Hüseynov deyib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa şəhərini ölkənin mədəni paytaxtı elan etməsi, Bakı, Sumqayıt, Ağdam, Füzuli, Ağcabədi rayonlarda bir neçə muğam mərkəzlərinin açılması işğaldan azad edilmiş ərazilərdə də muğam mərkəzlərinin açılacağı qədim Azərbaycan sənəti olan muğamın gələcək təbliğatı üçün mühüm hadisələrdir:

“Həmişə zəngin mədəni həyatı ilə məşhur olmuş Şuşa milli poeziya və musiqinin beşiyidir. Burada qədim və özünəməxsus muğam yaranıb və bu sənəti Şuşa məktəbinin Xan Şuşinski, Zülfi Adıgözəlov, Keçəçi Məhəmməd, Əbülfət Əliyev, Hacı Hüsü, Mir Möhsün Nəvvab, Sadıqcan, Məşədi Məmməd Fərzəliyev, Bülbülcan, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Məşədi Cəmil Əmirov, Qurban Pirimov, Məcid Behbudov, Xarrat Qulu kimi ustaları daha da məşhurlaşdırb. Vurğulamaq lazımdır ki, muğam tədris olunan ilk məktəb məhz Şuşada açılıb”.

M.Hüseynov qeyd edib ki, Vaqif poeziya günlərinin, “Xarı bülbül” festivalının bərpa olunması, Şuşada muğam müsabiqələri və festivallarının keçirilməsi ölkənin mədəni həyatında vacib hadisələr olacaq:

“Bu qədim şəhərə dünyanın hər yerindən qonaqlar gələcək. Şuşada yenidən musiqi məktəbləri açılacaq və istedadlı gənclər yetişdiriləcək. Mən torpaqlarımızın erməni işğalından azad edilməsinə görə Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevə dərindən minnətdaram. Azərbaycan torpağının hər qarışı müqəddəsdir, amma Şuşa bizim üçün daha əzizdir. Çünki bu şəhər hər bir azərbaycanlının qəlbi və ruhudur”.

Beynəlxalq Muğam Mərkəzinin direktorunun sözlərinə görə, Azərbaycan zəngin musiqi sənətinə malikdir, muğam isə milli sərvətimizdir:

“Bu qədim musiqi janrının dünya səviyyəsində tanınmasında muğamın inkişafı və təbliği üzrə fundamental işə töhfəsini vermiş Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rolunu xüsusi qeyd etmək istərdim. Məhz Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin fərmanı ilə 2008-ci ildə dünyada yeganə Beynəlxalq Muğam Mərkəzi açılıb. Azərbaycan çiçəklənməyə davam edəcək və bütün dünyaya qədim tarixini, mədəniyyətini, ənənələrini, tolerantlığını, multikulturalizmini nümayiş etdirəcək, Beynəlxalq Muğam Mərkəzi isə bu prosesə öz töhfəsini verəcək”.