Home Cəmiyyət Tahir Rzayev: Hər birimiz Azərbaycan dilini mükəmməl bilməli və sevməliyik

Tahir Rzayev: Hər birimiz Azərbaycan dilini mükəmməl bilməli və sevməliyik

432
0
SHARE

Xalq dili, tarixi, mədəniyyəti, sənəti ilə tanınır. Əgər öz ana, doğma dilini bilməyən bir kimsə varsa, o heç vaxt tarixini, mədəniyyətini, sənətini düzgün qiymətləndirə bilməz. Çünki hər birimiz öz dilimizə hörmətlə yanaşmalıyıq, onun qədrin bilməliyik, onun saflığı uğrunda mübarizə aparmalıyıq. Dil anamızın dilidir, o, bizə, bizim varlığımıza təsir edən bir ünsiyyət vasitəsidir.

Bunu tan.az-a özəl açıqlamasında millət vəkili, şair Tahir Rzayev deyib.

Qeyd edib ki, ancaq çox təəssüflər olsun ki, bir çox hallarda dilimizə, onun varlığına laqeyd yanaşırıq. Başqa dilləri bilməklə, başqa dillərdə danışmaqla özümüzdə bir fəxarət hiss edirik, özümüzü daha mədəni insan sayırıq.

“Xeyr, bu, düzgün deyil. Təbii ki, çox dil bilmək gözəldir, yaxşıdır, mədəniyyətli, yüksək intellektə sahib olmaqdır. Amma öz ana dilini bilməmək, o dildə yazmağı, özünü ifadə etməyi bacarmamaq, bu, çox böyük qəbahətdir. Yadınızdadırsa, bir neçə il öncə Milli Məclisin iclaslarından birində də dedim ki, bizim bir çox imkanlı adamlarımız xarici ölkələrdən dayələr tapıb gətirirlər, hər ay onlara 10-15 min pul, məvacib verib, uşaqlarını xarici dildə danışmağı öyrətdirirlər, Azərbaycan dilində danışmağı ailədə qadağan edirlər. Bu, var idi, bu gün də var.

Bir çox imkanlı adamlar var ki, bu gün də öz dilimizə laqeyd yanaşırlar, küllü miqdarda xərc çəkir, başqa ölkələrdən müəllimlər, dayələr dəvət edir və həmin müəllimlərin, dayələrin adət-ənənəsini evdəki, ailədəki uşaqlar götürür, onlar o psixologiyada böyüyür. Böyüyəndən sonra da yad, əcnəbi dildə danışır və təbii ki, onun Azərbaycan tarixindən, mədəniyyətindən, sənətindən, ədəbiyyatından xəbəri olmur və olmayacaq. Əgər doğrudan da, mən öz tariximi, keçmişimi, mədəniyyətimi bilmirəmsə, onu heç bir xarici ölkədə təbliğ edə bilmərəm. Və heç bir ölkəyə, heç bir xalqa sübut edə bilmərəm ki, mən Azərbaycan xalqının oğluyam, övladıyam. Biz öz dilimizdə öz tariximizi, öz mədəniyətimizi, öz sənətimizi öyrənməliyik. Öz dilmizdə mədəniyyətimizi təbliğ etməliyik, öz dilimizdə öz sənətimizə qiymət verməliyik”-deyən millət vəkili ancaq çox təəssüf edir ki, bu gün bəzi adamlar öz ana dilinə laqeyd, hörmətsiz münasibət bəsləyir. Üstəlik yad dillərdə danışmağı bir mədəniyyət, üstünlük hesab edir.

“Əslində, bu, mədəniyyət deyil, mədəniyyətsizlikdir. Xalqa, dilə hörmətsizlikdir. Çünki yenə deyirəm, biz anamızın dilini mükəmməl bilməliyik, o dildə mükəmməl yazıb, oxumalıyıq. Biz o dildə sərhədləri aşmalıyıq, biz o dildə Azərbaycanı tanıtmalıyıq, təbliğ etməliyik. Deputat həmkarım Hikmət Babaoğlu da son yazısında bu mövzuya toxunub, çox tutarlı fikirlərlə Azərbaycan dilinin gözəlliyini vəsf edib, qələmə alıb, real faktlarla bugünün həqiqətlərini qiymətləndirib. Ulu Öndərdən misal gətirib: “Azərbaycan dilini bilmədən əsl azərbaycanlı olmaq mümkün deyil”.
Çox gözəl fikirdir. Mən necə azərbaycanlıyam ki, öz dilimi bilmirəm, amma özümü azərbaycanlı adlandırıram?! Ona görə biz orta məktəblərimizdə Azərbaycan dilinin, Azərbaycan tarixinin təbliğinə, Azərbaycan mədəniyyətinin yayılmasına üstünlük verməliyik. Çalışmalıyıq ki, keçmişimizlə, bugünümüzlə, inkişafımızla bağlı həqiqətləri real faktlar əsasında yayaq, təbliğ edək. Bunu yaya, təbliğ edə, çatdıra biliriksə, biz nəsə demiş oluruq, yox, biz bunları çatdıra, yaya bilmirəksə, bir əcnəbi ilə onun dilində danışırıqsa, o üzdə ola bilsin ki, öz münasibətini bildirməsin, amma arxada o bizə gülür. Gülür ki, azərbaycanlı öz dilini bilmir, azərbaycanlı öz tarixini, öz mədəniyyətini bilmir, qiymətləndirmir, özünə qiymət vermir, hörmət qoymur, Biz ilk növbədə bir xalq olaraq, özümüzü tanımalıyıq, özümüzün kim olduğunu dərk etməliyik, biz özümüz özümüzü tanıtdırmalıyıq.

Tanıtdırmalıyıq, ki, dünyanın ən gözəl, ən səlis, ən məlahətli dillərindən biri məhz Azərbaycan dilidir, bizim doğma ana dilimizdir. Çalışmalıyıq ki, Azərbaycan dili dünyada tanınsın, Azərbaycan dili dünyada təbliğ olunsun, Azərbaycan dili beynəlxalq tədbirlərin yaraşığı olsun və o dildə danışmaq bizim eyib olmasın, əslində öz dilimizdə danışmaqla fəxr edək, fəxarət duyaq. Fəxarət duyaq ki, mən öz dilimdə mötəbər tədbirlərdə Azərbaycanı təbliğ etdim, Azərbaycan naminə nəsə bir iş gördüm. Əlbəttə, müəyyən məsələlər, görüşlər var ki, orada başqa dillərdə danışmaq mümkündür, lazımdır, ancaq yenə də deyirəm, hər bir vəzifə sahibi, hər bir dövlət məmuru, hər bir millət vəkili, hər bir vəzifə daşıyan şəxs öz dilinə qayğı ilə yanaşmalıdır, öz dilinin mükəmməl bilməlidir.

Mən bir vətəndaş, bir millət vəkili, bir ziyalı olaraq, elə bilirəm ki, öz dilini bilməyənlər yüksək vəzifələrə gəlməməlidirlər. Onlar yüksək vəzifə tutmamalıdırlar. Çünki bu, insanlarda bir qıcıq doğurur, qıcığa səbəb olur ki, müəyyən rəhbər vəzifədə olanlar hələ də öz ana dillərində mükəmməl danışa bilmirlər, öz fikirlərini aydın izah edə bilmirlər. Bu insanlar ölkə rəhbərindən, Prezidentimiz cənab İlham Əliyevdən nümunə, ornək götürsünlər. Görsünlər ki, dövlət başçımız bir necə xarici dili bilməklə, o dillərdə gözəl danışmaqla, həm də Azərbaycan dilində, doğma dilimzdə necə səlis, mükəmməl danışır, fikirlərini necə mükəmməl şəkildə çatdıra, ifadə edə bilər. Ona görə bir daha hesab edirəm ki, çox dil bilmək vacibdir, lazımdır, amma öz doğma ana dilini bilmək, ana dilində danışmaq ondan da vacibdir. Bu, ən böyük şərəfdir”–deyə, T. Rzayev daha sonra sözlərinə əlavə edib.