Home Manşet Şəbnəm Həsənova: Ordumuzun döyüş şövqü və xalqımızın ruh yüksəkliyi ən üst səviyyədədir

Şəbnəm Həsənova: Ordumuzun döyüş şövqü və xalqımızın ruh yüksəkliyi ən üst səviyyədədir

738
0
SHARE

Müharibə zamanı iki amil əhəmiyyət kəsb edir. Bunlardan birincisi ordunun hərbi texniki və kadr potensialı baxımından nə qədər hazırlıqlı olmasıdırsa, ikincisi və ən az birincisi qədər önəm daşıyan məsələ ordunun mənəvi və psixoloji vəziyyəti və ruh yüksəkliyi ilə bağlıdır. Hal-hazırda bu iki amili Ermənistan və Azərbaycanın simasında dəyərləndirsək arada olan fərq uçurum qədər dərindir. Azərbaycan nəinki hərbi texniki və kadr potensialı baxımından güclüdür, eyni zamanda ordumuzun döyüş şövqü yüksəkdir. Belə ki, bu gün Ermənistanda gənclər ordudan yayındığı halda, və ya yaxud da postları, silah-sursat və texnikalarını ataraq ərazidən qaçdığı halda, hər bir Azərbaycan gənci orduya könüllü yazılır, valideynlər böyüdüb, boya-başa çatdırdığı övladlarını “Vətən sağ olsun” deyərək cəbhəyə yola salırlar. Bütün xalqımız da əsgərlərlə qürur duyur, çünki hər bir Azərbaycan döyüşçüsü, əsgəri öz balamız, qardaşımız qədər əzizdir. Bizdən fərqli olaraq erməni əsgərində isə abstrakt düşüncə mövcuddur, o bilmir ki, nəyin uğrunda döyüşür, çünki mövcud hakimiyyət tərəfindən güc tətbiq edilərək səngərə göndərilib. Onlardan fərqli olaraq Azərbaycan əsgəri səngərdə canla-başla döyüşür, çünki konkret olaraq öz tarixi dədə-baba torpaqlarımız uğrunda döyüşdüklərinin fərqindədirlər. Xalqımızın ruh yüksəkliyi ən üst səviyyədədir. Fərq etməz yaşlı nəsil, ya cavan nəsil küçədə kimə yaxınlaşıb soruşsan hər kəs Ali Baş Komandana, orduya dəstək olduqlarını ifadə edir. Azərbaycan xalqının Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi də Ermənistanı qorxuya salır. Çünki Ermənistan Azərbaycana sadəcə səngərdə məğlub olmur, bu ölkədə dərin siyasi böhran yaşanır. Azərbaycanda isə Ali Baş Komandan-Ordu-Xalq həmrəyliyi çox sıx şəkildə bir-birilə bağlıdır. Ən vacib məsələlərdən biri də odur ki, cəbhə bölgəsində yaşayan insanlarımız evlərini tərk etmirlər. “Torpağımızı qoyub heç yerə gedən deyilik” deyərək ən az səngərdəki əsgər qədər qəhrəmanlıq və əzm nümayiş etdirirlər.

Nəinki Azərbaycanda yaşayan, dünyaya səpələnən həmvətənlərimiz də Ali Baş Komandana və Azərbaycan Silahlı Qüvvələrinə dəstək nümayiş etdirir, uşaqdan böyüyə hər kəs Qarabağ eşqi ilə yaşayır. İnsanlarda torpaqlarımızın işğaldan azad olunacağına dair dərin inam mövcuddur. Cənab Prezidentin Mərkəzi Hərbi Klinik Hospitalda yaralı hərbçilərlə görüşməsi də Ali Baş Komandanla ordu arasında olan sıx vəhdətin əyani təzahürüdür. Bu görüş əsgərlər üçün çox böyük ruh yüksəkliyi olmaqla yanaşı düşmənə də tutarlı gözdağıdır ki, Ali Baş Komandan hər bir əsgərinə diqqət göstərir. Mövcud vəziyyət ondan xəbər verir ki, terrorçulardan təşkil edilmiş işğalçı Ermənistan ordusu öz tarixi torpağı uğrunda döyüşən şanlı Azərbaycan Ordusu qarşısında aciz vəziyyətdədir. Əminik ki, qüdrətli ordumuz bizi yalnız qələbə xəbərləri ilə sevindirəcək. Eşq olsun Ali Baş Komandanımıza, şanlı ordumuza və mübariz xalqımıza. Heç şübhəsiz ki, tarixi ədalət də, beynəlxalq hüquq da bizim tərəfimizdədir. Hər kəsə Qələbə sevincini yaşamaq qismət olsun. Hörmətli Birinci-vitse Prezident Mehriban xanım Əliyevanın son dərəcə nəcib formada ifadə etdiyi kimi “Qoy, Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”

Şəbnəm HƏSƏNOVA

Politoloq